. : TƏLİMATLAR



Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının
21/89 saylı Qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə hərbi qulluqçuların iştirakına dair

T Ə L İ M A T


1. Bu Təlimat Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 35.5, 36.7, 46.6, 46.9 və 47.3-cü maddələrinə, həmçinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi qulluqçuların statusu haqqında” Qanun) 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə (bundan sonra – Milli Məclis) seçkilərdə hərbi qulluqçuların iştirakına və hərbi hissələrdə yaradılmış seçki məntəqələrinin fəaliyyətinə dair qaydaları müəyyən edir.
2. Həmin Təlimatda hərbi qulluqçu dedikdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə müddətli və müddətdən artıq həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur.
3. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, Seçki Məcəlləsinin 12.1 və 13.1-ci maddələrinin, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə əsasən hərbi qulluqçular Milli Məclisə seçkilərdə Azərbaycan Respublikasının digər vətəndaşları kimi, aktiv və passiv seçki hüququna malikdirlər.
3.1. Hərbi qulluqçuların Milli Məclis deputatlığına namizədliyi Seçki Məcəlləsinin 53 – 54-cü maddələrində göstərilən qaydada və əsaslarla irəli sürüldükdə, onlar Seçki Məcəlləsində və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qəbul etdiyi müvafiq normativ-hüquqi aktlarda bütün namizədlər üçün təsbit olunmuş bərabər hüquq və vəzifələrə malikdırlər.
3.2. Deputatlığa namizədliyi irəli sürüldükdə, bu barədə hərbi qulluqçu qanunvericiliyə uyğun qaydada özünün birbaşa komandirinə məlumat verir.
3.3. Eyni zamanda, Milli Məclisə seçkilərdə hərbi qulluqçular xidməti vəzifələrinin icrasından müvəqqəti azad edilmək şərtilə, deputatlığa namizədlərin irəli sürülməsində, seçici imzalarının toplanmasında, seçkiqabağı təşviqatda iştirak edə bilərlər.
3.4. Hərbi qulluqçular Milli Məclisə seçkilərdə səsvermə hüququnu həyata keçirərkən Azərbaycan Respublikasının digər vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
4. Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən müddətli hərbi qulluqda xidmətdə olan vətəndaşlar ümumi seçki məntəqələrində səs verirlər. Bu halda onlar seçki məntəqəsinə hərbi hissə komandirinin müəyyənləşdirdiyi qaydada və hərbi hissənin ayırdığı nəqliyyat vasitələri ilə çatdırılır.
5. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız aşağıdakı halda yol verilir:
5.1. hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım gəldikdə və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olduqda.
6. Ən yaxın seçki məntəqəsinədək olan məsafədən və hərbi qulluqçuların sayından asılı olmayaraq, sərhəd qoşunları hissələrində, hərbi münaqişə zonasında yerləşən hərbi hissələrdə, həmçinin xüsusi rejim şəraitində xidmət edən hərbi qulluqçular müvafiq hərbi hissələrin ərazilərində yaradılan seçki məntəqələrində səs verirlər.
7. Hərbi hissələrin ərazilərində seçki məntəqələri səsvermə gününə ən azı 50 gün, müstəsna hallarda isə 5 gün qalmış yaradılır.
7.1. Hərbi hissə ərazisində yaradılan seçki məntəqəsinin məntəqə seçki komissiyası müvafiq seçki dairəsinin dairə seçki komissiyası tərəfindən təşkil edilir.
7.2. Hərbi hissədə yerləşdirilən hərbi qulluqçuların, hərbi hissənin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçuların aktiv seçki hüququna malik olan ailə üzvlərinin və digər seçicilərin sayı 100-dən az və 50-dən çox olduqda, hərbi hissənin ərazisində yaradılan seçki məntəqəsi üzrə seçicilərin ümumi yığıncağı keçirilərək, onların sırasından açıq səsvermə yolu ilə məntəqə seçki komissiyası seçilir. Hərbi hissənin ərazisindəki seçki məntəqəsi məntəqə seçki komissiyasının tərkibi də 6 nəfərdən ibarət olur. Məntəqə seçki komissiyası təşkil edildikdən sonra onun tərkibi Seçki Məcəlləsinin 36.7-ci maddəsinə əsasən müvafiq dairə seçki komissiyası tərəfindən təsdiq olunmalıdır.
7.3. Hərbi hissənin ərazisində yaradılan seçki məntəqəsinin hüdudları qismində müvafiq hərbi hissə ərazisinin hüdudları götürülür.
7.4. Hərbi hissənin ərazisindəki seçki məntəqəsinin məntəqə seçki komissiyası ümumi əsaslarla yaradılan məntəqə seçki komissiyası üçün Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi müvafiq reqlament, təlimat və izahlarda nəzərdə tutulan bütün salahiyyətləri həyata keçirir.
8. Hərbi hissənin ərazisində seçki məntəqəsi yaradılmadıqda hərbi qulluqçular seçici siyahılarına aşağıdaki qaydada daxil edilir:
8.1. hərbi hissənin ərazisindən kənarda daimi yaşayan hərbi qulluqçular müvafiq seçki dairəsinin seçici siyahılarına yaşadıqları yer üzrə ümumi əsaslarla daxil edilirlər. Həmin şəxslərin seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilməsi üçün Seçki Məcəlləsinin 47.2-ci maddəsinə uyğun olaraq, onların müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşaması faktı əsas götürülür.
8.2. Hərbi hissələrdəki hərbi qulluqçular, hərbi hissənin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçuların ailə üzvləri və digər seçicilər Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların, yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissənin ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin təsdiqlədiyi hərbi hissədə daimi və daha çox yaşama faktı əsas götürülməklə, müvafiq seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilirlər. Göstərilən şəxslər barəsində məlumatlar hərbi hissə komandiri tərəfindən toplanıb dəqiqləşdirilir və səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edilir.
9. Hərbi hissə ərazilərində yaradılan seçki məntəqələrində səs verməli olan hərbi qulluqçuların, onların ailə üzvlərinin və digər şəxslərin siyahısı hərbi hissə komandirlərinin təqdim etdiyi məlumatlar əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 25 gün qalmış təsdiq edilir.
10. Hərbi qulluqçular Seçki Məcəlləsinin 46-cı maddəsində və Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatında göstərilən qaydada seçicilərin daimi siyahısına daxil edildikdən sonra onlara məntəqə seçki komissiyaları tərəfindən seçici vəsiqəsi verilir.
10.1. Hərbi qulluqçuların seçicilər siyahısına daxil edilməsi, seçicilər siyahısından çıxarılması, seçicilər siyahısı ilə tanış edilməsi, onlara qeydiyyatdançıxma vəsiqələrinin verilməsi qaydası seçki hüququ olan digər Azərbaycan Respublikası vətəndaşları üçün Seçki Məcəlləsi, Mərkəzi Seçki Komissiyasının yuxarıda göstərilən məsələlərə dair qayda, izah və təlimatları ilə müəyyən edilir.
11. Hərbi hissə ərazilərində yaradılmış seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermə günü iş qaydası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının müfafiq Təlimatı ilə nizamlanır.
11.1. Hərbi hissələrin ərazilərində yaradılmış seçki məntəqələrində seçki komissiyasının işlədiyi otaqlara və səsvermə otağına seçki komissiyaları üzvlərinin, qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərin, siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərin, yerli və beynəlxalq müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.
Bunun üçün hərbi hissə ərazilərindəki seçki məntəqələri elə yerləşdirilməlidir ki, hissənin xidmətkeçmə və iş rejimi pozulmadan yuxarıda göstərilən şəxslərin seçki məntəqəsinə sərbəst gediş-gəlişi və orada olarkən öz səlahiyyətlərini tam həyata keçirməsi mümkun olsun.
Hərbi hissə ərazisində yaradılan seçki məntəqələrinin və hərbi hissənin adi, normal iş rejiminin təmin edilməsi məqsədilə həmin məntəqələr hərbi hissə ərazisinin girişinə yaxın yerdə təşkil edilə bilər.
11.2. Hərbi qulluqçular səsvermə günü seçki məntəqəsinə gəldikdə onlara seçki bülleteni seçici vəsiqəsilə birlikdə zabitin hərbi vəsiqəsi və ya hərbi bilet təqdim edildikdə verilir.
12. Hərbi hissə ərazilərində yaradılan seçki məntəqələrində səslərin hesablanması və məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması Seçki Məcəlləsinin 100-cü və 106-cı maddələrinə, həmçinin Mərkəzi Seçki Komissiyasının müvafiq Təlimatına əsasən həyata keçirilir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası