Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
23 sentyabr 2003-cü il tarixli
32/266 saylı qərarı ilə təsdiq edilmişdir.
Seçki günü məntəqə
seçki komissiyalarının iş qaydası haqqında
Təlimat
1. Azərbaycan Respublikası
prezidentinin seçkiləri günü səsvermə
saat 8.00-dan 19.00-a kimi keçirilir.
Məntəqə seçki komissiyasının iş vaxtı
səhər saat 7.00-dan başlanır və fasiləsiz
olaraq səsvermənin nəticələri haqqında
protokolun tərtib edilməsinə və müvafiq
sənədlərin dairə seçki komissiyasına təhvil
verilməsinədək davam edir.
1.1. Səsvermə günü səsvermə başlananadək
istifadə edilməmiş qeydiyyatdançıxma vəsiqələri
sayılır, yarı kəsilərək ləğv edilir və
ayrıca zərfə qoyulur və bu barədə müvafiq
akt tərtib edilir.
1.2. Səsvermə başlanandan əvvəl məntəqə
seçki komissiyasının üzvləri müşahidəçilərin
iştirakı ilə seçki bülletenlərini sayırlar,
onların hər birinin Mərkəzi Seçki Komissiyası
tərəfindən möhürləndiyini yoxlayırlar.
1.3. Qeydiyyatdançıxma vəsiqəsi ilə səs
verən seçicilər seçici siyahısına daxil
edilmir, yalnız qeydiyyatdançıxma vəsiqəsi
seçicilər siyahısına əlavə edilir (tikilir)
və belə vəsiqə ilə səs verənlərin sayı
protokolda göstərilir.
1.4. Məntəqə seçki komissiyası seçki günü
səsvermə başlanmazdan əvvəl, ilk növbədə
səsvermə otağındakı ləvazimatın, o cümlədən
namizədlər haqqında məlumat materiallarının
və doldurulmuş seçki bülleteninin nümunələri
olan lövhənin, ehtiyat üçün neft lampalarının,
fanarların, və ya şamların, kalkulyatorların,
qayçıların, həmçinin yazı ləvazimatının
yerində olub-olmadığını yoxlayır, aşkar
etdiyi çatışmazlıqların dərhal aradan
qaldırılması üçün tədbirlər görür. Məntəqə
seçki komissiyasının sədri komissiyanın
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar vəzifələrin
yerinə yetirilməsini təşkil etməklə yanaşı,
məntəqə seçki komissiyasının üzvləri arasında
aşağıdakı iş bölgüsünü aparır:
- seçki məntəqəsinə gələn seçicilərin
qarşılanması, onların şəxsiyyətini təsdiq
edən sənədlərinin yoxlanılması və lazım
gəldikdə, seçki bülleteninin doldurulması
qaydası barədə onlara müvafiq izah verilməsi;
- seçicilərin qeydiyyatının aparılması;
- seçicilərə seçki bülletenlərinin və
zərflərin verilməsi;
- seçki qutularının, səsvermə kabinələrinin
qorunmasına nəzarət edilməsi;
- seçicilər tərəfindən zərflərin seçki
qutusuna atılmasına nəzarət edilməsi və
qutuya zərf atılarkən qutunun yarığının
açıb bağlanmas.
1.5. İş bölgüsündə məntəqə seçki komissiyası
üzvlərinin qarşılıqlı razılığına əsasən
dəyişiklik edilə bilər.
1.6. Məntəqə seçki komissiyasının üzvləri
səsvermə binasında yalnız səlahiyyətli
şəxslərin (həmin şəxslərin siyahısı hazırlanmalıdır)
qaldığına, səsvermə otağının təhlükəsizliyinin
təmin edildiyinə, bütün lazımsız əşyaların
səsvermə otağından çıxarıldığına və bütün
lazımi materialların və formaların öz
yerində olduğuna əmin olmalıdırlar.
1.7. seçki bülletenləri və zərflər məntəqə
seçki komissiyasının müvafiq üzvlərinə
verilənədək təhlükəsiz yerdə saxlanılmalıdır.
2. Saat 7.50-də məntəqə seçki komissiyasının
sədri boş seçki qutusunu komissiyanın
üzvlərinə, habelə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 36.6-cı, 40.2-ci və
40.12-cı maddələrində nəzərdə tutulan
şəxslərə və səsvermə otağında olan müşahidəçilərə,
həmçinin kütləvi informasiya vasitələrinin
nümayəndələrinə göstərib kilidlədikdən
sonra saat 8.00-da məntəqə seçki komissiysının
üzvlərini səsverməni başlamağa dəvət edir.
2.1. Seçki qutusu (qutuları) kilidləndikdən
sonra kilidlərin və istifadə edilməyən
kilidlərin üzərindəki nömrələr qeyd edilməklə
akt tərtib olunur. Akt məntəqə seçki komissiyası
sədr və katibləri tərəfindən imzalanır.
2.2. Seçki qutusu məntəqə seçki komissiyası
üzvlərinin və müşahidəçilərin maneəsiz
müşahidə edə bildikləri yerdə qoyulur.
2.3. Seçki günü səhər səsvermə başlanandan
seçkilərin nəticələri elan edilənədək
seçki məntəqəsində bütün hərəkətlərin
həyata keçirilməsini qeydə alınmış namizədlər,
onların səlahiyyətli nümayəndələri, vəkil
edilmiş şəxsləri, namizədin seçki gününə
təyin etdiyi müşahidəçilər, siyasi partiyalar,
siyasi partiyalar blokunun və təşəbbüs
qruplarının səlahiyyətli nümayəndələri,
vəkil edilmiş şəxsləri, müşahidəçilər,
o cümlədən beynəlxalq müşahidəçilər, KİV
nümayəndəlri müşahidə etmək hüququna malikdirlər.
2.4. Səsvermədə seçici kimi iştiraketmə
halları istisna edilməklə, dövlət orqanlarının
vəzifəli şəxslərinin səsvermə otağında
olmaları qadağandır.
2.5. Seçki günü polis əməkdaşları seçki
məntəqəsinə ictimai asayişin bərpa edilməsi
məqsədilə məntəqə seçki komissiyasının
qərarına əsasən komissiyanın sədri tərəfindən
dəvət oluna bilərlər. İctimai asayiş bərpa
edildikdən sonra onlar seçki məntəqəsini
dərhal tərk etməli və öz xidməti vəzifələrini
seçki məntəqəsinin yerləşdiyi binadan
azı yüz metr aralıda yerinə yetirməlidirlər.
2.6. Səsvermə zamanı asayişi bərpa etmək
6 saatdan artıq mümkün ollmazsa, dairə
seçki komissiyasının qərarı ilə seçki
məntəqəsi bağlanır. Belə seçki məntəqələrində
səsvermə baş tutmamış (etibarsız) hesab
olunur.
2.7. Seçici səs vermək üçün məntəqə seçki
komissiyasının üzvünə şəxsiyyət vəsiqəsi
və ya onu əvəz edən sənəd təqdim etdikdən
sonra seçki bülleteni alır və onun şəxsiyyət
vəsiqəsinin (pasportun və ya onu əvəz
edən sənədin) seriyası və nömrəsi məntəqə
seçki komissiyasının üzvü tərəfindən seçicilər
siyahısına yazılır. Seçki bülleteni seçiciyə
verilərkən onun nömrələnmiş sol küncü
məntəqə seçki komissiyasının üzvü tərəfindən
kəsilmə xətti boyunca kəsilir və özündə
saxlanılır. Əvvəlcədən möhürlənmiş seçki
bülleteni ilə birlikdə seçiciyə zərf verilir
və yalnız zərfə möhür vurulur.
2.8. Seçici yazıların düzgünlüyünü yoxlayır
və bülleteni alarkən seçicilər siyahısında
imza edir. Hər bir seçici sərbəst və təklikdə
səs verir. Səsvermə zamanı seçki bülletenini
sərbəst almaq, yaxud doldurmaq imkanı
olmayan seçici məntəqə seçki komissiyasının
üzvlərindən, müşahidəçilərdən və bu Təlimatın
2-ci bəndində göstərilən şəxslərdən başqa,
istədiyi şəxsi kömək üçün səsvermə kabinəsinə
dəvət edə bilər. Bu şəxsin soyadı və inisialı
seçicilər siyahısında seçki bülleteni
alınması barədə seçicinin imzası ilə birgə
göstərilir.
2.9. Gormə qabiliyyətindən məhrum aktiv
seçki hüququna malik vətəndaşlar məntəqə
seçki komissiyalarına gələrək onlar üçün
xüsusi hazırlanmış trafaret vasitəsi liə
səs verirlər.
2.10. Seçki bülleteni seçicidən (bu Təlimatın
2.6 bəndində göstərilmiş köməklik göstərən
şəxsdən savayı) başqa heç kəsin daxil
olmasına icazə verilməyən gizli səsvermə
üçün xüsusi avadanlıqla təchiz edilmiş
kabinədə doldurulur. Seçici doldurulmuş
seçki bülletenini məntəqə seçki komissiyasının
möhürlədiyi zərfə qoyur və səsvermə üçün
nəzərdə tutulmuş seçki qutusuna salır.
2.11. Seçici seçki bülletenini doldurarkən
səhv etdiyini bildirərsə, ona seçki bülleteni
vermiş məntəqə seçki komissiyasının üzvündən
korlanmış seçki bülletenin əvəzinə yeni
seçki bülleteni verməsini xahiş edə bilər.
Bu halda seçki komissiyasının üzvü korlanmış
bülleteni ortadan kəsməklə ləğv edir,
ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten
verir və seçicilər siyahısında seçicinin
soyadından sağda müvafiq qeyd olunur.
Bu barədə dərhal ayrıca akt tərtib olunur.
3. Məntəqə seçki komissiyasının sədri
səsvermə yerində qayda-qanuna nəzarət
edir. Onun sərəncamları səsvermə otağında
olan şəxslər üçün məcburidir. Məntəqə
seçki komissiyasının sədri seçki məntəqəsində
olmadıqda, onu məntəqə seçki komissiyasının
katibi və ya komissiyanın bu vəzifə həvalə
olunmuş üzvü əvəz edir.
3.1. Seçicinin öz iradəsini ifadə etməsinə
təsir göstərməyə cəhd edən və gizli səsverməni
pozan məntəqə seçki komissiyasının üzvü
müvafiq akt tərtib edilməklə işdən kənarlaşdırılır,
Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü
maddələrində göstərilən şəxs isə təxirə
salınmadan otaqdan çıxarılır. Bu barədə
məntəqə seçki komissiyası qərar qəbul
edir. Əgər təsirə məruz qalmış seçici
səs verməyibsə, onun səs verməsinə yol
verilmir, seçki bülleteni ondan alınır
və etibarsız sayılır.
3.2. Məntəqə seçki komissiyasının sədri
(komissiyanın katibləri) səsvermədə iştirak
etmiş seçicilərin sayını hər üç saatdan
bir elan edir və bu barədə dairə seçki
komisiyasına müvafiq məlumat verir.
3.3. Məntəqə seçki komissiyası səhhətinə
görə və ya digər üzrlü səbəblərdən səsvermə
otağına gələ bilməyən seçicilərə səsvermədə
iştirak etmək imkanı yaradır. Bu məqsədlə
hər seçki məntəqəsində bir daşınan seçki
qutusu olmalıdır.
4. Seçicilərin səsvermə otağından kənarda
səs vermək barəsində müraciətlərin sayı
dairə seçki komissiyası tərəfindən təsdiq
olunur. Daşınan seçki qutusu müvafiq ünvana
aparılarkən, müşahidəçilərin iştirakı
ilə kilidlənir (möhürlənir) və bu barədə
akt tərtib edilərək kilidin nömrəsi aktda
qeyd olunur. Seçicilrəin seçki otağından
kənarda səsvermədə iştirakını təmin etmək
üçün məntəqə seçki komissiyasının müxtəlif
siyasi partiyaları təmsil edən azı 2 üzvü
müşahidəçilərin iştirakı ilə seçicinin
yanına gəldikdə seçici tərəfindən məntəqə
seçki komissiyasına göndərilən yazılı
ərizədə bir daha təsdiq olunmalıdır. Seçici
səsvermə otağından kənarda səs vermək
istəyini yazılı surətdə bildirməyibsə,
o, məntəqə seçki komissiyası üzvlərinin
yanında ərizə yazmalıdır. Seçici seçki
bülleteni və zərfi aldığını ərizədə qeyd
edir və imzası ilə təsdiqləyir. Bu zaman
ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu
əvəz edən sənədin seriya və nömrəsi qeyd
olunmalıdır. Ərizədə seçici haqqında seçicilər
siyahısındakı məlumatlar göstərilməlidir.
4.1. Daşınan seçki qutusu ilə gedən məntəqə
seçki komissiyasının üzvləri ərizələrin
(müraciətlərin) sayına uyğun seçki bülletenləri
və zərflər alırlar. Bu saya 3 seçki bülleteni
və zərfi əlavə olunur və həmin artıq seçki
bülletenəlrindən yalnız bülleten korlandıqda
istifadə edilir. Bu halda seçki bülleteninin
korlanması haqqında akt tərtib olunur.
Seçicilərin ərizələri ilə əlaqədar istifadə
olunan və geri qaytarılmış seçki bülletenlərinin
və zərflərin sayı ayrıca tərtib olunan
aktda göstərilir. Eyni zamanda seçicilər
siyahısında seçicinin seçki məntəqəsindən
kənarda səs verməsi məntəqə seçki komissiyasnın
üzvü tərəfindən ayrıca qeyd olunur. Daşınan
seçki qutusu səsvermə otağına qaytarıldıqdan
sonra bu qutu səslərin hesablanmasınadək
açılmır və onun yarığı bağlanıb möhürlənir.
4.2. Səsvermə otağından kənarda səs vermə
elə təşkil edilməlidir ki, vətəndaşın
seçki hüquqları, gizli səsvermə və seçicilərin
iradəsini ifadə etməsi qaydaları pozulmasın.
4.3. Saat 19.00-da səsvermə vaxtı başa
çatdıqdan sonra, məntəqə seçki komissiyasının
sədri ucadan elan edir ki, “yalnız seçki
bülleteni almış və səsvermə otağında olan
seçicilər səs verə bilərlər”. Bu zaman
təmin olunmalıdır ki, yalnız bu elanadək
səsvermə otağında növbəyə dayanmış seçicilər
səs versinlər. Seçki qutuları açılmamışdan
əvvəl, istifadə edilməmiş seçki bülletenləri
səsvermə otağındakı müşahidəçilərin müşahidəsi
ilə məntəqə seçki komissiyasının üzvləri
tərəfindən sayılır və ləğv edilir. həmin
seçki bülletenlərinin sayı elan edilir
və səsvermənin yekun protokolunda qeyd
olunur. Bu barədə akt tərtib olunur və
ləğv edilmiş bülletenlər akta əlavə edilir.
Bundan sonra seçki qutuları növbə ilə
açılır.
4.4. Seçki qutuları açıldıqda onların
kilidləri, nömrələri qeyd olunmaqla akt
tərtib edilir və ayrıca zərfə qoyulur.
4.5. Seçki qutuları üçün nəzərdə tutulmuş,
lakin istifadə edilməmiş kilidlər sayılır,
onların nömrələri yazılır, zərfə yığılır,
həmin zərf möhürlənir və bu barədə müvafiq
akt tərtib edilir, sonra seçki sənədləri
ilə birlikdə dairə seçki komissiyasına
təhvil verilir.
4.6. Məntəqə seçki komissiyasının sədri
tərəfindən məntəqə seçki komissiyası üzvlərinin
iştirakı ilə seçicilərin səslərinin hesablanması
birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz
aparılır. Bu zaman istifadə edilmiş hər
bir seçki bülleteni möhürlənir. Məntəqə
seçki komissiyasının bütün üzvləri və
müşahidəçilər səsvermənin nəticələri ilə
tanış edilir.
4.7. Səslərin hesablanması və yekun protokolunun
doldurulması qaydaları Seçki Məcəlləsinin
106-cı maddəsi və Mərkəzi Seçki Komissiyası
tərəfindən təsdiq edilmiş məntəqə seçki
komissiyalarında “səslərin hesablanması
və yekun protokolunun doldurulması” İzahı
ilə nizamlanır.