|
19 oktyabr
2004-cü il tarixdə Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilən əlavə seçkilərin yekunları
barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
2004-cü il oktyabrın 19-na
təyin edilmiş 24 saylı Nizami birinci, 29 saylı
Səbail, 101 saylı Xanlar-Daşkəsən seçki dairələri
üzrə Azərbaycan Respublikası Milli Məclisinə
əlavə seçkilərin hazırlanıb keçirilməsi Mərkəzi
Seçki Komissiyası tərəfindən hazırlanan Təqvim
planı əsasında həyata keçirilmişdir.
Seçkilərin Seçki Məcəlləsinin tələblərinə uyğun
təşkil edilməsi məqsədilə dairə və məntəqə seçki
komissiyalarının üzvləri üçün seminarlar, seminar-müşavirələr,
məşğələ-treyninqlər keçirilmişdir. Çoxsaylı
təlimat və izahlar hazırlanıb müzakirə edilərək
Mərkəzi Seçki Komissiyasının iclasında qəbul
edilmiş, kütləvi informasiya vasitələrində və
xüsusi kitabçalar şəklində çap edilərək seçki
komissiyası üzvlərinə çatdırılmışdır. Mərkəzi
Seçki Komissiyasının üzvləri, Mərkəzi Seçki
Komissiyası Katibliyinin məsul işçiləri dairə
və məntəqələrdə olmuş, zəruri metodik köməkliklər
göstərmişlər.
Səsvermə günü və ondan sonra daxil olmuş məlumatlar
əsasında, habelə Azərbaycan Respublikası Seçki
Məcəlləsinin tələbinə əsasən Mərkəzi Seçki Komissiyası
tərəfindən müvafiq dairə seçki komissiyaları
protokollarının və nəzərdə tutulmuş digər sənədlərin
yoxlanılması nəticəsində müəyyən edilmişdir
ki, seçkilər əsasən Azərbaycan Respublikası
qanunvericiliyinin tələblərinə uyğun şəkildə
hazırlanıb keçirilmiş, məntəqələr üzrə səsvermə
qanunla müəyyən olunmuş vaxtda başlayıb, qanunda
nəzərdə tutulmuş müddət ərzində davam etmiş,
səslər hesablanaraq səsverməyə vaxtında yekun
vurulmuşdur.
Lakin görülən və həyata keçirilən tədbirlərə
baxmayaraq yerli və beynəlxalq müşahidəçilərin,
Mərkəzi Seçki Komissiyası üzvlərinin məlumatına
görə səsvermənin keçirilməsində, ümumiyyətlə
seçki günü, bəzi məntəqələrdə ciddi nöqsanlara
və qanun pozuntularına yol verilmişdir. 24 saylı
Nizami birinci seçki dairəsinin 2, 20, 21 və
26 saylı seçki məntəqələrində, 29 saylı Səbail
seçki dairəsinin 2, 4, 8 və 20 saylı seçki məntəqələrində
kobud qanun pozuntuları baş vermiş, hətta bir
məntəqədə – 29 saylı Səbail seçki dairəsinin
2 saylı məntəqəsində, müvafiq komissiya tərəfindən
seçicilərin seçkilərdə iştirak etmək hüququ
pozulmuşdur. Qanun pozuntuları baş vermiş seçki
məntəqələrində məntəqə seçki komissiyaları və
müvafiq dairə seçki komissiyaları tərəfindən,
məlumatları olmasına baxmayaraq, belə halların
baş verməməsi və baş vermiş arzuolunmaz nəticələrin
aradan qaldırılması üçün hər hansı bir qanunauyğun
əməli tədbir görülməmişdir.
Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 23.2-ci, 25.2.22-ci, 28.4-cü,
114.4-cü, 177.1 – 171.2-ci maddələrinə, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi
və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası
Qаnununun 3.5-ci və 3.6-cı maddələrinə əsasən
Mərkəzi Seçki Komissiyası q ə r a r a a l ı
r :
1. 19 oktyabr 2004-cü il tarixdə
Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən
əlavə seçkilərlə əlaqədar 24 saylı Nizami birinci
seçki dairəsinin 2, 20, 21 və 26 saylı seçki
məntəqələri, 29 saylı Səbail seçki dairəsinin
2, 4, 8 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin
nəticələri etibarsız hesab edilməklə ləğv edilsin.
2. 29 saylı Səbail seçki dairəsinin 2 saylı
seçki məntəqəsinin məntəqə seçki komissiyası
tərəfindən vətəndaşların seçkidə iştirak etmək
hüquqları pozulduğuna və bu məntəqədə səsvermənin
nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən
etibarsız hesab edildiyinə görə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən
həmin seçki komissiyası buraxılsın.
3. 24 saylı Nizami birinci və 29 saylı Səbail
dairə seçki komissiyaları sədrlərinin öz vəzifələrinə
uyğun gəlmədikləri müəyyən edildiyindən, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 25.2.22-ci maddəsinə
əsasən müvafiq komissiyalar tərəfindən həmin
məsələyə münasibət bildirilsin.
4. Azərbaycan Respublikasının Milli Məclisinə
19 oktyabr 2004-cü ildə keçirilmiş əlavə seçkilərin
yekunlarının Azərbaycan Respublikası Seçki Məcəlləsinin
171.1-ci və 171.2-ci maddələrinə əsasən yoxlanılması
və təsdiq edilməsi üçün 24 saylı Nizami birinci,
29 saylı Səbail və 101 saylı Xanlar – Daşkəsən
seçki dairələri dairə seçki komissiyalarının
protokolları onlara əlavə edilən sənədlərlə
birlikdə Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim edilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Asif Mahmudov
Ənvər Əliyev
Xanmurad Əhmədov
Azər Tağıyev
İlham Məmmədov
Asəf Əliyev
|