. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli
3/18 saylı Qərarı ilə təsdiq
edilmişdir

Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədlərin
siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli
sürülməsi qaydaları haqqında

T Ə L İ M A T

I. Siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə iştirakı

Siyasi partiyalar və siyasi partiya bloklarının Azərbaycan Respublikası prezidentinin seçkilərində iştirakının əsasları, namizədlərin irəli sürülməsi və qeydiyyatı qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 49–59-cu, 180–181-ci və 188-ci maddələri ilə tənzimlənir.
Siyasi partiyalar və siyasi partiyaların blokları prezidentliyə namizədləri seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürə bilərlər.
Seçki Məcəlləsinin 54-cü və 180-cı maddələrinin şərtlərinə görə, prezidentliyə namizədlər siyasi partiyalar tərəfindən sərbəst şəkildə və ya bir neçə siyasi partiyanın yaratdığı blok tərəfindən irəli sürülə bilər.


II. Prezidentliyə namizədin siyasi partiya tərəfindən irəli sürülməsi qaydaları

Prezidentliyə namizəd siyasi partiya tərəfindən irəli sürülürsə, bu barədə qərar siyasi partiyanın nizamnaməsinə uyğun olaraq qəbul edilir. Belə qərar kollegiyal qaydada səsvermə yolu ilə qəbul olunur. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilməlidir:
- hər bir siyasi partiyanın nizamnaməsinə uyğun olaraq rəhbər orqanının iclasında (qurultayda, konfransda, digər rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış nümayəndələrin sayı;
- prezidentliyə namizədin irəli sürülməsi ilə əlaqədar müzakirədə çıxışlar;
- prezidentliyə namizədin irəli sürülməsi barədə qərar üzrə səsvermənin nəticələri (lehinə, əleyhinə və bitərəf qalanların sayı);
- prezidentliyə namizədin irəli sürülməsi barədə qərarın qəbuledilmə tarixi.

Siyasi partiya öz üzvləri arasından prezidentliyə namizəd irəli sürmürsə, partiyanın üzvü olmayan şəxsin namizədliyini irəli sürə bilər.
Hər bir siyasi partiya prezidentliyə yalnız bir şəxsin namizədliyini irəli sürə bilər.

III. Siyasi partiyanın namizəd irəli sürməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər

Siyasi partiyanın səlahiyyətli nümayəndəsi siyasi partiyanın prezidentliyə namizəd irəli sürməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
- siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
-siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
-nizamnamənin tələblərinə uyğun olaraq namizədin irəli sürülməsi barədə siyasi partiya qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı;
-namizədin irəli sürülməsi barədə siyasi partiyanın (qurultayının, konfransının, rəhbər orqanı iclasının) müvafiq iclas protokolu;
-siyasi partiyanın səlahiyyətli nümayəndələrinin notariat qaydada rəsmiləşdirilmiş vəkalətnamələri;
-namizədin irəli sürülməsi haqqında razılıq ərizəsi;
-səlahiyyətli nümayəndələrin razılıq məktubu.

Razılıq ərizəsində prezidentliyə namizəd, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində prezidentliyə namizədlərə dair tələblər də daxil olmaqla, aşağıdakıları göstərməlidir (ərizənin nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib):
- soyadı, adı, atasının adını;
- doğum tarixini;
- yaşayış yerinin ünvanını;
- vətəndaşlığını (xarici ölkə vətəndaşlığına mənsubluğu varsa, həmin dövlətin adını);
- təhsilini;
- əsas iş və ya xidmət yerini, o cümlədən tütdüğü vəzifəni (bu olmadıqda – fəaliyyət növünü);
- öz arzusu ilə, siyasi partiyaya mənsubluğunu;
- ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsini;
- xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adını;
- başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması haqqında məlumatı;
- prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyini.

IV. Siyasi partiyaların bloku, adı və emblemi

Siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər. Siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə bilməz və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilir. Göstərilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.
Siyasi partiyalar blokunun tərkibində olan siyasi partiya səsvermə gününə 85 gün qalmış seçkilərdə iştirak etməkdən imtina edə bilər, müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyaların blokunun tərkibinə daxil ola bilər.
Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.
Siyasi partiyaların bloku Seçki Məcəlləsinə müvafiq olaraq səlahiyyətli nümayəndələrini təyin edir.
Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmalıdır. Buna görə, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi blokun qeydə alınması məqsədilə Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim edir:
- bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;
- siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;
- blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar.

Mərkəzi Seçki Komissiyası siyasi partiyaların blokunun müvafiq sənədlər təqdim edilən gündən ən geci 5 gün ərzində qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlıdır.
Yuxarıda göstərilən sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmədikdə Mərkəzi Seçki Komissiyası siyasi partiyaların blokunu qeydə almaqdan imtina edə bilər.
Siyasi partiyaların bloku özünün emblemini də Mərkəzi Seçki Komissiyasının təsdiqinə təqdim edə bilər. Siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyaların və siyasi partiyalar blokunun indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla (Seçki Məcəlləsinin 51.2-ci maddəsi nəzərə alınmaqla), istənilən emblemi təqdim edə bilər. Siyasi partiyaların rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır. Siyasi partiyaların bloku 5 sözdən çox olmayan adından, habelə emlemindən seçki sənədlərində istifadə edilməsini Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmalıdır. Əgər blokun adı fiziki şəxsin adı və ya soyadını daşıyırsa, həmin şəxsin buna yazılı razılıq ərizəsi olmalıdır. Siyasi partiyalar blokunun adı həm də həmin bloka daxil olmayan siyasi partiyanın adını daşımamalıdır.
Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına özünün emblemini də təqdim edə bilər. Bu emblem həmin bloka daxil olan siyasi partiyaların, digər siyasi partiyaların və ya siyasi partiyalar blokunun emblemini təkrarlaya bilməz. Siyasi partiyaların blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır.
Siyasi partiyalar blokunun adının və embleminin seçkilərin gedişində dəyişdirilməsinə icazə verilmir.

V. Prezidentliyə namizədin siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi qaydaları

Siyasi partiyalarının bloku tərəfindən irəli sürülən prezidentliyə namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların bloku tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanın iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyalarının qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. Namizədin irəli sürülməsi barədə siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilməlidir:
- hər bir siyasi partiyanın nizamnaməsinə uyğun olaraq rəhbər orqanının iclasında (qurultayda, konfransda) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;
- siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;
- prezidentliyə namizədin irəli sürülməsi barədə qərar;
- prezidentliyə namizədin irəli sürülməsi barədə qərar üzrə səsvermənin nəticələri (lehinə, əleyhinə və bitərəf qalanların sayı);
- siyasi partiyaların bloku tərəfindən prezidentliyə namizədin irəli sürülməsi barədə qərarın qəbul edilməsi tarixi;
- səlahiyyətli nümayəndələrin təyin edilməsi.

Hər bir siyasi partiyalar bloku bu bloka daxil olan partiyaların üzvü olmayan şəxsin namizədliyini irəli sürmək hüququndan istifadə edə bilər. Siyasi partiyalar bloku seçki prosesinin bütün mərhələlərində və seçki hərəkətlərində sərbəst iştirak etmək hüququna malikdir.

VI. Siyasi partiyalar blokunun prezidentliyə namizəd irəli sürməsi ilə əlaqədar Mərkəzi seçki Komissiyasına təqdim etdiyi sənədlər

Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi blokun prezidentliyə namizəd irəli sürməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:
- bloka daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanları iclaslarının) namizəd irəli sürülməsi barədə qərarları ilə birlikdə müvafiq iclasların protokollarını;
- bloka daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi barədə qərarı ilə birlikdə müvafiq iclasın protokolunu;
- siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notarial qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini;
- namizədin razılıq ərizəsini (ərizə namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən namizədin ərizəsi ilə eynilik təşkil etməlidir).

Mərkəzi Seçki Komissiyası siyasi partiyalar və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərə 5 gün müddətində baxmalı, namizədin təsdiq olunub-olunmaması haqqında əsaslandırılmış qərar qəbul etməli və bu barədə səlahiyyətli nümayəndəyə məlumat verməlidir. Mərkəzi Seçki Komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız Seçki Məcəlləsinin 54.1–54.7-ci maddələrində göstərilən sənədlərin lazımi qaydada rəmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, Mərkəzi Seçki Komissiyası namizədi 5 gün müddətində bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

Q e y d: siyasi partiyalar, siyasi partiyaların blokları təyin etdikləri səlahiyyətli nümayəndələrinin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu olmadıqda – fəaliyyət növü), telefon nömrəsi qeyd edilən siyahını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Həmin siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktubu əlavə edilməlidir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası