Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 4 iyul 2005-ci il tarixli
13/40 saylı
Qərarı ilə təsdiq edilmişdir.
Siyasi partiyalar
blokunun qeydə alınması, namizədlərin siyasi
partiyalar və siyasi partiyaların blokları tərəfindən
irəli sürülməsi qaydası haqqında
T Ə L İ M A T
I. Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq
siyasi partiyalar blokunun qeydə alınması üçün
onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən
sənədləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
uyğun formada Mərkəzi Seçki Komissiyasına təqdim
etməlidir:
1. Bloka daxil olan
siyasi partiyaların nizamnamələrinin notariat
qaydasında təsdiq edilmiş surətləri.
2. Bloka daxil olan siyasi partiyaların bloka
daxil olmaq barədə sazişi.
3. Siyasi partiyaların bloka daxil olmaq haqqında
qərarları.
4. Blokun yaradılması haqqında siyasi partiyaların
səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış
və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş
birgə qərar.
5. Siyasi partiyalar blokunun tam və qısa adı
barədə məlumat
(siyasi partiyalar blokunun adı bloka daxil
olmuş partiyaların nümayəndələrinin birgə iclasında
müəyyənləşdirilir, blokun adlandırılmasında
həmin bloka daxil olmayan siyasi partiyaların
(seçkilərdə iştirak edib-etməməsindən asılı
olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş
digər siyasi partiyaların adlarından istifadə
edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi
partiyalar blokuna əvvəki seçkilərdə həmin bloku
yaratmış siyasi partiyaların yarısından çoxu
daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki
siyasi partiyalar blokunun adı verilə bilməz.
Fiziki şəxsin adından, soyadından siyasi partiyalar
bloku tərəfindən yalnız həmin şəxsin yazılı
razılığı əsasında istifadə edilə bələr);
6. Siyasi partiyalar bloku öz emblemini də təsdiq
üçün Mərkəzi Seçki Komissiyasına təqdim edə
bilər
(siyasi partiyalar bloku, onun tərkibindəki
hər hansı siyasi partiyanın qeydə alınmış emblemi,
yaxud digər siyasi partiyalar və siyasi partiyalar
bloklarının indiki və əvvəlki seçkilərdə istifadə
etdikləri emblemlər istisna olmaqla (bu Məcəllənin
51.2-ci maddəsi nəzərə alınmaqla), istənilən
emblemi təqdim edə bilər. Siyasi partiyalar
blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını,
əmtəə nişanlarına olan hüquqları pozmamalı,
Azərbaycan Respublikasınin və digər ölkələrin
dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı,
ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır.
Siyasi partiyaların bloku beş sözdən çox olmayan
adından, habelə emblemindən seçki sənədlərində
istifadə edilməsini Mərkəzi Seçki Komissiyası
ilə razılaşdırmalıdır);
7. Səlahiyyətli nümayəndələrin, habelə maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndələrin
təyin edilməsi barədə bloka daxil olan siyasi
partiyaların və ya siyasi partiyaların nümayəndələrinin
birgə iclasının qərarı, və yaxud onların qurultayı,
konfransı və ya rəhbər orqanının qərarı.
8. Səlahiyyətli nümayəndələrin (Təlimata 2 saylı
əlavə), habelə maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrin siyahısı ( Təlimata 3 saylı əlavə).
9. Həmin şəxslərin səlahiyyətli nümayəndə olmağına
razılıq verməsi barədə yazılı məktubları (Təlimata
4 və 5 saylı əlavələr)
(siyasi partiyalar, siyasi partiyalar blokunun
səlahiyyətli orqanının qərarı ilə yazılı formada
xəbərdar etməklə nümayəndənin səlahiyyətinə
xitam verilə bilər; bu barədə qəbul edilmiş
qərarın surəti Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyasına göndərilməlidir).
Dairə seçki komissiyasına
təqdim edilmiş sənədlərin alınması barədə yazılı
arayış səlahiyyətli nümayəndəyə verilir. (Mərkəzi
Seçki Komissiyasının 2 iyul 2004-cü il tarixli
07/52 saylı Qərarı ilə təsdiq edilmiş formada,
Təlimata 7 saylı əlavə).
II. Namizədin irəli sürülməsi haqqında qərarı
siyasi partiya öz nizamnaməsinə uyğun olaraq
qəbul edir. Belə qərar kollegial qaydada, səsvermə
yolu ilə qəbul edilməlidir.
Siyasi partiyaların
bloku tərəfindən irəli sürülən namizəd bloka
daxil olan hər bir siyasi partiya tərəfindən
təsdiq edilir. Siyasi partiyaların blokları
tərəfindən namizədin irəli sürülməsi haqqında
qərar siyasi partiyaların nümayəndələrinin iclasında
(qurultayında, konfransında, rəhbər orqanının
iclasında) qəbul edilir. Siyasi partiyaların
bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında
(konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.
Namizədin irəli
sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar
blokunun qərarı protokolla rəsmiləşdirilir.
Həmin protokolda aşağıdakılar göstərilir:
a) İclasda (qurultayda, konfransda, rəhbər orqanın
iclasında) iştirak etmək üçün qeydə alınmış
iştirakçıların sayı;
b) Siyasi partiyalar blokunun yaradılması haqqında
sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi
üçün lazım olan iştirakçıların sayı;
c) Namizədin irəli sürülməsi barədə qərar və
bu qərar üzrə səsvermənin nəticələri;
ç) Qərarın qəbul edilməsi tarixi;
Siyasi partiya, siyasi partiyaların bloku bloka
daxil olan partiyaların üzvü olmayan şəxsləri
namizəd kimi irəli sürə bilərlər.
Siyasi partiyalar tərəfindən namizəd və ya namizədlər
o şərtlə irəli sürülə bilər ki, aşağıda göstərilən
sənədlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
və bu Təlimata uyğun formada siyasi partiyaların
səlahiyyətli nümayəndələri tərəfindən namizədin
adı ilə birlikdə müvafiq dairə seçki komissiyasına
təqdim edilsin:
1. Siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin
notariat qaydasında təsdiqlənmiş surəti.
2. Siyasi partiyanın qüvvədə olan nizamnaməsinin
notariat qaydasında təsdiqlənmiş surəti.
3. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın
qurultayının (konfransının, rəhbər orqanının
iclasının) qərarı və müvafiq iclasın protokolu.
4. Deputatlığa namizədliyi irəli sürülmüş şəxsin
məhkumluğuna və vətəndaşlığına dair məlumatlar,
habelə deputat seçiləcəyi halda həmin vəzifə
ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə
öhdəliyi göstərilmiş razılıq ərizəsi ( Təlimata
1 saylı əlavə).
5. Səlahiyyətli nümayəndələrin, habelə maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndələrin
təyin edilməsi barədə siyasi partiyanın qurultayının
(konfransının, rəhbər orqanı iclasının) qərarı.
6. Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin
notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri
( Təlimata 6 və 6 “A” saylı əlavələr).
7. Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin
siyahısı (Təlimata 2 saylı əlavə).
8. Siyasi partiyaların səlahiyyətli orqanı səlahiyyətli
nümayəndənin səlahiyyətinə xitam verdiyi halda,
bu barədə qərarın surəti;
Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin
alınması barədə yazılı arayış səlahiyyətli nümayəndəyə
verilir. (Mərkəzi Seçki Komissiyasının 2 iyul
2004-cü il tarixli 07/52 saylı Qərarı ilə təsdiq
edilmiş formada, Təlimata 7 saylı əlavə).
Siyasi partiyalar tərəfindən Mərkəzi Seçki Komissiyasına
aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Siyasi partiyaların
səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata
2 saylı əlavə).
2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin
siyahısı (Təlimata 3 saylı əlavə).
3. Səlahiyyətli nümayəndələrin razılıq məktubu
(Təlimata 4 saylı əlavə).
4. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin
razılıq məktubu (Təlimata 5 saylı əlavə).
Siyasi partiyalar bloku tərəfindən namizəd və
ya namizədlər o şərtlə irəli sürülə bilər ki,
aşağıda göstərilən sənədlər Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə və bu Təlimata uyğun formada
hazırlanaraq, namizədin adı ilə birlikdə müvafiq
dairə seçki komissiyasına təqdim edilsin:
1. Siyasi
partiyaların blokuna daxil olan siyasi partiyaların
qurultaylarının (konfranslarının, rəhbər orqanının
iclasının) namizəd irəli sürmək barədə qərarları
ilə birlikdə müvafiq iclasların protokolları.
2. Siyasi partiyaların blokuna daxil olan siyasi
partiya nümayəndələri iclasının (qurultaylarının,
konfranslarının) siyasi partiyaların bloku adından
namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq
iclasın protokolu.
3. Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin
notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri
(Təlimata 6 və 6 “A” saylı əlavələr).
4. Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin
siyahısı (Təlimata 2 saylı əlavə).
5. Deputatlığa namizədliyi irəli sürülmüş şəxsin,
məhkumluğuna, vətəndaşlığına dair məlumatlar,
habelə deputat seçiləcəyi halda, həmin vəzifə
ilə uzlaşmayan fəaliyyətə xitam verməyi barədə
öhdəliyi göstərilmiş razılıq ərizəsi (Təlimata
1 saylı əlavə).
Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin
alınması barədə yazılı arayış səlahiyyətli nümayəndəyə
verilir. (Mərkəzi Seçki Komissiyasının 2 iyul
2004-cü il tarixli 07/52 saylı Qərarı ilə təsdiq
edilmiş formada, Təlimata 7 saylı əlavə).