Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının 21 iyul 2005-ci il tarixli
17/66 saylı
Qərarı ilə təsdiq edilmişdir.
Seçki komissiyalarının məşvərətçi səs
hüquqlu
üzvlərinin statusu haqqında
T Ə L İ M A T
Seçki komissiyasının
tərkibində fəaliyyət göstərən məşvərətçi səs
hüquqlu komissiya üzvünün statusu Azərbaycan
Respublikası Seçki Məcəlləsi və bu Təlimata
uyğun olaraq müəyyənləşdirilir.
1. Qeydə alınmış namizəd və ya namizədi qeydə
alınmış siyasi partiya, siyasi partiyalar bloku
seçkilər zamanı müvafiq seçki komissiyasının
tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin
edə bilərlər.
2. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda
namizəd irəli sürmüş və ya namizədləri qeydə
alınmış siyasi partiya, siyasi partiyaların
blokları hər bir seçki komissiyasının tərkibinə
bir məşvərətçi səs hüquqlu komissiya üzvü təyin
edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə
qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına
və seçki dairəsinin ərazisində yerləşən hər
bir məntəqə seçki komissiyasına bir məşvərətçi
səs hüquqlu üzv təyin edə bilərlər.
3. Seçki komissiyalarının tərkibinə məşvərətçi
səs hüquqlu üzv təyin etmək üçün müvafiq seçki
komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi
barədə yazılı ərizə. Ərizədə məşvərətçi səs
hüquqlu üzvün təyin edildiyi seçki komissiyası,
məşvərətçi səs hüquqlu üzvün soyadı, adı, atasının
adı, doğum tarixi, əsas iş və ya xidmət yeri;
tutduğu vəzifə ( bu olmadıqda fəaliyyət növü),
yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsi və
ya onu əvəz edən sənədin seriya və nömrəsi göstərilməlidir
(Təlimata 1 və 2 saylı əlavələr);
3.2. 2 ədəd 3×4 ölçüdə fotoşəkil;
4. Siyasi partiya, siyasi partiyalar bloku müvafiq
seçki komissiyalarının tərkibinə məşvərətçi
səs hüquqlu üzv təyin etmək üçün aşağıdakı sənədləri
təqdim edirlər:
4.1. Siyasi partiyaların, bloka daxil olan siyasi
partiyaların birgə iclasının, qurultayının,
konfransının məşvərətçi səs hüquqlu üzv təyin
etmələri barədə qərarına əsasən müvafiq təqdimat
(Təlimata 3, 4, 5 və 6 saylı əlavələr);
4.2. 2 ədəd 3×4 ölçüdə fotoşəkil.
Qeyd: Yuxarıda qeyd olunan sənədləri müvafiq
seçki komissiyasına birmandatlı seçki dairəsi
üzrə qeydə alınmış namizəd, namizədin səlahiyyətli
nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiya
və ya siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələri təqdim edirlər:
Müvafiq seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin
40.15-ci maddəsinin tələbinə uyğun olaraq məşvərətçi
səs hüquqlu komissiya üzvünə onun statusunu
müəyyən etməyə imkan verən soyadı, adı, atasının
adı göstərilmiş və fotoşəkil olan lövhəcik verilir
( bu Təlimata 7, 8, 9, 10, 11 və 12 saylı əlavələr).
Səsvermə günü səsvermə otağında olarkən məşvərətçi
səs hüquqlu üzvün həmin lövhəciyi olmalıdır.
5. Qeydə alınmış namizədlər, namizədi qeydə
alınmış siyasi partiya və siyasi partiyaların
blokları tərəfindən irəli sürülmüş məşvərətçi
səs hüquqlu üzvləri müvafiq seçki komissiyası
tərəfindən 3 gün müddətində təsdiq edilir və
həmin şəxsə vəsiqə verilir ( bu Təlimata 13,
14, 15, 16, 17 və 18 saylı əlavələr).
6. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu
üzvləri aşağıdakı hüquqlara malikdirlər:
6.1 müvafiq seçki komissiyasının iclası barədə
vaxtında məlumatlandırılmaq;
6.2 müvafiq seçki komissiyasının səlahiyyətlərinə
aid məsələlər üzrə təkliflər vermək, seçki komissiyasının
iclasında çıxış etmək və bu məsələlər üzrə səsvermə
keçirilməsini təklif etmək;
6.3 seçki komissiyası iclasının digər iştirakçılarına
gündəlikdəki məsələrə aid suallar vermək və
mahiyyəti üzrə cavablar almaq;
6.4 hər bir seçki sənədi (o cümlədən, seçici
siyahıları, seçki bülletenləri) ilə, aşağı seçki
komissiyasının seçki sənədləri ilə tanış olmaq,
sənədlərin (seçici siyahıları, seçki bülletenləri
və seçici vəsiqələri istisna olmaqla) surətlərini
almaq, qanunla dövlət, kommersiya sirri və başqa
sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə
tanış olmaq;
6.5. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu
üzvü müşahidəçi qismində aşağıdakı hüquqlara
malikdir:
6.5.1. müşahidəçi qismində seçkilərin gedişini
izləmək ;
6.5.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki
məntəqəsinin səsvermə otağında olmaq;
6.5.3.seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflərin və seçki bülletenlərinin verilməsini
müşahidə etmək;
6.5.4. səsvermə otağından kənarda seçicilərin
səs verməsini müşahidə etmək;
6.5.5. seçicilərin sayını hesablamaq, seçki
bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin
sayılmasını müşahidə etmək;
6.5.6. müşahidənin nəticələrinin seçki komissiyasının
protokoluna əlavə olunmasını tələb etmək;
6.5.7. müşahidə aparmağı təmin edən şəraitdə
və müəyyən məsafədən seçicilərin səslərinin
