. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(BƏLƏDİYYƏ[17.12.2004])

17 dekabr 2004-cü il Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərinin nəticələri haqqında

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Qərarı

Mərkəzi Seçki Komissiyası özünün 17 avqust 2004-cü il tarixli 13/74 saylı qərarına əsasən Azərbaycan Respublikasında 17 dekabr 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçici siyahısına daxil edilmiş 4.551.346 seçicidən 2.019.267 nəfərin, yəni seçicilərin ümumi sayının 46,34%-nin səsvermədə iştirak etdiyini və bunun nəticəsində də seçkilərin baş tutduğunu bəyan edərək;
seçkilərin hazırlanması və keçirilməsi dövründə Konstitusiyanın, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunduğunu və
a) qeydiyyat mərhələsində daxil olmuş şikayətlərə əsasən 298 nəfər namizədin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alındığını,
b) qeydə alınmış 38041 bələdiyyə üzvlüyünə namizədə təbliğat və təşviqat dövründə bərabər şəraitin yaradıldığını,
c) səsvermə günü də daxil olmaqla seçki dövrü baş verən bütün çatışmazlıqların dərhal aradan qaldırıldığını,
d) seçkilərin 118 seçki dairəsi və 5080 seçki məntəqəsi üzrə keçirildiyini və 21613 bələdiyyə üzvünün seçilməsi üçün 2731 bələdiyyəni əhatə etdiyini qeyd edərək;
Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində – Dağlıq Qarabağ regionunda (Xankəndi şəhəri, Şuşa, Xocalı, Əsgəran, Xocavənd rayonları), Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsinin qeyri-mümkün olduğunu və buna görə də,
a) Azərbaycan Respublikasının suveren hüquqlarının və işğal nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının digər hüquqları ilə yanaşı yerli özünüidarəetmə orqanlarının yaradılmasında iştirak hüququnun və bu orqanlara seçmək və seçilmək hüququnun kobud şəkildə pozulduğunu,
b) bütün bunlara baxmayaraq görülmüş tədbirlər nəticəsində məcburi köçkünlərin aktiv seçki hüququnun, yəni səsvermə hüququnun təmin olunduğunu və adlarının seçici siyahısına daxil edildiyini,
c) habelə, Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində öz tarixi torpaqlarından qaçqın düşmüş insanların aktiv və passiv seçki hüququnun təmin olunduğunu BMT-nin, ATƏT-in, AŞ-nın və digər beynəlxalq təşkilatların nəzərinə çatdıraraq;
seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlərin görülməsi və qanuna müvafiq surətdə müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində, səsvermə günü, 120 beynəlxalq və 13200-dən çox yerli müşahidəçinin, 11 informasiya agentliyi, 17 xarici KİV, 10 teleradio şirkəri, 44 yerli qəzet və jurnal nümayəndələrinin seçkilərin gedişini izlədiyini vurğulayaraq;
səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilərin seçkilərin ümumi nəticəsinə təsir etməyən bəzi qüsurların olmasını göstərməklə yanaşı, ümumən seçkiləri müsbət qiymətləndirdiklərini, ATƏT və ABŞ səfirliyi müşahidəçilərinin isə Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq tədbirlər görülməklə seçkilərin peşəkarcasına idarə olunmasına və həyata keçirilməsinə səy göstərməsini qeyd etmələrini təqdir edərək;
həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələrilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələrin Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsini, yekun protokollarının və digər seçki sənədlərinin, bəzi istisnalar olmaqla, məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılmasını nəzərə alaraq;
Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarından bələdiyyələr üzrə yekun protokolları və digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxladığını qeyd edərək;
yerli və beynəlxalq müşahidəçilər, komissiya üzvləri, namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyalar və onların səlahiyyətli nümayəndələri və KİV nümayəndələri tərəfindən qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərin də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırıldığını və araşdırma nəticəsində
a) müraciətlərin, protokol və ona əlavə edilmiş sənədlərdəki məlumatların bir qisminin bir sıra seçki məntəqələri, o cümlədən bələdiyyələr üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasına əsas yaratdığnı,
b) özündə cinayət xarakterli məlumatları əks etdirən müraciətlərin isə araşdırılmasının müvafiq prokurorluq orqanlarının səlahiyyətinə aid olduğunun müəyyən edildiyini xüsusilə vurğulayaraq;
bir qism bələdiyyələrdə seçki günü və səsvermənin nəticələrinin rəsmiləşdirilməsi ilə əlaqədar seçkilərin nəticələrinə təsir edən ciddi qanun pozuntularına və kobud səhvlərə yol verilməsini, bəzi hallarda müvafiq məntəqə seçki komissiyaları tərəfindən seçicilərin səsvermə hüquqlarının məhdudlaşdırılmasını və bu cür kobud qanun pozuntularının aradan qaldırılması üçün müvafiq məntəqə və dairə seçki komissiyaları sədrləri və müvafiq komissiyalar tərəfindən lazımi tədbirlərin görülməməsini təəssüflə qeyd edərək;
13 saylı Əzizbəyov birinci, 33 saylı Xətai birinci, 45 saylı Abşeron, 58 saylı Hacıqabul – Kürdəmir, 59 saylı Salyan, 93 saylı Bərdə şəhər, 109 saylı Balakən, 111 saylı Zaqatala – Balakən dairə seçki komissiyalarının isə əvvəlki seçki mərhələləri də daxil olmaqla səsvermə günü və ondan sonra üzərinə düşən vəzifələrin öhdəsindən lazımınca gələ bilmədiklərini narahatlıqla ifadə edərək;
Seçki Məcəlləsinin 240.2-ci maddəsinə müvafiq olaraq 7 seçki dairəsində 10 bələdiyyə üzrə dairə seçki komissiyalarının qərarları ilə səsvermənin nəticələri etibarsız hesab edildikdən sonra Azərbaycan Respublikasının seçki keçirilən hissəsində 2678 bələdiyyənin tam, 4 bələdiyyənin üzvlərinin sayının 2/3-dən az tərkibdə, 39 bələdiyyənin isə üzvlərinin sayının 2/3-dən çox tərkibdə formalaşması nəticəsində 21471 nəfərin bələdiyyə üzvü seçildiyini əminliklə ifadə edərək;
seçkilərin nəticələrinin obyektiv surətdə qiymətləndirilməsi və qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2, 25, 28.4, 107.4, 112.9, 239, 240, 241-ci maddələrini, “Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında” 27 may 2003-cü il tarixli qanunun 3.5, 3.6 və 19.14-cü maddələrini rəhbər tutaraq

QƏRARA ALIR:

1. 17 dekabr 2004-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikası bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın.
2. Bəzi seçki məntəqələri və bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə dair müvafiq dairə seçki komissiyalarının qərarları nəzərə alınsın (siyahı əlavə olunur – 1 saylı əlavə).
3. Tərkibi bələdiyyə üzvlərinin sayının 2/3 hissəsindən az olan bələdiyyələrin, o cümlədən tərkibi 2/3 hissədən çox, lakin bələdiyyə üzvlərinin sayından az sayda üzv seçilmiş bələdiyyələrin müəyyən olunması nəzərə alınsın.
4. 409 seçki məntəqəsinin nəticələri etibarsız hesab edilsin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.1.2-ci maddəsinə əsasən, müvafiq olaraq 135 bələdiyyəyə seçkilər etibarsız hesab edilsin (siyahılar əlavə olunur – 2 və 3 saylı əlavələr).
5. Seçilmiş bələdiyyə üzvlərinin siyahısı elan edilsin (siyahı əlavə olunur).
6. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən səsvermənin nəticələri etibarsız sayılmış 50 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılsın (siyahı əlavə olunur – 4 saylı əlavə).
7. Seçkilərin hazırlanması və keçirilməsi zamanı öz fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə 13 saylı Əzizbəyov birinci, 33 saylı Xətai birinci, 45 saylı Abşeron, 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı Salyan, 93 saylı Bərdə şəhər, 105 saylı Tovuz, 109 saylı Balakən, 111 saylı Zaqatala-Balakən seçki dairələri dairə seçki komissiyaları sədrlərinin tutduqları vəzifələrə uyğunsuzluqları müəyyən edilsin.
8. Seçkilərlə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasına daxil olmuş və komissiya üzvləri tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmış müraciətlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin (siyahı əlavə olunur).

 

Dairə seçki komissiyaları tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin siyahısı

Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin siyahısı

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin siyahısı


Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Xanmurad Əhmədov

Asif Mahmudov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə

Asəf Əliyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası