Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 4 iyul 2005-ci il tarixli
13/47 saylı
Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası vətəndaşının
Milli Məclisə seçkilərdə müşahidə aparması qaydaları
haqqında
T Ə L İ M A T
1. Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan
Respublikası vətəndaşının müşahidə aparması
qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin
40 - 42-ci maddələrinə müvafiq olaraq tənzimlənir.
1.1. Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər zamanı Azərbaycan Respublikasının aktiv
seçki hüququna malik hər bir vətəndaşı respublika
ərazisində və ya yaşadığı seçki dairəsinin ərazisində
öz təşəbbüsü, qeydə alınmış namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun, seçkilər
üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının
təşəbbüsü əsasında müşahidə apara bilər.
1.2. Azərbaycan Respublikasının bütün ərazisində
müşahidənin aparılmasına dair ərizə (Təlimata
1 saylı əlavə) seçkilərin elan edildiyi gündən
başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasınа
(bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim
edə bilər. Ərizədə müşahidə aparmaq niyyətində
olan şəxsin soyadı, adı, atasının adı, yaşayış
yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya
onu əvəz edən sənədin seriya və nömrəsi, zərurət
olduqda isə həm də maraqları təmsil olunacaq
deputatlığa namizədin adı, qeyri-hökumət təşkilatının,
siyasi partiyanın, siyasi partiyalar blokunun
adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə
3×4 sm ölçüdə 2 ədəd fotoşəkil əlavə olunmalıdır.
Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən
başlayaraq 3 gün müddətində qəbul edilməlidir.
Müşahidənin keçirilməsinə rədd cavabı yalnız
ərizədə göstərilən məlumatlar təsdiq olumadıqda
verilə bilər.
1.3. Müşahidənin aparılmasına icazə verildikdə,
müşahidəçiyə Mərkəzi Seçki Komissiyası tərəfindən
vəsiqə (Təlimata 4 – 7 saylı əlavələr) verilir.
2. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına
dair ərizə (Təlimata 2 saylı əlavə) seçkilərin
elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə
5 gün qalanadək müvafiq dairə seçki komissiyasına
təqdim edilə bilər.
2.1. Müşahidənin keçirilməsinə icazə verildikdə,
müvafiq dairə seçki komissiyası müşahidəçiyə
Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi
formada hazırlanmış vəsiqə (Təlimata 8 saylı
əlavə) verir.
2.2. Müşahidənin keçirilməsinə seçki komissiyası
tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının
bu qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi
Seçki Komissiyası nəticə etibarilə şikayəti
təmin etməzsə, Azərbaycan Respublikasının Apellyasiya
Məhkəməsinə şikayət verilə bilər .
2.3. Müşahidəçilər bütün seçki komissiyalarında
seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin
nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini,
səsvermənin nəticələri və seçkilərin ümumi yekunları
haqqında protokolun tərtib olunmasını, habelə
səslərin hesablanmasını və ya yenidən hesablanmasını
müşahidə edə bilərlər. Müşahidəçilər səslərin
paralel sayılmasında iştirak edə, səsvermənin
nəticələrinə dair məntəqə seçki komissiyası
protokolunun 1-ci nüsxəsinin dairə seçki komissiyasına
göndərilməsini müşahidə edə bilərlər.
Müşahidə seçkilər elan edildiyi gündən başlana
bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar
bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin
ümumi yekunlarının rəsmiləşdirilməsinin dərc
edildiyi gün bitir.
2.4. Səsvərmə gününədək seçki komissiyasının
iclaslarını müşahidə etmək hüququna yalnız Seçki
Məcəlləsinin 40.13-cü maddəsi ilə və bu Təlimatla
müəyyən edilmiş qaydada həmin hüququn əldə edilməsi
üçün Mərkəzi Seçki Komissiyasına ərizə (Təlimata
3 saylı əlavə) ilə müraciət edərək qeydiyyatdan
keçməklə xüsusi icazə almış müşahidəçilər malikdir.
Mərkəzi Seçki Komissiyasının verdiyi lövhəciklərdə
(Təlimata 9 – 11 saylı əlavələr) həmin hüquq
göstərilməlidir. Bu Təlimatın 1.1-ci maddəsində
göstərilən subyektlərin hər birinin ayrı-ayrılıqda
hər bir seçki komissiyası üçün bu hüquqlu bir
müşahidəçisi ola bilər. Mərkəzi Seçki Komissiyası
onları, hər bir seçki komissiyasında 10 nəfərdən
artıq olmamaqla, püşkatma yolu ilə təyin edir.
Səsvermə günü seçki komissiyasının iclasını
müşahidə etmək üçün müşahidəçilərdən xüsusi
icazə tələb olunmur.
2.5. Səsvermə günü səsvermə otağında olan və
seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə
edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının
katibi tərəfindən aparılır.
3. Müşahidəçilər (xüsusi icazə almış müşahidəçi
istisna edilməklə) eyni hüquqlara malikdirlər
və eyni vəzifələr daşıyırlar.
3.1. Müşahidəçilər Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 42-cü maddəsində göstərilən aşağıdakı
hüquq və vəzifələrə malikdirlər:
- seçici siyahıları ilə tanış olmaq;
- səsvermə günü istədiyi vaxt müvafiq seçki
məntəqəsinin səsvermə otağında olmaq;
- seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflərin və seçki bülletenlərinin verilməsini
müşahidə etmək;
- səsvermə yerindən kənarda seçicilərin səs
verməsini müşahidə etmək;
- seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin,
ləğv edilmiş
seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
- müşahidənin nəticələrinin seçki komissiyasının
protokoluna əlavə olunmasını tələb etmək;
- müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən
məsafədən seçicilərin səslərinin hesablanmasına,
seçicilərin səsləri hesablanarkən seçki bülleteninin
qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış
hər bir seçki bülleteninə səsin etibarlığını
yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri
və seçkilərin yekunları haqqında seçki komissiyasının
protokolu və digər sənədlərlə tanış olmaq;
- səsvermənin təşkili ilə əlaqədar təklif və
iradlarla məntəqə seçki komissiyasının sədrinə,
o olmadıqda isə onu əvəz edən şəxsə müraciət
etmək;
-seçki komissiyalarının sənədlərinin, o cümlədən
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında protokolların, səsvermə günü seçki
komissiyasının işə başladığı və seçki qutularının
möhürləndiyi andan seçki komissiyaları tərəfindən
səsvermənin nəticələri haqqında protokolların
qəbul edilməsinədək seçki komissiyaları tərəfindən
tərtib edilmiş və ya onlara daxil olmuş qoşma
sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini
haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə
nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilən haqq ödənilməklə çıxarmaq və
ya almaq, səsvermədə iştirak edən şəxslərin
siyahısı ilə tanış olmaq;
- müvafiq seçki komissiyalarında seçicilərin
səslərinin təkrar hesablanmasını müşahidə etmək;
- seçki sənədlərinin dairə seçki komissiyasına
və Mərkəzi Seçki Komissiyasına göndərilməsini
müşahidə etmək.
3.2. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan
edilir:
- seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflər və seçki bülletenləri vermək;
- seçiciyə necə səs verəcəyi və necə səs verdiyi
haqqında sual vermək;
- seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni
alınması haqqında imza etmək;
- seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
- seçki komissiyalarının həlledici səs hüquqlu
üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında
birbaşa iştirak etmək;
- seçki komissiyalarının işinə maneə törədən
hərəkətlər etmək;
- seçicilər arasında təşviqat aparmaq;
- bu və ya digər namizədin, siyasi partiyanın
dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi
kimi qiymətləndirilə bilən hərəkətlər və ya
çağırışlar etmək;
- müvafiq seçki komissiyasının qərarlarının
qəbul olunmasına müdaxilə etmək;
- seçicilərin suallarına cavab vermək (öz statusu
ilə bağlı suallar istisna olmaqla).
4. Göstərilən tələblərə riayət etməyən müşahidəçinin
qeydiyyatı onu qeydə almış seçki komissiyasının
müraciəti əsasında müvafiq məhkəmə tərəfindən
ləğv edilə bilər.
4.1.Müşahidəçilər müşahidənin yekunlarına dair
rəylərini Mərkəzi Seçki Komissiyasının sədrinə,
dairə və ya məntəqə seçki komissiyasının sədrinə
təqdim etdikdə, həmin rəy səsvermənin nəticələri
və ya seçkilərin ümumi yekunları haqqında protokola
əlavə edilməlidir.
4.2. Müşahidə seçkilər elan edildiyi gündən
başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə
əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra,
seçkilərin ümumi yekunlarının rəsmi dərc edildiyi
gün bitir.