Azərbaycan
Respublikası
Mərkəzi
Seçki Komissiyasının
4
iyul 2005-ci il tarixli
13/38
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə seçicilərin təşəbbüs qruplarının
yaradılması, vətəndaşların öz təşəbbüsü və ya
seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi
irəli sürmələri qaydası haqqında
T Ə L İ M A T
1. Azərbaycan Respublikasında Milli Məclisə
seçkilər zamanı vətəndaşların öz təşəbbüsü ilə
və ya aktiv seçki hüququ olan vətəndaşların
yaratdıqları təşəbbüs qrupları tərəfindən deputatlığa
namizədin irəli sürülməsi Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 53-cü və 146-cı maddələri
ilə nizama salınır.
1.1. Seçki dairəsi
üzrə seçkilərdə namizədlər bu seçkilərin təyin
edilməsi haqqında qərar rəsmi dərc olunduqdan
sonra irəli sürülür.
1.2. Təkrar və əlavə
seçkilərdə də namizədlər Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 145.4-cü maddəsində göstərilən
müddətdən, yəni seçkilərin təyin edilməsi barədə
qərar onun qəbul edildiyi gündən başlayaraq
ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində
rəsmi dərc edildikdən sonra irəli sürülür.
1.3. Namizədi irəli
sürən subyektlərdən biri kimi seçicilərin təşəbbüs
qrupunun yaradılması və namizədliyin irəli sürülməsi
qanunvericilikdə və bu Təlimatda nəzərdə tutulmuş
qaydada nizama salınır. Seçicilərin təşəbbüs
qrupunu seçki hüququ olan hər bir vətəndaş,
yaxud vətəndaşlar 50 nəfərdən ibarət tərkibdə
yarada bilərlər. Bunun üçün onlar öz yığıncağını
keçirməlidirlər. Təşəbbüs qrupu yaratmaq istəyən
seçicilərin müvafiq seçki dairəsinin ərazi vahidlərində
yaşaması faktı əsas götürülür. Təşəbbüs qrupu
yaratmaq istəyən vətəndaş və ya vətəndaşlar
tərəfindən bələdiyyə qurumunun rəhbərliyinə
və ya ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə
yığıncaq keçirmək üçün yer ayrılması barədə
yazılı müraciət edilə bilər. Həmçinin seçicilərin
təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış
yeri üzrə, icra və bələdiyyə qurumları, o cümlədən
digər hüquqi şəxslərin ərazi və binalarında
keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən
sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə
yığıncağın keçirilməsi üçün ayrılmış yer və
vaxt barədə məlumat verilir.
2. Yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:
2.1. Seçicilərin
təşəbbüs qrupunun yaradılması və adlandırılması.
2.2. Qrupu təmsil
edəcək şəxsin (təşəbbüs qrupunun nümayəndəsi)
müəyyən edilməsi (bu şəxs iclasın sədri və ya
katibi ola bilər).
2.3. Deputatlığa
namizədliyin irəli sürülməsi.
2.4. Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün dairə
seçki komissiyasına bildirişlə müraciət edilməsi.
Yığıncağın gündəliyinə
çıxarılaraq müzakirə edilmiş hər bir məsələ
barədə qərar qəbul olunur və yığıncağın protokolu
tərtib edilir. Protokolu iclasın sədri və katibi
imzalayır. İclasın protokolunun həmin qurumların,
o cümlədən iclasın keçirildiyi yerin məxsus
olduğu hüquqi şəxslərin möhürü ilə möhürlənməsi
də mümkündür.
3. Seçicilərin
təşəbbüs qrupunun irəli sürdüyü deputatlığa
namizədin sənədlərini müvafiq dairə seçki komissiyasına
seçicilərin təşəbbüs qrupunun nümayəndəsi, habelə
namizəd və ya onun səlahiyyətli nümayəndəsi
təqdim edə bilər. Deputatlığa namizədin seçicilərin
təşəbbüs qrupu tərəfindən irəli sürülməsi üçün
müvafiq dairə seçki komissiyasına aşağıdakı
sənədlər təqdim olunmalıdır:
3.1. Namizədin irəli
sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş
(Təlimata 1 saylı əlavə).
3.2. Seçicilərin
təşəbbüs qrupunun yaradılması və namizədliyin
irəli sürülməsi barədə yığıncağın protokolu
(Təlimata 2 saylı əlavə).
3.3. Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin 53-cü maddəsinin
tələblərinə uyğun tərtib edilmiş deputatlığa
namizədliyi irəli sürülmüş şəxsin, onun məhkumluğuna
və vətəndaşlığına dair məlumatlar, habelə deputat
seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan
fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş
ərizəsi (Təlimata 3 saylı əlavə).
3.4. Namizəd tərəfindən
səlahiyyətli nümayəndə təyin edilibsə,
səlahiyyətli nümayəndənin notariat qaydasında
təsdiq edilmiş vəkalətnaməsi (Təlimata 5 saylı
əlavə).
3.5. Namizəd öz
ərizəsində siyasi mənsubiyyətinə dair məlumat
daxil edibsə, bu barədə təsdiqedici sənəd verməlidir.
Belə halda, namizəd mənsub olduğu siyasi partiyanın
5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq
seçki komissiyası ilə razılaşdırır. Ərizədə
göstərilmiş siyasi partiya namizədi öz sıralarından
xaric edibsə və müvafiq seçki komissiyasına
bildiriş göndəribsə, bu bildiriş alındıqdan
sonra həmin namizədlə əlaqədar siyasi partiyanın
adından istifadə edilə bilməz.
Dairə seçki komisiyasına
təqdim edilmiş sənədlərin alınması barədə yazılı
arayış həmin sənədləri təqdim etmiş şəxsə və
ya buna hüququ olan digər şəxsə verilməlidir
(Mərkəzi Seçki Komissiyasının 2 iyul 2004-cü
il tarixli 07/52 saylı Qərarı ilə təsdiq edilmiş
formada, Təlimata 6 saylı əlavə).
Dairə seçki komisiyasına
təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır,
namizədin səlahiyyətli nümayəndəsinə və ya seçicilərin
təşəbbüs qrupunun nümayəndəsinə namizədin irəli
sürülməsinin təsdiq olunub olun-madığı barədə
qərar təqdim edilir.
4. Öz təşəbbüsü ilə deputatlığa namizədliyini
irəli sürən vətəndaş müvafiq dairə seçki komissiyasına
aşağıdakı sənədləri təqdim etməlidir:
4.1. Deputatlığa
namizədliyin irəli sürülməsinə dair bildiriş
(Təlimata 4 saylı əlavə).
4.2. Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 53-cü maddəsinin
tələblərinə uyğun tərtib edilmiş deputatlığa
namizədliyi irəli sürülmüş şəxsin, onun məhkumluğuna
və vətəndaşlığına dair məlumatlar, habelə deputat
seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan
fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş
ərizəsi (Təlimata 3 saylı əlavə).
4.3. Namizəd tərəfindən
səlahiyyətli nümayəndə təyin edilibsə, həmin
səlahiyyətli nümayəndənin notariat qaydasında
təsdiq edilmiş vəkalətnaməsi (Təlimata 5 saylı
əlavə).
4.4 Namizəd öz ərizəsində
siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə,
bu barədə təsdiqedici sənəd.
Belə halda,
namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən
çox olmayan adla adlandırılmasını müvafiq seçki
komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş
siyasi partiya namizədi öz sıralarından xaric
edibsə və müvafiq seçki komissiyasına bildiriş
göndəribsə, həmin bildiriş alındıqdan sonra
həmin namizədlə əlaqədar siyasi partiyanın adından
istifadə edilə bilməz.
Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin
alınması barədə yazılı arayış səlahiyyətli nümayəndəyə
verilir (Mərkəzi Seçki Komissiyasının 2 iyul
2004-cü il tarixli 07/52 saylı Qərarı ilə təsdiq
edilmiş formada, Təlimata 6 saylı əlavə).
Dairə seçki komissiyası təqdim edilmiş sənədlərə
5 gün müddətində baxır, namizədə və ya onun
səlahiyyətli nümayəndəsinə namizədin irəli sürülməsinin
təsdiq olunub-olunmadığı barədə qərar təqdim
edir.