. : TƏLİMATLAR



Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 21 iyul 2005-ci il tarixli
17/64 saylı Qərarı ilə təsdiq edilmişdir.


Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçki
bülletenlərinin, zərflərin, dairə və məntəqə seçki komissiyalarının
səsvermə protokollarının hazırlanması və müvafiq seçki komissiyalarına verilməsi qaydaları haqqında

T Ə L İ M A T

1. Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsinin) 99, 100 və 166-cı maddələrinin tələblərinə uyğun olaraq seçki bülletenlərinin, onların qoyulması üçün zərflərin və seçki komissiyalarının səsvermə protokollarının (bundan sonra müvafiq olaraq – bülletenlərin, zərflərin və protokolların) hazırlanması, dairə və məntəqə seçki komissiyalarına verilməsinə dair qaydaları müəyyən edir.
2. Bülletenlər, zərflər və protokollar hazırlanmamışdan əvvəl, onların mətni və forması, hazırlanması qaydası və sayı Seçki Məcəlləsinin 99.1 və 100.1-ci maddələrində göstərilən qaydada Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) tərəfindən müəyyən edilir.
Bülleten və protokolların nümunələri təsdiq edilərkən Seçki Məcəlləsinin 99.2, 99.3, 100.2, 100.3, 100.4 və 100.5-ci maddələri nəzərə alınır.
3. Bu Təlimatın 2-ci bəndində göstərilən hərəkətləri etdikdən sonra Mərkəzi Seçki Komissiyası bülleten, zərf və protokolların hazırlanmasına dair qərar çıxarır.
4. Bülletenlərin,zərflərin və protokolların hazırlanması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən poliqrafiya müəssisəsinə aşağıdakı sənədlər təqdim edilir:
4.1. Hər bir seçki dairəsi üzrə hazırlanmalı olan bülletenlərin və zərflərin sayı (qeydə alınmış seçicilərin sayından 3 faiz artıq olmaması şərtilə), dairə və məntəqə seçki komissiyaları üçün nəzərdə tutulmuş protokolların sayı barəsində də məlumatların əks olunduğu Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı əsasında və bununla bağlı poliqrafiya müəssisəsinə ünvanlanmış məktubu;
4.2. bülletenlərin, zərflərin və protokolların Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş nümunələri;
5. bülleten, zərf və protokollar Seçki Məcəlləsinin 99.4 və 100.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla hazırlanır. Bu zaman Mərkəzi Seçki Komissiyası nümayəndələrinin iştirakı təmin edilməlidir.
6. Seçki Məcəlləsinin 100.11-ci maddəsinə müvafiq olaraq, poliqrafiya müəssisəsi seçki protokolları ilə yanaşı, hər seçki komissiyasına 30 nüsxə hesabı ilə, protokolların surətini hazırlanmalıdır.
7. Bülletenlər və zərflər hazırlandıqdan sonra poliqrafiya müəssisəsinin nümayəndələri hazırlanmış bülletenlər və zərflər sırasından yararsız olanları seçib ayırır.
Mətni və forması baxımından Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunəyə uyğun gəlməyən bülleten və protokollar yararsız hesab edilir.
8.Yararsız hesab edilənlərin seçilib ayrılmasından sonra, yerdə qalan yararlı bülletenlərin, zərflərin və protokolların sayının tələb olunan saydan az olduğu aşkar edilərsə, onların sifariş edilən saya uyğunluğu təmin edilməlidir.
Bundan sonra yararlı hesab edilən bülletenlər müvafiq seçki dairələri üzrə qruplaşdırılır. Eyni hərəkətlər dairə və məntəqə seçki komissiyaları üçün nəzərdə tutulmuş protokollarla da bağlı edilir.
9. Müəyyən edilmiş sayda yararlı bülletenlər, zərflər və protokollar hazırlandıqdan sonra, onlar poliqrafiya müəssisəsi tərəfindən Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndələrinə təhvil verilir.
Təhvil vermə barəsində müvafiq aktlar tərtib edilməlidir. Aktların mətni və forması bu Təlimatın 1 və 2 saylı Əlavələrinə uyğun olaraq tərtib edilir.
10. Bülletenlər, zərflər və protokollar sifarışə uyğun olaraq təhvil verildikdən sonra poliqrafiya müəssisəsi yararsız hesab edilən və artıq çap olunmuş bülleten, zərf və protokolları məhv edir. Bu barədə Mərkəzi Seçki Komissiyası və poliqrafiya müəssisəsi nümayəndələrinin imzası qoyulmaqla Akt tərtib edilir (bu Təlimata 3 saylı Əlavə).
Yararlı bülletenlərin təhvil verilməsi, yararsız hesab edilən və artıq çap olunmuş bülletenlərin, zərflərin və protokolların məhv edilməsi Mərkəzi Seçki Komissiyası üzvləri ilə yanaşı, dairə və məntəqə seçki komissiyalarının həlledici və məşvərətçi səs hüquqlu üzvləri, namizədlər və ya onların səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları və beynəlxalq müşahidəçilər müşahidə edə bilərlər. Həmin şəxslərə təhvil vermə və məhvedilmə hərəkətlərinin yeri və vaxtı haqqında Mərkəzi Seçki Komissiyası tərəfindən qabaqcadan məlumat verilməlidir.
Təhvilvermə və məhvedilmə proseslərinin müşahidəsi elə təşkil edilməlidir ki, bununla həmin proseslərin özü, onların normal müşahidə edilməsi və poliqrafiya müəssisəsinin normal iş rejimi pozulmasın. Lakin istənilən halda müşahidə hüququ təmin edilməlidir.
11. Seçki Məcəlləsinin 99.6-cı və 100.8-ci maddələrində göstərildiyi kimi Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən aldıqdan sonra seçki bülletenlərinin və zərflərin dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilmiş sayda səsvermə gününə azı 5 gün qalmış, səsvermə protokollarının isə seçki məntəqələrinin sayı nəzərə alınmaqla səsvermə gününə azı 20 gün qalmış paylanmasını təşkil edir. Məntəqə seçki komissiyalarına dairə seçki komissiyaları tərəfindən verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz.
Təhvilvermə dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə xüsusi Aktların tərtib edilməsi vasitəsilə həyata keçirilir ( bu Təlimata 4 və 5 saylı Əlavələr).
12. Bülletenləri, zərfləri və protokolları təhvil aldıqdan sonra, dairə seçki komissiyası bülletenləri və zərfləri səsvermə gününə ən geci 3 gün qalmış, protokolları isə səsvermə gününə ən geci 4 gün qalmış məntəqə seçki komissiyalarına təhvil verir. Təhvil vermə zamanı xüsusi Aktlar tərtib edilir ( bu Təlimata 5 və 6 saylı Əlavələr).
13. Bülleten və zərfləri təhvil aldıqdan sonra məntəqə seçki komissiyalarında onlarla bağlı aşağıdakı hərəkətlər edilir:
13.1. bülletenlər sayılır və və alınmış nəticə komissiyanın qərarı ilə təsdiq edilir (verilməli olan və alınmış bülletenlərin sayı arasında uyğunsuzluq aşkar edilərsə bu barədə dairə seçki komissiyası məlumatlandırılır);
13.2. bülletenlərin hər birinin yuxarı sağ küncü komissiyanın möhürü ilə təsdiq edilir;
13.3. bülletenlər, zərflər və protokolların yalnız seçki məntəqəsinin binasında, etibarlı qorunan yerdə saxlanılması təmin edilir.
14. Bülletenlərin, zərflərin və protokolların saxlanması üçün məsuliyyəti poliqrafiya müəssisəsindən təhvil alınması anından dairə seçki komissiyalarına paylanması anınadək Mərkəzi Seçki Komissiyası, Mərkəzi Seçki Komissiyasından təhvil alınması anından məntəqə seçki komissiyalarına paylanması anınadək dairə seçki komissiyasının sədri, dairə seçki komissiyasından təhvil alınması anından səsvermədən sonra Seçki Məcəlləsinin 106.7-ci maddəsində göstərilən bütün digər sənədlərlə birlikdə bülletenlərin və protokolların dairə seçki komissiyalarına təhvil verilməsi anınadək məntəqə seçki komissiyasının sədri daşıyır.
Bülletenlərin, zərflərin və protokolların müvafig seçki komissiyalarına təhvil veriməsindən sonra onların təyinatı məntəqəsinə çatdırilması zamanı bütün zəruri təhlükəsizlik tədbirləri təmin edilməlidir.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səs verməkdən ötrü seçki bülletenlərinin və onların qoyulması üçün zərflərin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təhvil verilməsi haqqında akt (1 saylı əlavə)

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki komissiyalarının səsvermə protokollarının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına verilməsi haqqında akt (2 saylı əlavə)
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə yararsız hesab edilən və artıq çap olunmuş seçki bülletenlərinin və seçki komissiyalarının səsvermə protokollarının məhv edilməsi haqqında (3 saylı əlavə)
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səs vermək üçün seçki bülletenlərinin və onların qoyulması üçün zərflərin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dairəsinin dairə seçki komissiyasına verilməsi haqqında (4 saylı əlavə)
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki komissiyalarının səsvermə protokollarının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dairəsinin dairə seçki komissiyasına verilməsi haqqında (5 saylı əlavə)
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səs vermək üçün seçki bülletenlərinin, onların qoyulması üçün zərflərin dairəsinin dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyasına verilməsi haqqında (6 saylı əlavə)
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səs vermək üçün seçki komissiyaları üçün səsvermə protokollarının dairəsinin dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyasına verilməsi haqqında (7 saylı əlavə)

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası