Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli
3/16 saylı qərarı ilə təsdiq
edilmişdir
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində namizədə, onun səlihiyyətli
nümayəndəsinə, seçicilərin təşəbbüs qruplarına,
siyasi partiyanın, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndələrinə Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası tərəfindən imza vərəqələri
verilməsi
QAYDALARI
Seçicilərin təşəbbüs
qruplarının irəli sürdükləri və ya öz təşəbbüsü
ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədilə
seçici imzalarının toplanması Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası tərəfindən namizədə,
onun səlahiyyətli nümayəndəsinə Azərbaycan Respublikası
prezidentliyinə namizədin irəli sürülməsini
təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır.
Siyasi partiya, siyasi partiyaların bloku tərəfindən
irəli sürülən namizədlərin müdafiəsi üçün seçici
imzalarının toplanması isə irəli sürülmüş namizədin
təsdiq olunması barədə Mərkəzi Seçki Komissiyasının
əsaslandırılmış qərarından sonra başlanılır.
Namizədə, onun səlahiyyətli nümayəndəsinə, seçicilərin
təşəbbüs qrupların, siyasi partiyanın, siyasi
partiyalarının blokunun səlahiyyətli nümayəndələrinə
imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin
yuxarı sağ küncü Mərkəzi Seçki Komissiyası Katibliyinin
möhürü ilə təsdiqlənməlidir.
İmza vərəqələri Azərbaycan Respublikasının Seçki
Məcəlləsinə 2 və 2 “A” əlavələrdə göstərilən
formada hazırlanmalıdır.
İmza vərəqələri namizədə, onun səlahiyyətli
nümayəndəsinə, seçicilərin təşəbbüs qrupuna,
siyasi partiyanın, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndələrinə verilərkən, namizədlərin
irəli sürülməsi zamanı onların bərabər statusunun
təmin edilməsi məqsədilə, vərəqələrin sayı Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş
qeydiyyat üçün lazım olan imzaların ümumi sayının
15 faizindən artıq olmamalıdır.
Namizədə və ya səlahiyyətli nümayəndəyə imza
vərəqələri verilərkən 2 nüsxədən ibarət akt
tərtib edilməlidir. Tərtib olunmuş akt namizəd
və ya səlahiyyətli nümayəndə, eləcə də Mərkəzi
Seçki Komissiyası Katibliyinin əməkdaşı tərəfindən
imzalandıqdan sonra Mərkəzi Seçki Komissiyası
Katibliyinin möhürü ilə təsdiqlənir.
İmza vərəqələrini qəbul etməsi haqqında namizədin
və ya səlahiyyətli nümayəndənin soyadı, adı,
atasının adı, şəxsiyyətini təsdiq edən sənədin
seriyası və nömrəsi, eləcə də səlahiyyətli nümayəndə
olduğunu təsdiqləyən sənədin nömrəsi və verilmə
tarixi, həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyi
əməkdaşının soyadı, adı, atasının adı, tutduğu
vəzifə, verilən imza vərəqələrinin sayı və digər
məlumatlar göstərilməlidir. Tərtib edilmiş akt
imzalanaraq möhürləndikdən sonra onun bir nüsxəsi
Mərkəzi Seçki Komissiyası Katibliyinin Ümumi
şöbəsində qalır. Digər nüsxəsi isə verilən imza
vərəqələri ilə birlikdə səlahiyyətli nümayəndəyə
və ya namizədə təqdim edilir.