AZƏRBAYCAN
RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
BƏYANATI
Azərbaycan xalqının
həyatında böyük əhəmiyyət kəsb edən Azərbaycan
Respublikasının III çağırış Milli Məclisinə
keçiriləcək seçkilərin çox mühüm mərhələsi olan
seçkiqabağı təşviqat prosesi davam etməkdədir.
Seçkilərlə bağlı cərəyan edən hadisələr nəinki
respublikamızın, o cümlədən bir çox dövlətlərin
və beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə,
siyasi partiyalar, siyasi partiyalar bloklarına
seçkiqabağı proqramlarını təbliğ etmək üçün
dövlət tərəfindən ayrılmış vəsait hesabına təsisçiləri
dövlət orqanları və təşkilatları olan və ya
dövlət büdcəsindən maliyyələşən teleradio təşkilatları,
eləcə də dövri nəşrlər tərəfindən bərabər şərait
yaradılmasını təmin etmişdir. Həmin subyektlərə
pullu efir vaxtından da istifadə etməklə öz
təşviqatını həyata keçirmək üçün bütün lazımi
şərait yaradılmışdır. Seçkiqabağı təşviqat əsasən
qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
Göstərilənlərlə yanaşı Mərkəzi Seçki Komissiyası
qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericiliklə
qeydə alınmış namizədlər, namizədləri qeydə
alınmış siyasi partiyalar, siyasi partiyalar
bloklarının nümayəndələri tərəfindən televiziya
və radio kanallarında və keçirilən digər tədbirlərdə
seçkiqabağı təşviqatla əlaqədar çıxışlarda qanunun
tələblərinə zidd olaraq hakimiyyətin zorla ələ
keçirilməsinə, konstitusiya quruluşunun zorla
dəyişdirilməsinə çağırışlara, vətəndaşların
şərəf və ləyaqətini təhqir edən, sosial nifrət
və düşmənçilik yaradan, etik normalarla bir
araya sığmayan, böhtan xarakterli fikir və mülahizələrin
yayılmasına yol verilmir. Əfsuslar olsun ki,
seçkiqabağı təşviqat aparan subyektlər televiziya
kanallarından istifadə edərkən bir sıra hallarda
qanunun bu tələbinə tam əməl etmirlər. Bu da
həmin qurumların göstərilən arzuolunmaz nəticələrin
baş verməsində vasitəyə çevrilməsinə şərait
yaradır. Mərkəzi Seçki Komissiyası tərəfindən
bu cür hərəkətlərin yolverilməzliyi ilə bağlı
geniş hüquqi maarifləndirmə işinin aparılmasına
baxmayaraq, göstərilən qanun pozuntuları yenə
də müşahidə edilməkdədir.
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə
iştirak etmək üçün qeydə alınmış namizədlərə,
namizədi qeydə alınmış siyasi partiyalar, siyasi
partiyalar bloklarına, onların səlahiyyətli
nümayəndələrinə və vəkil edilmiş şəxslərinə
və eləcə də ölkəmizdə fəaliyyət göstərən televiziya
və radio şirkətlərinə, o cümlədən digər kütləvi
informasiya vasitələrinə müraciət edərək bildirir
ki, həmin qurum və şəxslərin fəaliyyəti qanunun
tələblərinə cavab verməli, onların seçkiqabağı
proqramlarında, seçicilərlə görüşlərə həsr olunmuş
yığıncaqlarında və çıxışlarında, kütləvi informasiya
vasitələrində yayılan təşviqat materiallarında
qanuna zidd çağırış və fikirlərə, digər namizədlərin
və vətəndaşların şərəf və ləyaqətini alçaldan
mülahizələrə yol verilməməlidir.
Televiziya və radio təşkilatları qeydə alınmış
namizədlərə efir vaxtı ayırarkən Azərbaycan
Respublikası Seçki Məcəlləsinin tələblərinə
ciddi əməl etməli və bu sahədə sui-istifadə
hallarına yol verməməlidirlər.
Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak
edən namizədlərdən, siyasi partiya, siyasi partiyalar
bloklarından və bu prosesin digər iştirakçılarından
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə
ciddi əməl edilməsini tələb edir və bəyan edir
ki, qanunvericiliyin bu münasibətləri tənzim
edən müddəalarına əməl olunmaması Azərbaycan
Respublikası Cinayət Məcəlləsi, İnzibati Xətalar
Məcəlləsi və Mülki Məcəllə ilə müəyyən edilmiş
qaydada məsuliyyət doğurur.
Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyası