. : TƏLİMATLAR

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli
3/14 saylı qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarina daxil olmuş vəsaitlərdən istifadəyə nəzarət edilməsinə dair

T Ə L İ M A T

1. Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri Dövlət büdcəsi hesabına həyata keçirilir.
Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra ─ Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil olan pul vəsaitinin tam hüquqlu sərəncamçısıdır. Mərkəzi Seçki Komissiyasına daxil olmuş pul vəsaitləri səsvermə gününə ən geci 90 gün qalmış dairə seçki komissiyalarına köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürür.
Pul vəsaitləri seçki komissiyaları arasında hər bir ərazinin inzibati və sosial -iqtisadi göstəriciləri nəzərə alınmaqla bölüşdürülür.
Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçısıdır və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra ─ Seçki Məcəlləsi) ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçki günündən ən geci 60 gün keçənədək dairə və məntəqə seçki komissiyalarının hesabından Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır. Bu vəsaitlər üzrə əməliyyatlar "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbləri gözlənilməklə həyata keçirilir.

2. Prezidentliyə namizəd seçkiqabağı təşviqatı maliyyələşdirmək üçün Seçki Məcəlləsinin 91-ci və 190-cı maddələrinə müvafiq qaydada və müddətdə seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır. Prezidentliyə namizədin seçki fondu Seçki Məcəlləsinin 191-ci maddəsi ilə müəyyənləşdirilmiş həcmdə və həmin maddədə nəzərdə tutulmuş mənbələr hesabına yaradılmaqla, Birləşmiş Universal Səhmdar Bankında (və ya bankın filial və nümayəndəliklərində) xüsusi hesabda saxlanılır. Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan minimum əmək haqqının 200 min mislindən çox ola bilməz. Müvafiq qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdən sonra bank namizədə xüsusi seçki hesabı açmalıdır. Seçki fondundakı vəsait təyinatlı məqsəd daşıyır. Bu vəsaitdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
a) imza toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsi üçün;
b) seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsi üçün;
v) hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.
Səsvermədə iştirak etmiş və seçicilərin ümumi sayının azı 5 faizinin səsini toplamış qeydə alınmış prezidentliyə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək Seçki Məcəlləsinin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış prezidentliyə namizəd səsvermə günündən sonra 30 gün müddətində Mərkəzi Seçki Komissiyasının onun seçki fonduna köçürdüyü vəsaitin xərclənməmiş hissəsini qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi Seçki Komissiyasının məktubunda göstərilmiş vəsaiti mübahisəsiz qaydada onun hesabına köçürməlidir.

3. Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin, həmçinin namizədlərin, qeydə alınmış namizədlərin seçki fondunun uçotu Mərkəzi Seçki Komissiyası tərəfindən maliyyə hesabatı formalarına uyğun olaraq ayrı -ayrılıqda aparılır.
Dairə və məntəqə seçki komissiyalarına ayrılan vəsaitlərin və seçkilərin keçirilməsi ilə bağlı təsdiq olunan smetaya uyğun həyata keçirilmiş xərclərin xərc yarımmaddələri üzrə ayrı-ayrılıqda uçotunu və seçki fondları üzrə hər bir namizədin, qeydə alınmış namizədin Seçki Məcəlləsinin 191.2-ci maddəsində nəzərdə tutulmuş mənbələr üzrə gəlirlərinin və müvafiq tədbirlər üzrə xərclərin uçotunu Mərkəzi Seçki Komissiyası aparır.
Dairə seçki komissiyaları dairə və məntəqə seçki komissiyalarının seçkilərlə bağlı təsdiq olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş xərclərin icrasının uçotunu hər bir xərc maddəsi üzrə aparır.

4. Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 iyul 1998-ci il tarixli İ-62 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur.
Məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabatı məntəqə seçki komissiyasının sədri təsdiq edir.
Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabatı dairə seçki komissiyasının sədri təsdiq edir.
Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərc edildiyi tarixdən başlayaraq ən geci 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq məntəqə seçki komissiyalarının icmal hesabatlarını və dairə seçki komissiyalarının hesabatlarını komissiyanın sədri və yerli xəzinədarlıq idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmaqla Mərkəzi Seçki Komissiyasına təqdim edir.
Prezidentliyə namizədlər, qeydə alınmış prezidentliyə namizədlər öz maliyyə hesabatlarını imzaları ilə təsdiq edərək Seçki Məcəlləsinin 94-cü maddəsinin 3.1, 3.2 və 3.3-cü bəndlərində göstərilən qaydada, bu Təlimatın 2 saylı əlavəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi yazılı məlumata əsasən özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququnu başqa şəxsə həvalə edirsə, bu halda maliyyə hesabatını həmin şəxs imzalayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edir və qanun pozuntularına görə bilavasitə məsuliyyət daşıyır.
Yekun maliyyə hesabatı, seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulmaqla, seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə, eləcə də kütləvi informasiya vasitələrinə büdcə vəsaitlərinin istifadəsi, prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarındakı vəsaitin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı, məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunduqları gündən etibarən bir ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası