Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 2 iyul 2004-cü
il tarixli 07/53
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının
Milli Məclisinə seckilər zamanı təsdiq edilmiş
deputatlığa namizədin müdafiəsi ücün seçici
imzalarının toplanması və dairə seçki komissiyasına
təqdim edilməsi qaydaları haqqında
T Ə L İ M A T
Azərbaycan Respublikasınin
Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş
deputatlığa namizədin (bundan sonra – namizəd)
müdafiəsi üçün seçici imzalarının toplanması
və dairə seçki komissiyasına təqdim edilməsi
qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin
56 – 58-ci və 147-ci maddələri ilə tənzimlənir.
I. Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilər zamanı
namizədin müdafiəsi üçün seçici imzalarının
toplanması
1.1. Siyasi partiyaların,
siyasi partiya bloklarının, seçicilərin təşəbbüs
qruplarının irəli sürdükləri və ya öz təşəbbüsü
ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədilə
seçici imzalarının toplanması müvafiq seçki
komissiyası tərəfindən namizədlərə və ya səlahiyyətli
nümayəndələrə deputatlığa namizəd irəli sürülməsini
təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır.
1.2. Deputatlığa namizədin müdafiəsi ücün onun
namizədliyinin irəli sürüldüyü seçki dairəsinin
ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
1.3. Dövlət orqanlarının, bələdiyyə qurumlarının,
mülkiyyət formasından asılı olmayaraq hüquqi
şəxslərin imza toplanmasında iştirakına yol
verilmir. İmza toplanması prosesində seçiciləri
imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək
və ya buna görə onları hər hansı formada mükafatlandırmaq
qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq
məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış
imzaların etibarsız sayılması və namizədin qeydə
alınmasından imtina üçün əsas ola bilər.
1.4. Azərbaycan Respublikasının aktiv seçki
hüququ olan hər bir vətəndaşı deputatlığa namizədi
müdafiə etmək üçün imza vərəqəsinə imza etmək
hüququna malikdir. Seçici yaşadığı seçki dairəsinin
ərazisində namizədliyi irəli sürülmüş bir necə
namizədin müdafiəsi üçün imza edə bilər.
1.5. Seçici imzalarını Azərbaycan Respublikasının
18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı
toplaya bilər. Namizəd, siyasi partiya, siyasi
partiyaların bloku seçici imzalarını toplayan
şəxslə imza toplanması barədə müqavilə bağlaya
bilər. Belə işin haqqı yalnız namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun seçki
fondu hesabına ödənilə bilər.
1.6. Seçici imza vərəqəsində imza edərkən soyadını,
adını, atasının adını, doğum tarixini, yaşayış
yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya
onu əvəz edən sənədin seriyasını və nömrəsini,
verilmə tarixini, imza etdiyi tarixi göstərir.
İmza vərəqəsində seçicinin əvəzinə ona aid olan
məlumatları imza toplayan şəxs seçicinin razılığı
ilə doldura bilər (imza və imzanın qoyulduğu
tarix istisna olmaqla). İmza etmək və tarix
qoymaq hüququ yalnız seçiciyə məxsusdur. Göstərilən
məlumatlar əllə yazılır və onların yayılmamasına
təminat verilir.
1.7. Deputatlığa namizədi müdafiə etmək üçün
imza edən seçicinin şəxsiyyətini təsdiqləyən
sənəd kimi aşağıdakılar tanınır: Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,
keçmiş SSRİ pasportu, həqiqi hərbi xidmətdə
olan əsgərin və çavuşun hərbi bileti, gizir
və zabitlərin şəxsiyyətlərini təsdiq edən sənədləri,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə
Dövlət Komitəsi tərəfindən hazırlanmış vəsiqə
(başqa sənədləri yoxdursa).
1.8. İmza vərəqəsində seçiciyə aid bütün məlumatlar
müvafiq qrafalarda mütləq qeyd edilməlidir.
Bu tələbə riayət edilmədən toplanan seçici imzaları
etibarsız sayılır və imzaların ümumi sayında
hesablanmır.
1.9. İmza toplayan şəxs tərəfindən hər bir imza
vərəqəsinin yuxarı sol tərəfində seçici imzalarının
toplandığı seçki dairəsinin nömrəsi və adı göstərilməlidir.
1.10. Seçici imzaları tədris müəssisələrində,
yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı
təşviqat aparılmasının qadağan edilmədiyi digər
yerlərdə toplana bilər.
1.11. Deputatlığa namizədin müdafiəsi üçün imza
etmək könüllüdür. Seçicinin hər hansı bir vasitə
ilə (fiziki və ya psixi zor tətbiq etməklə,
yaxud bu cür zor tətbiq etmək hədəsi ilə, əmlak
tələb etməklə, yaxud həmin əmlakı tələb etmək
hədəsi ilə aldatma və s.) imza atmağa məcbur
etmək qəti qadağandır və bu cür hərəkətlər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə
tutulmuş məsuliyyətə səbəb olur.
1.12. İmza toplandıqdan sonra imza vərəqəsi
imza toplayan şəxs, namizəd və təyin edilibsə,
namizədin səlahiyyətli nümayəndəsi tərəfindən
imzalanır. İmza toplamış şəxs imza vərəqəsinə
imza qoymazdan əvvəl soyadını, adını, atasının
adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyasını və nömrəsini, verilmə
tarixini göstərir.
1.13. Namizəd siyasi partiya, siyasi partiyaların
bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan
sonra imza vərəqəsi namizəd, imzaları toplayan
şəxs və siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsi tərəfindən
imzalanır. İmza toplamış şəxs imza vərəqəsində
imza qoymazdan əvvəl soyadını, adını, atasının
adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədin seriyasını və nömrəsini, verilmə
tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə
isə soyadını, adını, atasının adını və imza
qoyulması tarixini göstərir.
1.14. Namizəd irəli sürmüş siyasi partiyalar,
siyasi partiyaların bloku, seçicilərin təşəbbüs
qrupları müvafiq seçki komissiyasına eyni şəxsin
namizədliyini irəli sürmələri barədə yazılı
məlumat verdikdən sonra namizədin müdafiəsi
üçün seçicilərin lazım olan sayda imzalarını
birgə toplaya bilərlər. Bu halda, müxtəlif şəxslərin
topladığı seçici imzalarının cəmləşdirilməsinə
icazə verilir.
1.15. Namizəd və ya namizədin, siyasi partiyanın
və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri
irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış
seçici imzalarının sayını hesablamalı, seçici
imzalarının toplanması haqqında yekun protokolu
(protokolun nümunəsi bu Təlimata əlavə olunur)
tərtib etməli və imzalamalıdırlar.
1.16. Dairə seçki komissiyasına təqdim edilən
imza vərəqələri ardıcıl olaraq nömrələnməli
və qovluq formasında səhifələnməlidir.
II. Deputatlığa namizədin qeydə
alınması üçün
seçki sənədlərinin təqdim edilməsi
2.1. Namizədin qeydə
alınması üçün namizəd və ya namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndəsi səsvermə gününə ən çoxu 105 və ən
azı 70 gün qalmış saat 18.00-dək dairə seçki
komissiyasına aşağıdakı seçki sənədlərini təqdim
edir:
– deputatlığa namizədin müdafiəsi üçün toplanmış
seçici imzaları olan imza vərəqələri;
– seçici imzalarının toplanması yekunu haqqında
bu Təlimata əlavə edilmiş yekun protokolunun
2 nüsxəsi;
– deputatlığa namizədin öhdəlik ərizəsində namizəd
haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş
(Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələri);
– deputatlığa namizədin seçkilərin təyin edildiyi
gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin
miqdarı və mənbələri barədə bu Təlimata əlavə
edilən Namizədin gəlirlərinin miqdarı və mənbəyi
haqqında Məlumat formasına uyğun bilgi;
– gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin
illik cəmi barədə arayış;
– Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
5 saylı əlavəyə uyğun formada tərtib edilmiş
namizədə məxsus əmlak barədə məlumat;
– seçici imzaları toplanmasının təşkili ücün
sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə,
namizədin ilkin maliyyə hesabatı.
2.2. Namizədin qeydə alınması üçün seçki sənədləri
müvafiq dairə seçki komissiyasina təqdim edilərkən
həmin komissiyanın hesabına namizədin seçki
fondu məbləğinin yuxarı həddinin 3 faizi məbləğində
könüllü qeydiyyat depozitinin köçürülməsi barədə
bank sənədi təqdim oluna bilər. Qeydiyyat depozitinin
seçki komissiyası tərəfindən geri qaytarılması
halları Seçki Məcəllənin 60.5-ci maddəsi ilə
müəyyən edilir.
2.3. Dairə seçki komissiyaları imza vərəqələrini
Azərbaycan Respublikasının Seçki Məcəlləsində
qeyd olunan müddətdə saat 9.00-dan 18.00-dək
qəbul edir. Qanunvericiliklə müəyyən edilən
müddətdən sonra təqdim olunan imza vərəqələri
qəbul edilmir.
2.4. Dairə seçki komissiyası seçki sənədlərini
qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu
möhürlə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri
sayının seçici imzaları toplanmasının yekunu
haqqında protokolla uyğunluğunu yoxlayır, sonra
isə qəbul edilmiş seçki sənədlərinin, eləcə
də imza vərəqələrinin və imza vərəqələrindəki
imzaların sayını göstərməklə, sənədlərin qəbulu
barədə yazılı arayış verir. Arayış dairə seçki
komissiyasının üzvü, həmçinin namizəd və ya
namizədin, siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsi tərəfindən
imzalanıb dairə seçki komissiyasının möhürü
ilə möhürlənir. Arayışın bir nüsxəsi seçki sənədlərini
təqdim edən namizədə və ya səlahiyyətli nümayəndəyə
təqdim olunur.
_______