Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.Rüstəmov
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 8 iyul 2005-ci
il tarixli
15/52
saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının
sədri
M.M.Pənahov
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərin hazırlanmasına və
keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə
vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi,
göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə
nəzarət edilməsi qaydaları haqqında
T Ə L İ M A T
1. Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması
və keçirilməsi, seçki komissiyalarının səlahiyyət
müddətində onların fəaliyyətinin təmin edilməsi
xərcləri Dövlət büdcəsi hesabına həyata keçirilir.
2. Seçkilərin hazırlanması və keçirilməsi üçün
ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları
tərəfindən aparılır. Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi
Seçki Komissiyası) onun sərəncamına daxil olan
pul vəsaitinin tam hüquqlu sərəncamçısıdır.
Mərkəzi Seçki Komissiyasına daxil olmuş pul
vəsaitləri səsvermə gününə ən geci 90 gün qalmış
dairə seçki komissiyalarına köçürülür, onlar
isə öz növbəsində bu vəsaiti səsvermə gününə
ən geci 10 gün qalmış məntəqə seçki komissiyaları
arasında bölüşdürür.
3. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra
ən geci 3 gün müddətində deputatlığa namizədlərə
dairə seçki komissiyası tərəfindən bərabər həcmdə
vəsait ayrılır.
4. Namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının
seçki fonduna vəsaitin daxil olması və xərclənməsi
qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsi
ilə və “Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə xüsusi seçki hesablarının açılmasının
və aparılmasının ucotu, hesabatı qaydası, habelə
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar bloklarının
seçki fonduna vəsaitin daxil olması və xərclənməsi
qaydaları haqqında” Təlimatla tənzimlənir.
5. Pul vəsaitləri seçki komissiyaları arasında
hər bir ərazinin inzibati və sosial-iqtisadi
göstəriciləri nəzərə alınmaqla bölüşdürülür.
6. Seçki komissiyalarının sədrləri müvafiq seçki
komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçısıdır
və maliyyə sənədlərinin seçki komissiyasının
qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə
hesabatlarının Azərbaycan Respublikasının Seçki
Məcəlləsi (bundan sonra -Seçki Məcəlləsi) ilə
müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim
edilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
7. Seçki komissiyaları tərəfindən xərclənməmiş
dövlət vəsaiti seçki günündən ən geci 60 gün
keçənədək dairə və məntəqə seçki komissiyalarının
hesabından Mərkəzi Seçki Komissiyasının hesabına
köçürülür və onun hesabında qalır. Bu vəsaitlər
üzrə əməliyyatlar “Azərbaycan Respublikasının
Büdcə Sistemi haqqında” Qanunun 19.5-ci maddəsinin
tələbləri gözlənilməklə həyata keçirilir.
8. Milli Məclisə deputatlığa namizədlərin seçki
fondlarının formalaşdırılması qaydaları Seçki
Məcəlləsinin 156.2-ci maddəsi ilə, deputatlığa
namizədlərin maliyyə fondu məbləğinin yuxarı
həddi isə 156.1-ci maddəsi ilə tənzimlənir.
9. Səsvermədə iştirak etmiş və etibarlı hesab
edilən səslərin azı 3 faizini toplayan qeydə
alınmış deputatlığa namizəd və ya seçilən sayılmış,
habelə səsvermə gününədək Seçki Məcəlləsinin
73.3-cü maddəsində göstərilən məcburedici hallara
görə namizədliyini geri götürən qeydə alınmış
deputatlığa namizəd səsvermə günündən sonra
30 gün müddətində dairə seçki komissiyasının
onun seçki fonduna köçürdüyü vəsaitin xərclənməmiş
hissəsini qaytarmağa borcludur. Bu müddət başa
çatdıqda müvafiq bank dairə seçki komissiyasının
məktubunda göstərilmiş vəsaiti mübahisəsiz qaydada
onun hesabına köçürməlidir.
10. Seçkilərin hazırlanması və keçirilməsi üçün
dairə və məntəqə seçki komissiyalarına ayrılmış
büdcə vəsaitinin uçotu Mərkəzi Seçki Komissiyası
tərəfindən maliyyə hesabatı formalarına uyğun
olaraq ayrı -ayrılıqda aparılır.
11. Dairə seçki komissiyaları dairə və məntəqə
seçki komissiyalarının seçkilərlə bağlı təsdiq
olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş
xərclərin icrasının uçotunu hər bir xərc maddəsi
üzrə aparırlar.
12. Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə
seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin 15 iyul 1998-ci
il tarixli İ-62 saylı əmri ilə təsdiq edilmiş
idarələrin xərclər smetasının icrası haqqında
2 nömrəli hesabat formasına uyğun tərtib olunur.
13. Məntəqə seçki komissiyaları dövlət büdcəsindən
ayrılmış vəsaitin daxil olması və xərclənməsi
barədə dairə seçki komissiyasına səsvermə günündən
sonra 5 gün müddətində bu Təlimatın 1 saylı
əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim
edir. Hesabatı məntəqə seçki komissiyasının
sədri təsdiq edir.
14. Dairə seçki komissiyası dövlət büdcəsindən
ayrılmış vəsaitin daxil olması və xərclənməsi
barədə Mərkəzi Seçki Komissiyasına səsvermə
günündən sonra 10 gün müddətində bu Təlimatın
1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı
təqdim edir. Hesabatı dairə seçki komissiyasının
sədri təsdiq edir.
15. Dairə seçki komissiyası seçkilərin nəticələrinin
rəsmi dərc edildiyi tarixdən başlayaraq ən geci
10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə
uyğun olaraq məntəqə seçki komissiyalarının
icmal hesabatlarını və dairə seçki komissiyalarının
hesabatlarını komissiyanın sədri və yerli xəzinədarlıq
idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmaqla,
Mərkəzi Seçki Komissiyasına təqdim edir.
16. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının
Prezidentinə, Milli Məclisə və kütləvi informasiya
vasitələrinə büdcə vəsaitlərinin istifadəsi,
namizədlərin, qeydə alınmış namizədlərin seçki
fondlarının vəsaitinin xərclənməsi və siyasi
partiyaların, siyasi partiyalar bloklarının
vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi
nəticələrinin rəsmi dərci günündən sonra 3 ay
müddətində məlumat təqdim edir. Göstərilən maliyyə
hesabatı və məlumatlar Azərbaycan Respublikasının
Prezidentinə, Milli Məclisə təqdim edildiyi
gündən başlayaraq 1 ay müddətində Mərkəzi Seçki
Komissiyasının rəsmi mətbuat orqanında dərc
edilməlidir.