Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 9 sentyabr 2004-cü
il tarixli 18/118
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə seçki məntəqəsində səslərin hesablanması
və səsvermənin nəticələri haqqında məntəqə seçki
komissiyasının yekun protokolunun doldurulması
qaydaları haqqında
İ Z A H
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilər üzrə səsvermə başa
çatdıqdan sonra hər bir məntəqə seçki komissiyasında
səsvermənin nəticələri haqqında yekun protokolu
tərtib olunur. Həmin protokolun doldurulması
qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(bundan sonra – Seçki Məcəlləsi) 100-cü, 106-cı
və 168-ci maddələrinə və bu İzaha uyğun olaraq
müəyyənləşdirilir.
Protokol tərtib edilərkən hər bir bəndin məlumatı
ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə
yazılır. Protokolun karandaşla yazılmasına və
onda hər hansı bir düzəliş edilməsinə icazə
verilmir. Rəsmi protokolda düzəliş edilməsinə
icazə verilmədiyinə görə, əvvəlcə onun mütləq
q a r a l a m a nüsxəsi tərtib
edilməlidir. Protokolun 1 – 7-ci bəndlərindəki
məlumatlar seçki qutuları açılmazdan əvvəl yazıla
bilər.
Protokol seçki komissiyasının həlledici səs
hüquqlu üzvləri tərəfindən tərtib edilir və
seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin
ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır.
Komissiyanın bütövlükdə protokolla və ya onun
ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici
səs hüquqlu üzvü protokola öz xüsusi rəyini
əlavə edə bilər və bu barədə protokolda müvafiq
qeyd aparılır. Protokolun tərtib edilməsini
Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində
göstərilən şəxslər müşahidə edə bilərlər.
Protokola aşağıdakı məlumatlar daxil edilir:
Protokolun 1-ci bəndi – Məntəqə
üzrə seçicilərin ümumi sayı
o cümlədən:
a) seçicilər siyahısındakı seçicilərin sayı;
b) qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən
seçicilərin sayı.
Səsvermənin nəticələri haqqında məntəqə
seçki komissiyası protokolunun 1-ci bəndində
seçicilər siyahısındakı və qeydiyyatdançıxma
vəsiqəsi ilə səs verən seçicilərin ümumi sayı
qeyd olunur. Məntəqə seçki komissiyasından qeydiyyatdançıxma
vəsiqəsi alan seçicilərin sayı buraya daxil
edilməməlidir. Həmin bəndin “a” və “b” yarımbəndlərindəki
rəqəmlərin cəmi 1-ci bənddə göstərilən saya
bərabər olmalıdır.
Protokolun 2-ci bəndi – Qeydiyyatdançıxma
vəsiqəsi almış seçicilərin sayı
Bu bənddə seçki gününədək seçicilər siyahısına
daxil edilmiş, lakin səsvermə gününə 24 – 3
gün qalanadək qeydiyyatdançıxma vəsiqəsi alaraq,
seçici siyahısından çıxarılmış seçicilərin sayı
qeyd olunur.
Protokolun 3-cü bəndi – Məntəqə
seçki komissiyasına dairə seçki komissiyasından
verilmiş zərflərin sayı
Dairə seçki komissiyası akt tərtib olunmaqla,
məntəqə seçki komissiyasına seçki bülletenləri
ilə birlikdə bülletenləri qoymaq üçün bərabər
sayda zərf də verir. Həmin aktda göstərilən
zərflərin sayı protokolun 3-cü bəndinə daxil
edilir.
Protokolun 4-cü bəndi – Məntəqə
seçki komissiyasına dairə seçki komissiyasından
verilmiş seçki bülletenlərinin sayı (4=5+6+7)
Bu bəndə dairə seçki komissiyasından aktla
məntəqə seçki komissiyasına verilmiş seçki bülletenlərinin
sayı daxil edilir.
Mötərizədə verilmiş tənlik (4=5+6+7), yəni 4-cü
bəndin göstəricisi protokolun 5-ci, 6-cı və
7-ci bəndlərdəki rəqəmlərin cəminə bərabər olmalıdır.
Protokolun 5-ci bəndi – Möhürlənmiş
zərf və bülleten alan seçicilərin sayı (5>11+12+14)
o cümlədən:
a) səsvermə otağından kənarda;
b) səsvermə otağında (daimi və müvəqqəti seçici
siyahılarında olan imzaların sayı + qeydiyyatdançıxma
vəsiqəsi ilə səs verən seçicilərin (1b) sayı)
Bu bəndə səsvermə otağında və səsvermə otağından
kənarda seçki bülleteni almış seçicilərin sayı
daxil edilir. Mötərizədəki tənlik (5> 11+12+14),
yəni 5-ci bəndin rəqəmi protokolun 11-ci,12-ci
və 14 - cü bəndlərindəki rəqəmlərin cəmindən
çox və ya buna bərabər olmalıdır. Bu say bəndin
“a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmini
verməlidir.
