. : TƏLİMATLAR(MİLLİ MƏCLİS[19.10.2004])

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/44 saylı qərarı ilə təsdiq edilmişdir.


Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçicilərin təşəbbüs qruplarının yaradılması, vətəndaşın öz təşəbbüsü və ya seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi irəli sürmələri qaydaları haqqında


T ə l i m a t

1.1. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı deputatlığa namizədin irəli sürülməsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 53-cü və 146-cı maddələri ilə nizama salınır.
1.2. Seçki dairəsi üzrə təkrar seçkilərdə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.
1.3. Əlavə seçkilərdə namizədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 145.4-cü maddəsində göstərilən müddətdən, yəni seçkilərin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edildikdən sonra irəli sürülür.
1.4. Seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar Milli Məclisə deputatlığa namizədləri irəli sürmək üçün azı 50 nəfərdən ibarət olan seçicilərin təşəbbüs qrupunu yarada bilərlər.
2. Namizədin öz təşəbbüsü və ya aktiv seçki hüququ olan vətəndaşlar tərəfindən namizədliyi o şərtlə irəli sürülə bilər ki, aşağıda göstərilən sənədlər bu Təlimata əlavə olunmuş nümunələrə uyğun formada müvafiq dairə seçki komissiyasına təqdim edilsin.
3. Namizəd və yaxud, namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə dairə seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, bundan başqa irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda – fəaliyyət növü) göstərilməlidir.
4. Deputatlığa namizəd irəli sürmək məqsədi ilə təşəbbüs qrupu yaratmaq istəyən seçicilər tərəfindən yığıncaq keçirilir. İclasdan qabaq təşəbbüs qrupunu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsinin yeri və vaxtı barədə məlumat verilir. Təşəbbüs qrupunun üzvlərinin müfaviq seçki dairəsinin ərazi vahidlərində yaşamaları faktı əsas götürülür.
4.1. Həmin yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:
- azı 50 nəfərdən ibarət olan seçicilərin təşəbbüs qrupunun yaradılması;
- deputatlığa namizədin irəli sürülməsi;
- seçicilərin təşəbbüs qrupu kimi qeydə alınması və deputatlığa namizədliyi İrəli sürülən şəxsin qeydə alınması barədə qərar verilməsi üçün dairə seçki komissiyasına bildirişlə müraciət edilməsi.
4.2. Göstərilən məsələlər seçicilərin təşəbbüs qrupunun yığıncağında müzakirə edilərək qərarlar çıxarılır və protokol tərtib olunur. Həmin protokolu iclasın sədri və katibi imzalayır.
4.3. Seçicilərin təşəbbüs qrupunun yığıncağının protokolu və bildirişin hər bir vərəqi, əgər yığıncaq müəssisə, idarə və ya təşkilatda keçirilirsə, həmin təşkilat, idarə və ya müəssisənin möhüründən istifadə etməklə, əgər yığıncaq seçicilərin yaşayış yeri üzrə keçirilirsə, mənzil istismar sahəsinin və ya müvafiq bələdiyyələrin möhüründən istifadə etməklə təsdiqlənir.
4.4. Dairə seçki komissiyasına öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürən vətəndaş aşağıdakı sənədlər təqdim etməlidir:
1) deputatlığa namizədliyin irəli sürülməsinə dair bildiriş (bildirişin nümunəsi bu Təlimata əlavə edilir);
2) deputatlığa namizədin şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin surəti (bu sənəd notariat qaydada təsdiq edilməlidir);
3) deputatlığa namizədin ərizəsi (Deputatlığa namizədliyi irəli sürülən şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və yaşadığı yer, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda fəaliyyət növü), partiyalılığı, namizədliyə irəli sürülməsi haqqında razılıq ərizəsində göstərilməlidir (bu ərizə notariat qaydada təsdiq edilməlidir). Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını dairə seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və dairə seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz;
4) Öhdəlik barədə ərizə (bu ərizədə namizəd deputat seçilcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəlik götürməsini qeyd edir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət növü) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu halda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanunun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərin olub-olmaması da göstərilməlidir.
Səlahiyyətli nümayəndə təyin edilibsə:
5) səlahiyyətli nümayəndənin(lərin) razılıq ərizəsi (bu ərizə notariat qaydada təsdiq edilməlidir);
6) deputatlığa namizədin səlahiyyətli nümayəndəsinin(lərinin) siyahısı;
7) deputatlığa namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin(lərin) vəkalətnaməsi (vəkalətnamə notariat qaydada təsdiq edilməlidir);
4.5. deputatlığa namizədin seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülməsi üçün bu Təlimatın 4.4 bəndində göstərilən sənədlərlə birlikdə (bu Təlimatın 4.4-cü bəndinin 1-ci hissəsi istisna olmaqla) aşağıda göstərilən sənədlər əlavə edilməlidir:
1) seçicilərin təşəbbüs qrupunun yaradılması barədə yığıncağın protokolu (protokolun nümunəsi bu Təlimata əlavə edilir);
2) Azərbaycan Respublikasının Milli Məclis seçkilərində namizəd irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş (bildirişin nümunəsi bu Təlimata əlavə edilir);
3) seçicilərin təşəbbüs qrupu üzvlərinin siyahısı (siyahıda üzvlərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşadığı yerin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, imzası göstərilməlidir);
5. Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş sənədlərin alınması barədə deputatlığa namizədə və ya onun səlahiyyətli nümayəndəsinə yazılı arayış verilməlidir.
6. Dairə seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır deputatlığa namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədin irəli sürülməsini təsdiq olunub-olunmadığı barədə qərar təqdim edir.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd irəli sürülməsi haqqında bildiriş
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd irəli sürülməsinə təşəbbüs edilməsi haqqında bildiriş
Azərbaycan Respublikasının Mlli Məclisinə seçkilərdə seçicilərin təşəbbüs qrupunun yaradılması və deputatlığa namizədin irəli sürülməsi barədə yığıncağın protokolu

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az