Üçüncü çağırış Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
122 saylı Xankəndi seçki dairəsi dairə seçki
komissiyasının fəaliyyətə başlaması ilə əlaqədar
həmin seçki dairəsinin seçicilərinə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
M Ü R A C İ Ə T İ
Azərbaycan Respublikasının
Prezidenti cənab İ.Əliyevin 4 iyul 2005-ci il
tarixli Sərəncamı ilə üçüncü çağırış Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi
bu ilin noyabrın 6-na təyin edilmiş və artıq
həmin seçkilərə start verilmişdir. Ölkəmizdə
bütün seçkiləri hazırlayıb həyata keçirən orqan
olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası seçkilərin şəffaf, demokratik və
qanunauyğun keçirilməsi, habelə seçki hüquqi
olan bütün vətəndaşların, o cümlədən erməni
əsilli azərbaycan vətəndaşlarının Azərbaycan
Respublikası Konstitusiyasının 2-ci və 56-cı
maddələrində təsbit edilmiş dövlət orqanlarına
seçmək və seçilmək hüquqlarını həyata keçirmələri
üçün tam şərait yaratmışdır.
Azərbaycan ərazisinin 20%-ə qədərini işğal etmiş
Ermənistan BMT, Avropa Şurası, Avropa İttifaqı,
İslam Konfransı Təşkilatının və digər beynəlxalq
təşkilatların təcavüzün aradan qaldırılmasına
və münaqişənin sülh yolu ilə həll edilməsinə
yönəlmiş qətnamə və çağırışlarına məhəl qoymayaraq,
on ildən artıqdır ki, işğal altında yaşayan
və öz torpaqlarından qovulmuş on minlərlə Azərbaycan
Respublikası vətəndaşlarının konstitusiya hüquq
və azadlıqlarını kütləvi surətdə pozur.
İşğal altında olan Azərbaycan Respublikası ərazisinin
böyük bir hissəsində, Qarabağın yuxarı hissəsində
Ermənistan Respublikası tərəfindən qondarma
separatçı rejimin yaradılması nəticəsində Azərbaycan
Respublikasının erməni millətindən olan vətəndaşları
bir qrup siyasi möhtəkirin əlində oyuncağa çevrilmiş,
vətəndaşları olduqları dövlətin onlara vermiş
olduğu digər konstitusiya hüquqları ilə yanaşı
aktiv və passiv seçki hüquqlarından da məhrum
olmuşlar. Qondarma qurum tərəfindən dəfələrlə
seçki görüntüsü yaratmaq cəhdləri onların qanuni
hüquqlarına təminat yaratmır, Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası işğal altında olan
ərazilərimizdə yaşayan erməni mənşəli Azərbaycan
vətəndaşlarını öz konstitusiya hüquqlarının
təmin edilməsi üçün separatçı rejimin aradan
qaldırılmasına yardımçı olmağa çağırır.
Təcavüz nəticəsində öz doğma yurdlarını tərk
etməyə məcbur olmuş Azərbaycan Respublikasının
seçki hüququna malik olan vətəndaşlarının seçki
hüquqları indiyə qədər ölkədə keçirilən seçki
və referendumlarda imkan daxilində təmin olunmuşdur.
Bu zaman milli mənsubiyyətinə görə Azərbaycan
Respublikasının vətəndaşları arasında heç bir
fərq qoyulmamışdır. Ölkə ərazisində yaradılmış
bir neçə məcburi köçkün seçki dairələrindən
birinin – 122 saylı Xankəndi seçki dairəsinin
təşkili də bu məqsədə xidmət etmişdir.
Azərbaycan dövlətinin sülhməramlı siyasəti,
öz vətəndaşlarının taleyinə qayğıkeş münasibəti,
onun surətlə artan iqtisadi gücündən və demokratikləşən
dəyərlərindən bütün vətəndaşlarının bəhrələnməsi
istəyi sözü gedən seçki dairəsinin fəaliyyətə
başlaması zərurətini yaratmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə
müvafiq olaraq həmin dairənin ərazisində yaşamış
və hazırda yaşayan ölkə vətəndaşlarının seçici
vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq tədbirlər
görülməlidir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd və regionun
başqa yaşayış məntəqələrinin erməni əsilli azərbaycan
vətəndaşları da digər həmyerliləri ilə birlikdə
öz aktiv seçki hüquqlarını 122 saylı Xankəndi
və 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki
dairələrində, passiv seçki hüquqlarını isə Azərbaycan
Respublikasının bütün ərazisində mövcud olan
seçki dairələrində həyata keçirə bilərlər.
Mərkəzi Seçki Komissiyası inanır ki, milli mənsubiyyətindən
asılı olmayaraq bütün vətəndaşlar, o cümlədən
erməni mənşəli vətəndaşlarımız bu seçkilərdə
yaxından iştirak edəcək, Milli Məclisdə təmsil
olunmaqla Azərbaycan dövlətinin öz vətəndaşlarına
verdiyi digər hüquqlardan da tam istifadə etmək
üçün imkan əldə edəcəklər.
Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri,
12 avqust 2005-ci il