Protokolun 6-cı bəndi – İstifadə
edilmədən ləğv olunmuş seçki bülletenlərinin
sayı
İstifadə edilməmiş seçki bülletenləri seçki
qutuları açılmazdan əvvəl səsvermə otağındakı
müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki
komissiyasının üzvləri tərəfindən sayılır, bülletenlərin
aşağı sağ küncü ləğvetmə xəttindən kəsilməklə
ləğv edilir, akt tərtib olunur və elan edilidikdən
sonra bu bəndə yazılır. Ləğv edilmiş seçki bülletenləri
ayrıca yığılıb bağlanır.
Protokolun 7-ci bəndi – Korlanmış
seçki bülletenlərinin sayı
Seçici hər hansı bir səbəbdən seçki bülleteninin
korlanması barədə məntəqə seçki komissiyasına
müraciət edərsə, komissiya müvafiq akt tərtib
etməli və korlanmış seçki bülletenini yarı kəsməklə
ləğv edərək, bunun üçün nəzərdə tutulmuş zərfə
qoymalıdır. Korlanmış seçki bülletenlərinin
sayı protokolun 7-ci bəndinə daxil edilməlidir.
Protokolun 8-ci bəndi – Seçki
qutularında olan möhürlənmiş zərflərin sayı
(müəyyənləşdirilmiş formada olmayan zərflər
istisna edilməklə) (8=9+10)
o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda.
Daşınan və daşınmaz seçki qutuları açılarkən
məntəqə seçki komissiyasının möhürü ilə möhürlənmiş
zərflərin sayı (müəyyənləşdirilmiş formada olmayan
zərflər istisna edilməklə) qutuların açılma
növbəliyinə uyğun olaraq ayrı-ayrılıqda bu bəndin
“a” və “b” yarımbəndlərinə daxil edilir. Müəyyənləşdirilmiş
formalı zərf dedikdə, Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının (bundan sonra –
Mərkəzi Seçki Komissiyası) müəyyən etdiyi formada
hazırlanmış və məntəqə seçki komisiyasının möhürü
ilə möhürlənmiş zərf nəzərdə tutulur. Bütün
digər zərflər qeyri-müəyyən formalı zərflər
hesab edilir.
Mötərizədə göstərilən tənlik (8=9+10), yəni
8-ci bəndin rəqəmi, protokolun 9-cu və 10-cu
bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır.
“a” və “b” yarımbəndlərində göstərilən rəqəmlərin
cəmi 8-ci bənddə göstərilən saya bərabər olmalıdır.
Protokolun 9-cu bəndi – Etibarlı
hesab edilmiş səslərin sayı (içərisində qanunauyğun
doldurulmuş bir ədəd bülleten olan möhürlü zərflərin
sayı)
Bu bənddə içərisində müəyyənləşdirilimiş
formalı 1(bir) seçki bülleteni olan möhürlənmiş
zərflərin sayı qeyd edilir. Bu bülleten nömrələnmiş,
yuxarı sol küncü kəsilmiş, sağ küncü möhürlənmiş
və yalnız 1(bir) namizədin lehinə səs verilmiş
olmalıdır. Bu halda səslər etibarlı sayıılr
və həmin səslərin sayı protokolun 9-cu bəndinə
daxil edilir.
Protokolun 10-cu bəndi – Etibarsız
hesab edilmiş səslərin sayı (içərisində
bir neçə bülleten olan möhürlü zərflərin sayı
+ içərisində heç bir işarə qoyulmayan və ya
birdən artıq namizədin lehinə səs verilmiş bülleten
olan möhürlü zərflərin sayı + içərisində bülleten
olmayan və ya müəyyənləşdirilmiş formada olmayan
bülleten olan möhürlü zərflərin sayı)
Bu bənddə içərisində bir neçə bülleten olan
möhürlü zərflərin, içərisində heç bir işarə
qoyulmayan və ya 1-dən artıq namizədin lehinə
səs verilmiş bülleten olan möhürlü zərflərin
sayı, həmçinin içərisində bülleten olmayan və
ya qeyri-müəyyən formalı bülleten olan möhürlü
zərflərin sayının cəmi qeyd edilməlidir.
Protokolun 11-ci bəndi – Seçki
qutularında olan möhürlənmiş zərflərdəki seçki
bülletenlərinin sayı (müəyyənləşdirilmiş
formada olmayanlar istisna edilməklə)
Bu bəndə Mərkəzi Seçki Komissiyasının təsdiq
etdiyi formada hazırlanmış, nömrəli, yuxarı
sol küncü kəsilmiş və sağ küncündə məntəqə seçki
komissiyasının möhürü olan seçki bülletenlərinin
sayı daxil edilir. Həmin bənddə qeyd edilən
seçki bülletenləri yalnız möhürlənmiş zərflərin
içərisində olmalıdır.
Protokolun 12-ci bəndi – Seçki
qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin
sayı (müəyyənləşdirilmiş formada olmayanlar
istisna edilməklə)
o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda (qutularında).
Bu bəndə seçki qutularında olan zərfə qoyulmamış
seçki bülletenlərinin sayı daxil edilir. Mərkəzi
Seçki Komissiyasının təsdiq etdiyi formada olmayan,
nömrələnmiş yuxarı sol küncü kəsilməyən və sağ
küncü möhürlənməmiş seçki bülletenlərinin sayı
bu bəndə daxil edilməməlidir. Qutuların açılma
növbəliyinə uyğun olaraq daşinan seçki qutusundan
çıxmış həmin bülletenlərin sayı “a” yarımbəndinə,
daşınmaz seçki qutusundan (qutularından) çıxmış
bu cür seçki bülletenlərinin sayı isə “b” yarımbəndinə
daxil edilməməlidir; “a” və “b” yarımbəndlərindəki
rəqəmlərin cəmi 12-ci bənddə göstərilən saya
bərabər olmalıdır.
Protokolun 13-cü bəndi – Seçki
qutularında olan möhürlənməmiş zərflərin sayı
Bu bəndə daşınan və daşınmaz seçki qutularından
çıxmış, məntəqə seçki komissiyasının möhürü
olmayan zərflərin sayı daxil edilməlidir.
Protokolun 14-cü bəndi – Seçki
qutularında olan möhürlənməmiş zərflərdəki seçki
bülletenlərinin sayı (müəyyənləşdirilmiş
formada olmayan bülletenlər istisna edilməklə)
Bu bənddə seçki qutularından çıxan, məntəqə
seçki komissiyası tərəfindən möhürlənməmiş zərflərdəki
seçki bülletenlərinin (Mərkəzi Seçki Komissiyasının
müəyyən etdiyi formada olmayan və ya nömrələnmiş
yuxarı sol küncü kəsilmiş və sağ küncü möhürlənməmiş
seçki bülletenləri istisna edilməklə) sayı yazılır.
Protokolun 15-ci bəndi – Etibarlı
hesab edilmiş səslərin deputatlığa namizədlər
arasında bölünməsi
Protokolun bu bəndində seçki bülleteninə
daxil edilmiş Azərbaycan Respublikası Milli
Məclisinin deputatlığına namizədlərin soyadı,
adı, atasının adı bülletendə göstərilmiş ardıcıllıqla
(əlifba sırası ilə) yazılır, hər bir namizədin
lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə
göstərilir. Seçicilərin etibarlı səslərinin
qeydə alınmış namizədlər arasında bölünməsi
yalnız protokolun 9-cu bəndində göstərilən möhürlənmiş
zərflərin içərisindən çıxan bülletenlər üzrə
hesablanır. Cədvəlin aşağısında səslərin cəmi
yazılır və bu rəqəm protoklun 9-cu bəndində
göstərilən etibarlı səslərin sayına tam bərabər
olmalıdır.
Həmin rəqəmlərdə bərabərlik olmazsa, protokol
etibarsız sayılmalıdır.
Protokolun doldurulma tarixi və vaxtı protokol
tam tərtib olunub qurtardıqdan sonra qeyd edilir.
Protokolun komissiya üzvləri tərəfindən boş
və ya tam doldurulmamış halda imzalanması qadağandır.
Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri
ilə razılaşmayan məntəqə seçki komissiyasının
üzvü protokola özünün xüsusi rəyini əlavə edə
bilər. Belə halda o, protokolu imzalamır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.7-ci
maddəsinə uyğun olaraq yekun protokoluna əlavə
edilən aşağıdakı seçki sənədləri dairə seçki
komissiyasına təqdim olunmalıdır.
Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə
seçki komissiyasına Seçki Məcəlləsinin pozulması
ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr)
və bunlar üzrə məntəqə seçki komissiyasının
qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası
tərəfindən seçki bülletenlərinin alınması haqqında
akt (1 saylı əlavə), istifadə edilməmiş seçki
bülletenlərinin ləğv edilməsi haqqında akt (2
saylı əlavə), səsvermə vəsiqələrinin verilməsi
və istifadə edilməyən səsvermə vəsiqələrinin
ləğv edilməsi haqqında akt (3 saylı əlavə),
seçki bülletenlərinin kəsilmiş sol künclərinin
sayı haqqında akt (4 saylı əlavə), səs verən
vətəndaşların səhvi üzündən korlanmış seçki
bülletenlərinin sayı haqqında akt (5 saylı əlavə),
bağlanıb möhürlənmiş zərflər, səsvermə otağından
kənarda səs vermək üçün seçicilərin ərizələri
ilə əlaqədar götürülmüş, istifadə edilmiş və
istifadə edilmədən geri qaytarılan seçki bülletenlərinin
sayı haqqında akt (6 saylı əlavə), seçki bülletenləri
və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə
vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə
dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə
seçki komissiyasının sədrinin və müxtəlif siyasi
partiyaları təmsil edən iki üzvünün müşaiyəti
ilə dairə seçki komissiyasına göndərilir. Adları
çəkilən aktlar məntəqə seçki komissiyasının
sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin
(ərizələrin), məntəqə seçki komissiyası qərarlarının,
yuxarıda adları çəkilən aktların təsdiq edilmiş
surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
______