Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri_E.S.Rüstəmov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cü
il tarixli 16/97
saylı Qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə seçkilərində xüsusi
seçki hesablarının açılmasının və aparılmasının
uçotu, hesabatı qaydası, habelə namizədlərin,
qeydə alınmış namizədlərin, siyasi partiyaların,
siyasi partiyalar bloklarının seçki fondlarına
vəsaitin daxil olması və xərclənməsi qaydaları
haqqında
T ə l i m a t
Bu Təlimat Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (bundan sonra
– Seçki Məcəlləsi) 94.1-ci maddəsinə əsasən
hazırlanıb və Azərbaycan Respublikası “Banklar
haqqında” Qanununa uyğun olaraq bələdiyyə seçkilərində
xüsusi seçki hesablarının açılmasının və aparılmasının
ucotu, hesabatı qaydası, habelə namizədlərin,
qeydə alınmış namizədlərin (bundan sonra – namizədin),
siyasi partiyaların, siyasi partiyalar bloklarının
seçki fonduna vəsaitin daxil olması və xərclənməsi
qaydalarını müəyyən edir.
1. Bələdiyyə üzvlüyünə namizəd seçkiqabağı təşviqatı
maliyyələşdirmək üçün Seçki Məcəlləsinin 91-ci
və 225-ci maddələrinə müvafiq qaydada və müddətdə
seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki
hesabı açmalıdır. Bələdiyyə üzvlüyünə namizədin
seçki fondu Seçki Məcəlləsinin 225-ci maddəsi
ilə müəyyənləşdirilmiş həcmdə və həmin maddədə
nəzərdə tutulmuş mənbələr hesabına yaradılmaqla,
Birləşmiş Universal Səhmdar Bankında, o cümlədən
onun filiallarında xüsusi hesabda saxlanılır.
2. Bələdiyyə üzvlüyünə namizədin irəli sürülməsi
dairə seçki komissiyasının müvafiq qərarı ilə
təsdiq edildikdən sonra 5 gün müddətində seçki
fondunun formalaşdırılması üçün xüsusi seçki
hesabı açılır.
Namizəd və ya onun səlahiyyətli nümayəndəsi,
siyasi partiyalar, siyasi partiyalar bloku namizəd
irəli sürülməsinin təsdiq olunması barədə dairə
seçki komissiyasından alınan arayışla birlikdə
aşağıdakı sənədlər əlavə edilməklə xüsusi seçki
hesabı açırlar:
a) siyasi partiyalar:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- siyasi partiyanın nizamnaməsinin notariat
qaydasında təsdiq edilmiş surəti;
- dövlət qeydiyyatına alınması haqqında sənədin
notariat qaydasında təsdiq edilmiş surəti;
- statistika orqanlarında uçot vahidlərinin
dövlət reyestrinə daxil edilməsi haqqıda şəhadətnamənin
notariat qaydasında təsdiq edilmiş surəti;
- dövlət sosial sığorta orqanında uçota alınması
barədə bilidirişin əsli;
- müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə
- dublikatın əsli;
- notariat qaydasında təsdiq edilmiş imza və
möhür nümunələri vərəqəsi.
- siyasi partiyalar maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə təyin edibsə, şəxsiyyətini
təsdiq edən sənəd.
b) siyasi partiyalar bloku:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- siyasi partiyalar blokunun maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə təyin etdiyi iclasın
qərarı;
- maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin
şəxsiyyətini təsdiq edən sənəd;
- notariat qaydasında təsdiq edilmiş imza və
möhür nümunələri vərəqəsi;
c) namizəd:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- namizədin və ya onun səlahiyyətli nümayəndəsinin
şəxsiyyətini təsdiq edən sənəd (əgər xüsusi
hesabın açılması səlahiyyətli nümayəndəyə tapşırılıbsa);
3. Yuxarıda göstərilən sənədlər təqdim edildikdən
sonra müvafiq bank namizədə dərhal xüsusi seçki
hesabı açmalıdır.
4. Namizədlər üçün vahid seçki fondu yaratmaq
niyyətində olan siyasi partiyalar Seçki Məcəlləsinin
226.2-ci maddəsinə uyğun hərəkət edirlər. Vahid
seçki fondunun ləğv edilməsi Seçki Məcəlləsinin
227-ci maddəsi ilə tənzimlənir.
Vahid seçki fondu xüsusi seçki hesabının açılması
qaydasında yaradılır.
5. Namizədlər, siyasi partiyalar, siyasi partiyalar
bloku yalnız bir xüsusi seçki hesabı aça bilərlər.
6. Xüsusi seçki hesabı və vahid seçki fondu
üzrə bütün əməliyyatlar manatla həyata keçirilir.
7. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq
şərtilə, səsvermə gününə 10 gündən az müddət
qaldıqda isə 3 iş günü ərzində bir dəfədən az
olmamaq şərtilə dairə seçki komissiyasına namizədlərin
xüsusi seçki hesabına daxil olan və xərclənən
vəsaitlər barədə Təlimatın 1 saylı əlavəsinə
uyğun formada məlumat verir.
8. Namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının seçki fondunda cəmləşən
vəsaitlərdən yalnız aşağıdakı məqsədlər üçün
istifadə edilə bilər:
a) imza toplanmasına yönəldilmiş təşkilati-texniki
tədbirlərin maliyyə təminatı, habelə seçici
imzalarının toplanması üçün müvafiq şəxslərə
haqq ödənilməsi üçün;
b) seçkiqabağı təşviqatla bağlı tədbirlərin,
habelə informasiya və məşvərət xidmətləri dəyərinin
ödənilməsi üçün;
c) seçki kampaniyasının keçirilməsi ilə əlaqədar
hüquqi şəxslərin və vətəndaşların bilavasitə
yerinə yetirdikləri digər işlərin dəyərinin
ödənilməsi ilə bağlı xərclər.
9. Namizədlərə təşviqat aparmaq və namizədlərin
irəli sürülməsinin müdafiəsi üçün imzaların
toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin
və seçici imzalarının toplanması üçün müvafiq
şəxslərin haqqının ödənilməsi üçün seçki fonduna
daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən
istifadə etmək qadağandır.
10. Xüsusi seçki hesabına vəsaitlər yalnız Seçki
Məcəlləsinin 225-ci maddəsində göstərilən məbləğdə
və göstərilən şəxslər tərəfindən köçürülə bilər.
11. Yalnız Azərbaycan Respublikasının vətəndaşı
olan şəxslər tərəfindən könüllü ianələr Seçki
Məcəlləsinin 93.1-ci maddəsində göstərilən qaydada
köçürülə bilər.
Hüquqi şəxslərin ianələri yalnız nağdsız qaydada
xüsusi seçki hesabına Seçki Məcəlləsinin 93.2-ci
maddəsində göstərilən şərtlər nəzərə alınmaqla
qəbul edilir.
12. Vətəndaşların və hüquqi şəxslərin könüllü
ianələri xüsusi seçki hesabına rabitə şöbələri,
banklar və digər kredit təşkilatları vasitəsilə
müvafiq ödəniş sənədi alındıqdan sonra ən geçi
iki gün ərzində köcürülməlidir.
13. Namizədlərin, siyasi partiyaların və siyasi
partiyalar bloklarının seçki fonduna ianələr
Seçki Məcəlləsinin 90.2 maddəsində göstərilən
buna hüququ olmayan fiziki və ya hüquqi şəxslərdən
daxil olubsa, yaxud Seçki Məcəlləsində nəzərdə
tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil
bank bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq
müvafiq seçki komissiyasına məlumat verir.
14. Namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının
seçki fondlarına ianələr buna hüququ olmayan
fiziki və hüquqi şəxslərdən daxil olubsa, ianənin
xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı
10 gün müddətində namizəd, qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiya bloku ianəni
bütünlüklə geri qaytarılmasının səbəbini göstərməklə
və göndərmə xərclərini çıxmaqla ianəçiyə qaytarmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 90.2-ci
maddəsində göstərilən fiziki və hüquqi şəxslər
tərəfindən namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının
seçki fonduna könüllü ianələrin köçürülməsi
yolverilməzdir.
Anonim ianələr xüsusi seçki hesabına daxil olduqda
Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq
dövlət büdcəsinə köçürülür.
15. Müvəkkil bank bu hallar barədə Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyasına hesabat
verməlidir.
16. Qeydə alınmış namizədlərin xüsusi seçki
hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən
sonra 3 iş günü müddətində dayandırılır.
17. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə
tutulmuş digər hallarda dairə seçki komissiyasının
göstərişi ilə müvafiq bank namizədlərin, qeydə
alınmış namizədlərin xüsusi seçki hesablarından
xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını
dayandırır.
18. Maliyyə əməliyyatlarının aparılması müddəti
yalnız Seçki Məcəlləsinin 92.1-ci maddəsində
müəyyən edilmiş hallarda və əsaslarla Mərkəzi
Seçki Komissiyası tərəfindən uzadıla bilər.
19. Bələdiyyə seçkiləri zamanı bələdiyyə üzvlüyünə
namizədlərin aldıqları pul vəsaitlərinin geri
qaytarılması qaydaları Seçki Məcəlləsinin 90.5
– 90.7-ci maddələri lə müəyyən edilir.
20. Namizədlərin, qeydə alınmış namizədlərin
seçki fondlarının xüsusi hesabında qalmış pul
vəsaitini dairə seçki komissiyasının yazılı
göstərişinə uyğun olaraq müvafiq bank səsvermə
günündən 60 gün keçdikdən sonra dairə seçki
komissiyasının hesabına köçürməlidir.