Azərbaycan
Respublikası
Mərkəzi Seçki Komissiyasının
4 iyul 2005-ci il tarixli
13/43
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə deputatlığa namizədin
gəlirlərinin miqdarı və mənbəyi, əmlakı barədə
məlumatın toplanması
Q A Y D A S I
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 58.1, 58.1.4–58.1.5-ci və
58.3-cü maddəsinə uyğun olaraq namizədlər gəlirlərinin
miqdarı, mənbəyi və mülkiyyət hüququ əsasında
onlara məxsus əmlak haqqında məlumat verirlər.
Məlumatda aşağıda qeyd olunan gəlir mənbələri
göstərilməlidir (gəlirlərin alındığı təşkilatlardan
və fiziki şəxslərdən seçkilərin təyin edildiyi
gündən əvvəlki bir il ərzində həmin gəlirlərin
cəmi barədə arayışlar təqdim edilməlidir (Qaydaya
1 saylı əlavə).
1. Əsas iş yerindən
əmək haqqı barədə
Əsas iş yerindən əmək haqqı dedikdə, vətəndaşlar
tərəfindən müəssisələr, idarələr, və təşkilatlarla
bağlanmış əmək müqavilələrinə (kontraktlara)
əsasən konkret ixtisas, dərəcə və vəzifə üzrə
işlərin yerinə yetirilməsi, yaxud kooperativdə,
kəndli-fermer təsərrüfatında, ictimai və ya
dini təşkilatda, vəkillikdə, habelə xidməti
və ya tədrislə əlaqədar əmək funksiyalarının
yerinə yetirilməsinə görə ödənişlər başa düşülür.
2. Mükafat və maddi
yardım haqqında
Mükafat və maddi yardım dedikdə, il ərzində
işin yekununa görə mükafat, xidmət illərinə
görə mükafat, birdəfəlik xarakter daşıyan əlavə
mükafatların bütün növləri, yubiley və bayram
günləri, doğum günləri ilə bağlı və digər oxşar
hallarda verilən həvəsləndirici ödənclər, əmək
funksiyalarının yerinə yetirilməsinə görə digər
mükafatlar və bütün növlərdən olan maddi yardımlar
başa düşülür.
3. Mülki-hüquqi
müqavilələrdən əldə olunan gəlir haqqında
Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir
dedikdə, bağışlama, dəyişdirmə, vəzifənin icrası
ilə əlaqədar olmayan işlərin yerinə yetirilməsindən
əldə edilən gəlirlər (birdəfəlik və əvəzçilik
üzrə) hesab edilir.
4. Sahibkarlıq
fəaliyyətindən əldə edilən gəlir haqqında
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir
dedikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi
ilə nəzərdə tutulan və qanunla qadağan edilməyən
fəaliyyət növlərindən əldə edilmiş gəlirlər
(sahibkarlıqla məşğul olan fiziki şəxs tərəfindən
ilin yekununa görə vergi orqanlarına təqdim
edilmiş bəyannamədə göstərilən gəlir) başa düşülür.
5. Qeyri sahibkarlıq
fəaliyyətindən əldə edilən gəlir haqqında
Qeyri sahibkarlıq fəaliyyətindən əldə edilən
gəlirə muzdlu işlə əlaqədar və ya sahibkarlıq
fəaliyyətindən əldə olunan gəlirlərdən başqa
digər gəlirlər daxildir. O cümlədən:
- banklardan və kredit idarələrindən alınmış
faizlər;
- dividendlər;
- müəlliflik haqqı;
- royalti;
- qiymətli kağızlar üzrə əməliyyatlardan əldə
edilən gəlir;
- bağışlanmış borcun məbləği;
- əmlakın icarəyə verilməsindən əldə edilən
gəlir;
- həyatın yığım sığortası üzrə gəlir;
- ailə üzvü olmayan şəxslərdən alınan hədiyyələr
və maddi yardım;
- alınmış miraslar;
- lotoreya uduşları;
- birgə gəlirlər (ər-arvadın birgə nikah dövründə
əldə etdikləri əmlak və digər gəlirlər, ümumi
birgə mülkiyyətdə olan əmlak və s.);
- qanunla qadağan edilməyən digər gəlirlər.
6. Əmlak və mülkiyyət
haqqında məlumatlar müvafiq orqanlardan (İqtisadi
İnkişaf Nazirliyinin təşkilatlarından, mənzil-istismar
sahələrindən, texniki inventarlaşdırma və mülkiyyət
hüquqlarının qeydiyyatı idarələrindən) alınmış
arayışlarla təsdiq olunur.
7. Deputatlığa namizəd
mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak
barədə məlumatları Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 5 saylı əlavəsindəki məlumatlara
uyğun şəkildə verməlidir.