hesablanmasına, seçicilərin səsləri hesablanarkən
seçki bülleteninin qoyulması üçün zərfə, doldurulmuş
və ya doldurulmamış hər bir seçki bülleteninə
səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq,
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında seçki komissiyasının protokulu və digər
sənədlərlə tanış olmaq;
6.5.8. səsvermənin təşkili ilə əlaqədar təklif
və iradlarla məntəqə seçki komissiyasının sədrinə,
o, olmadıqda isə onu əvəz edən şəxsə müraciət
etmək;
6.5.9.seçki komissiyalarının sənədlərinin, o
cümlədən səsvermənin nəticələri və seçkilərin
yekunları haqqında protokolların, səsvermə günü
seçki komissiyasının işə başladığı və seçki
qutularının möhürləndiyi andan seçki komissiyaları
tərəfindən səsvermənin nəticələri haqqında protokolların
qəbul edilməsinədək seçki komissiyaları tərəfindən
tərtib edilmiş və ya onlara daxil olmuş qoşma
sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini
haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə
nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilən haqq ödənilməklə çıxarmaq və
ya almaq, səsvermədə iştirak edən şəxslərin
siyahısı ilə tanış olmaq;
6.5.10. bütün seçki komissiyalarında seçki hərəkətlərinin
həyata keçirilməsinin, səsvermənin nəticələrinin
və seçkilərin yekunlarının müəyyənləşdirilməsini,
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında protokolların tərtib olunmasını, habelə
səslərin hesablanmasını, yenidən hesablanmasını
müşahidə etmək və səslərin paralel hesablanmasında
iştirak etmək;
6.6. seçki komissiyasının yekun protokolunun
surətini almaq;
6.7. seçki komissiyasının qərarından və ya hərəkətindən
(hərəkətsizliyindən) Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada
müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə
şikayət etmək;
7. Seçki komissiyasının məşvərətəi səs hüquqlu
üzvünə aşağıdakı hərəkətləri etmək qadağandır:
7.1. seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdançıxma
vəsiqələrini vermək;
7.2. seçki bülletenlərinin sayılmasında bilavasitə
iştirak etmək;
7.3. seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdançıxma
vəsiqələrini ləğv etmək;
7.4. səsvermənin yekunları və nəticələri haqqında
protokolları tərtib etmək;
7.5. seçki komissiyasının səlahiyyətlərinə aid
məsələlər üzrə qərarlar qəbul edilərkən səsvermək;
7.6. müvafiq seçki komisisyasının qəbul etdiyi
qərarları imzalamaq. 8.Seçki komissiyasının
məşvərətçi səs hüquqlu üzvü seçki komissiyasının
həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə
bilməz.
9. Bir seçki komissiyasının məşvərətçi səs hüquqlu
üzvü eyni zamanda digər seçki komissiyasının
məşvərətçi səs hüquqlu üzvü ola bilməz.
10. Aşağıdakı hallarda seçki komissiyasının
məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə
dərhal xitam verilir:
10.1. Azərbaycan Respublikasının prezidentliyinə,
Milli Məclisin deputatlığına və ya bələdiyyə
üzvlüyünə namizəd olduqda;
10.2. dövlət hakimiyyət orqanlarının, bələdiyyə
qurumlarının seçkili və ya vəzifəli şəxsi olduqda;
10.3. Azərbaycan Respublikasının vətəndaşlığını
itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda;
10.4. haqqında məhkəmənin qanuni qüvvəyə minmiş
ittiham hökmü olduqda;
10.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud
fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş
və ya ölmüş hesab edildikdə;
10.6. Azərbaycan Respublikası Seçki Məcəlləsinin
17.6-cı maddəsinin tələblərinin pozulması məhkəmənin
qərarı ilə təsdiq olunduqda.
Qeyd: Yuxarıda göstərilən
hallar istisna olmaqla, seçki komissiyasının
məşvərətçi səs hüquqlu üzvü onu təyin edən orqan
tərəfindən vəzifəsindən azad edilə bilməz və
onun səlahiyyətlərinə xitam verilə bilməz.
11. Seçki
komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərini
pozduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsi
və İnzibatı Xətalar Məcəlləsi ilə müəyyənləşdirilmiş
məsuliyyət daşıyırlar.
12. Siyasi partiyalar birləşərsə, bir məşvərtçi
səs hüquqlu üzv qalmaqla, digər məşvərətçi səs
hüquqlu üzvlər seçki komissiyalarının tərkibindən
geri çağrılır. Bu tələb siyasi partiyalar tərəfindən
yerinə yetirilmədikdə, müvafiq seçki komissiyası
geri çağrılmalı olan məşvərətçi səs hüquqlu
üzvü öz mülahizələri əsasında tərkibindən xaric
edir.
13. Seçki komissiyasının məşvərətçi səs hüquqlu
üzvünün səlahiyyətləri seçkilərin ümumi nəticələrinin
rəsmi dərc edilməsindən 30 gün sonra başa çatır,
lakin yuxarı seçki komissiyasına aşağı seçki
komissiyasının qərarından, hərəkətindən (hərəkətsizliyindən)
şikayət daxil olmuşdursa, səsvermə və səslərin
hesablanma qaydası pozulmuşdursa və bu faktlar
üzrə məhkəmə araşdırılması aparılırsa, həmin
səlahiyyətlərə yalnız şikayətin mahiyyəti üzrə
yuxarı seçki komissiyası, yaxud məhkəmə tərəfindən
qərar qəbul edildikdən sonra xitam verilir.