Azərbaycan Respublikası Mərkəzi
Seçki
Komissiyasının 5 oktyabr 2005-ci il tarixli
32/149 saylı
Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərin keçirildiyi vaxtı
və yeri barədə seçicilərin məlumatlandırması
üçün bildirişlərin onlara paylanmasına (çatdırılmasına)
dair
Q A Y D A L A R
Bildiriş aktiv seçki hüququ olan vətəndaşların
seçkilərdə iştiraka dəvət vasitəsidir. Bu sənəd
seçkinin keçirilmə vaxtını və səsverməyə dəvət
olunan şəxsin hüququnu həyata keçirəcəyi seçki
məntəqəsinin yerini dəqiq müəyyənləşdirməyə
kömək edir.
Seçicilərin məlumatlandırılması vasitəsi kimi,
bildirişin hazırlanması və vətəndaşlara çatdırılması
üçün müvafiq seçki komissiyaları məsuliyyət
daşıyırlar.
Bildirişlərin forması, sayı və hazırlanmasına
aid tələblər Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası tərəfindən səsvermə gününə
azı 40 gün qalmış təsdiq edilir, bildirişlər
müəyyən olunmuş formada və sayda poliqrafiya
müəssisəsində hazırlanır. Bildiriş blankları
poliqrafiya müəssisəsindən alındıqdan sonra,
səsvermə gününə azı 15 gün qalmış müvafiq dairə
seçki komissiyasına onların sayı və verilmə
tarixi göstərilməklə akt əsasında verilir. Həmin
akt dairə seçki komissiyasının sədri və katibləri,
həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyi
struktur bölməsinin rəhbəri tərəfindən möhürlənir
və imzalanır.
Hər bir məntəqə seçki komissiyasına verilən
bildirişlərin sayı dairə seçki komissiyasının
qərarı ilə müəyyənləşdirilir, səsverməyə 10
gün qalmışadək müvafiq akt tərtib edilməklə
dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına
yuxarıda göstərilən qaydada verilir.
Məntəqə seçki komissiyası bildirişləri səsvermə
gününə 7 gün qalanadək seçicilərə çatdırır.
Bildirişlərin paylanması prosesində məntəqə
seçki komissiyasının üzvləri ilə yanaşı, müvafiq
qurumların (ərazi üzrə mənzil-istismar sahələrinin
və s.) nümayəndələri də iştirak edə bilərlər.
Bildirişlər yaşayış və iş yerləri üzrə seçicilərə
şəxsən çatdırılır. Şəxsin özü müəyyən səbəblərdən
yaşayış və ya iş yerində olmadıqda, bildiriş
onun yetkinlik yaşına çatmış ailə üzvünə və
ya işlədiyi idarənin, təşkilatın, müəssisənin
müdiriyyətinə təqdim edilə bilər. Dairə seçki
komissiyası tərəfindən qaytanlanıb möhürlənmiş
və səhifələnərək məntəqə seçki komissiyasına
verilmiş jurnalda bu barədə müvafiq qeyd aparılmalıdır.
Bildirişlərin seçicilərə çatdırılması üçün bilavasitə
məntəqə seçki komissiyası məsuliyyət daşıyır.
Bildirişin təqdim edilməsi buna məsul şəxs tərəfindən
jurnal üzrə aparılır və çatdırılması mümkün
olmadıqda, onun səbəbləri həmin jurnalda qeyd
olunmalıdır.
Bildirişlərin seçicilərə təqdim olunmasının
yetkinlik yaşına çatmayanlara, o cümlədən məktəblilərə
həvalə edilməsi yolverilməzdir.
Bildirişlərin paylanması barədə statistik məlumatlar
məntəqə seçki komissiyası tərəfindən dairə seçki
komissiyasına və elektron poçt vasitəsilə Mərkəzi
Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya
Mərkəzinə ötürülür.
Dairə seçki komissiyası həmin işlə bağlı toplanılan
məlumatları yekunlaşdıraraq, Mərkəzi Seçki Komissiyasına
verilməsini təmin edir.