. : TƏLİMATLAR

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
23 sentyabr 2003-cü il tarixli
32/265 saylı qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının


ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra цтсха - Mərkəzi Seçki Komissiyası adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasının 3-cü, 83-cü, 101-ci və 142-ci maddələrinə uyğun olaraq, referendumun, Milli Məclis deputatlarının və Azərbaycan Respublikası prezidenti seçkilərinin, həmçinin bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi fəaliyyət göstərən dövlət orqanıdır.
1.1. Mərkəzi Seçki Komissiyası kollegial formalı fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Seçki Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunlarını, eləcə də Azərbaycan Respublikası normativ-hüquqi aktlarını rəhbər tutur.
1.2. Mərkəzi Seçki Komissiyasının üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir.
1.3. Mərkəzi Seçki Komissiyası 15 üzvdən ibarətdir.
Mərkəzi Seçki Komissiyasının 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanın, 3 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, 3 üzvü birmandatlı seçki dairələri üzrə seçkilər nəticəsində Milli Məclisdə təmsil olunmayan siyasi partiyaları təmsil edən və ya müstəqil qaydada seçilən və onların namizədliklərini təqdim edən deputatları (bundan sonra – birmandatlı seçki dairələri üzrə seçilən deputatlar), 3 üzvü isə vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərdə iştirak edən və onların namizədliklərini təqdim edən, Milli Məclisdə təmsil olunmayan və vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış 4 siyasi partiyanı təmsil edirlər.
1.4. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli olmalıdırlar.
1.5. Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyası seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki (referendum) komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki (referendum) komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun oalraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər.
1.6. Mərkəzi Seçki Komissiyası hüquqi şəxsdir, onun bankda xüsusi hesabı, eləcə də embilemi, üzərində “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası”sözləri yazılmış və dövlət gerbinin təsviri olan möhürü, blankları «Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözləri yazılmış və dövlət gerbinin təsviri olan möhürü, blankları və döş nişanları vardır.
1.7. Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanı “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xəbərləridir.
1.8. Mərkəzi Seçki Komissiyasınən iclasları bir qayda olaraq daimi ünvanda keçirilir. Bakı şəhəri, Rəsul Rza küçəsi, 3.

2. Mərkəzi Seçki Komissiyasının vəzifələri
2.1. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:
2.1.1. seçkilərin hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, seçkilərin maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir;
2.1.2. Azərbaycan Respublikası Seçki Məcəlləsinin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;
2.1.3. özünün təşkiletmə pirnsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır;
2.1.4. dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir;
2.1.5. seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır, həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;
2.1.6. seçki bülletenlərinin formasını müəyyənləşdirir və təsdiq edir;
2.1.7. seçki bülletenlərinin (bundan sonra – seçki bülleteni), seçki bülleteninin qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrənin və digər seçki sənədlərinin (bundan sonra – seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edir;
2.1.8. seçkilərin hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treyninqlər keçirilir və komissiya üzvlərinin peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini təmin edir;
2.1.9. irəli sürülmüş prezidentliyə namizədləri təsdiq edir;
2.1.10. prezidentliyə namizədləri qeydə alır;
2.1.11. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, seçkiqabağı fəaliyyətinə bərabər şərait yaradır;
2.1.12. qeydə alınmış namizədlərin təhlükəsizliyinin təmin edilməsi qaydalarını müəyyən edir;
2.1.13. qeydə alınmış namizədlər siyasi partiyalar və siyasi partiyaların blokları arasında pulsuz efir vaxtının bölüşdürülməsinin vahid qaydalarının təsdiq edir, səsvermənin nəticələrinin dərc olunma qaydalarını müəyyən edir;
2..1.14. dövlət büdcəsindən seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti bölüşdürür, onun məqsədyönlü istifadəsinə nəzarət edir;
2.1.15. seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında nəzarət -təftiş xidməti haqqında Əsasnaməsini təsdiq edir, Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti yaradır;
2.1.16. seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;
2.1.17. seçki bülletenlərinin, seçki bülletenlərinin qoyulması üçün zərflərin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlnmasını və mühafizəsini təmin edir;
2.1.18. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir;
2.1.19. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir;
2.1.20. seçiciləri seçici hərəkətlərini həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin gedişi haqqında məlumatla təmin edir;
2.1.21. seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına nəzarət edir və seçkilərin maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir;
2.1.22. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin vahid siyahısını tərtib edir;
2.1.23. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;
2.1.24. dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir;
2.1.25. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir;
2.1.26. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən «Seçkilər» İnformasiya Mərkəzinin Əsasnaməsini təsdiq edir;
2.1.27. öz iclaslarının keçirilməsi qaydasını müəyyən etmək məqsədi ilə reqlament qəbul edir;
2.1.28. öz katibliyini yaradır;
2.1.29. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki komissiyalarının sədri və katibləri haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir;
2.1.30. Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir;
2.2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində Seçki Məcəlləsinin həyata keçirilməsirnə dair təlimatlar və metodiki göstərişlər qəbul edir və onları dərc etdirir.
2.2.1. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin həyata keçirilməsi ilə bağlı qəbul edilən təlimatların və metodiki göstərişlərin aşağı seçki komissiylarına çatdırılmasını təmin etməlidir. Aşağı komissiyalar həmin təlimatları və metodiki göstərişləri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada onların asan oxunmasını təmiin edən məlumat lövhələrində yerləşdirməlidir;

3. Mərkəzi Seçki Komissiyası sədrinin səlahiyyətləri
3.1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasını təmsil edir;
3.2. Mərkəzi Seçki Komissiyasının işini təşkil edir, Komissiya sədrinin müavini, Komissiyanın katibləri, Komissiya üzvləri arasında iş bölgüsü aparır və onların mükafatlandırılması məsələsini həll edir;
3.3. Mərkəzi Seçki Komissiyasının iclasının gündəliyinə çıxarılan məsələləri müəyyən edir və iclaslara sədrlik edir;
3.4. Mərkəzi Seçki Komissiyası Katibliyin fəaliyyətinə birbaşa rəhbərlik edir, Katibliyin işçilərini işə qəbul edir və işdən azad edir;
3.5. Mərkəzi Seçki Komissiyası Katibliyi işçilərinin intizam məsuliyyəti məsələsini həll edir;
3.6. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Seçkilər İnformasiya Mərkəzinin Əsasnaməsini təsdiq edir və Mərkəzin direktorunu, direktor müavinini işə təyin edir və işdən azad edir;
3.7. beynəlxalq müşahidəçiləri dəvət edir;
3.8. təsdiq edilmiş xərclər smetası daxilində maliyyə vəsaitləri üzərində sərəncam verir.

4. Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri
4. Referendumun Milli Məclisə seçkilərin, prezident seçkilərinin və bələdiyya seçkilərinin keçirilməsi zamanı Mərkəzi Seçki Komissiyası aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
4.1. Mərkəzi Seçki Komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:
4.1. 1. referendumun Seçki Məcəlləsinə uyğun keçirilməsinə nəzarət edir;
4.1.2. Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;
4.1.3. qeydiyyatdan keçmiş referendum üzrə təşviqat qruplarının ümumi siyahılarını dərc edir;
4.1.4. referendumqabağı təşviqat üçün referendum üzrə təşviqat qrupları arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;
4.1.5. referendum üzrə təşviqat qruplarının referendum fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin edir;
4.1.6. referendumun yekunlarını müəyyənləşdirir və mətbuatda dərc edir;
4.2. Seçki Məcəlləsinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
4.3. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifəlri həyata keçirir:
4.3.1. Milli Məclisə seçkilərin bü Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;
4.3.2. Seçki Məcəlləsi ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiylar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin edir;
4.3.3. seçkiqabağı təşviqat üçün siyasi partiyalar və siyasi partiyaların blokları, qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;
4.3.4. deputatlığa namizədlərin (siyasi partiyaların) seçki fondlarına daxil olmuş vəsaitdən istifadə olunmasına nəzarəti təmin edir;
4.3.5. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;
4.3.6. seçki dairələri üzrə qeydə alınmış namizədlər arasından seçilmiş deputatları müəyyən edir, onlara müvafiq vəsiqə verir;
4.3.7. Azərbaycan Respublikası üzrə Milli Məclisə seçkilərin nəticələrini, məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla rəsmi dərc edir;
4.3.8. seçilmiş deputatların siyahısını tərtib edir, bu siyahıları və lazımi sənədləri Milli Məclisə təqdim edir;
4.3.9. təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir;
4.3.10. Seçki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
4.4. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:
4.4.1. Prezident seçkilərinin Seçki Məcəlləsinə uyğun keçirilməsinə nəzarət edir;
4.4.2. prezidentliyə namizədləri, onların vəkil edilmiş şəxslərini səlahiyyətli nümayəndələrini qeydə alır;
4.4.3. prezidentliyə namizədlərə və onların vəkil edilmiş şəxslərinə müəyyən olunmuş nümunədə müvafiq vəsiqə verir;
4.4.4. qeydə alınmış namizədlərin ümumi siyahısını dərc edir;
4.4.5. prezidentliyə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şəraiti təmin edir;
4.4.6. qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;
4.4.7. prezidentliyə namizədlərin seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmsına nəzarəti təmin edir;
4.4.8. prezident seçkilərinin nəticələrini müəyyən edir;
4.4.9. prezident seçilmiş namizədə vəsiqə verir;
4.4.10. prezident seçkilərinin nəticələrini dərc edir;
4.4.11. prezident seçkiləri üzrə təkrar səsvermə keçirilməsini təşkil edir;
4.4.12. Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir;
4.5. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:
4.5.1. bələdiyyə seçkilərinin Seçki Məcəlləsinə uyğun keçiriləmsinə nəzarət edir;
4.5.2. dairələr üzrə qeydə alınmış namizədəlrin siyahısını dərc edir;
4.5.3. dairə seçki komissiyasının təqdimatı əsasında təkrar və əlavə seçkilərin keçirilməsi haqqında qərar qəbul edir;
4.5.4. seçkilərin nəticələrini rəsmi dərc edir;
4.5.5. Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlri həyata keçirir.
4.6. Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyalarının qəbul etdiyi qərarlar və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bələdiyyə qurumları, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, digər ictimai təşkilatlar, referenlum üzrə təşviqat qrupları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir. Yuxarı seçki komissiyalarının qərarları aşağı seçki komissiyaları üçün məcburidir.

5. Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları
5.1. Mərkəzi Seçki Komissiyasının üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əmək haqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs təqaüdə çıxdıqda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası üzvünün əmək haqqının 80 faiz məbləğində pensiya alır;
5.2. Bir seçki komissiyasının üzvü eyni zamanda digər seçki komissiyasının üzvü ola bilməz. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət və bələdiyyə qulluğunda ola bilməz.
5.3. Aşağıdakı hallarda seçki komissiyasının həlledici səs hüquqlu üzvü bir ay müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 3 gün müddətində müvafiq seçki komissiyasının qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir:
5.3.1. vəzifəsindən azad edilməsi haqqında yazılı ərizə verdikdə və bu ərizə seçki komissiyasının sədri tərəfindən təsdiqləndikdə;
5.3.2. siyasi partiyanın üzvü olduqda.
5.4. Seçki komissiyasının həlledici səs hüquqlu üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda dərhal xitam verilir;
5.4.1. prezidentliyə, Milli Məclisin deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda dövlət hakimiyyəti orqanlarının və ya bələdiyyə qurumlarının seçkili və ya vəzifəli şəxsləri olduqda;
5.4.2. Azərbaycan Respublikası vətəndaşlığını itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda;
5.4.3. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə;
5.4.4. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;
5.4.5. seçki qanunvericiliyinin tələblərinin pozulması müvafiq məhkəmə qərarır ilə təsdiq olunduqda;
5.5. Mərkəzi Seçki Komissiyasının üzvü Azərbaycan Respublikasının Baş Prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla biblməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuoruna xəbər verməlidir;
5.6. Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər dövründə ölkə ərazisində gediş-gəliş üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.

6. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərarlarının qəbul edilməsi
6.1. Mərkəzi Seçki Komissiyası iclası onun azı 10 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur.
6.2. Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə aşağıdakı qaydada qəbul olunur:
6.2.1. Mərkəzi Seçki Komissiyasında 10 üzv iştirak etdikdə – azı 7 nəfərin səs çoxluğu ilə;
6.2.2. Mərkəzi Seçki Komissiyasının iclasında 11 və 12 üzv iştirak etdikdə – azı 8 nəfərin səs çoxluğu ilə;
6.2.3. Mərkəzi Seçki Komissiyasının iclasında 13 üzvü iştirak etdikdə – azı 9 nəfərin səs çoxluğu ilə;
6.2.4. Mərkəzi Seçki Komissiyasının iclasında 14 və ya 15 üzvü iştirak etdikdə – azı 10 nəfərin səs çoxluğu ilə;
Bu qayda 2005-ci ildə yeni seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin 1-ci iclası gününədək qüvvədədəir.
6.3. Mərkəzi Seçki Komissiyasının qərarları Mərkəzi Seçki Komissiyası sədri və katibləri tərəfindən imzalanır. Həmin şəxslər Mərkəzi Seçki Komissiyasının qərarını imzalamadıqda, qərar ona səs vermiş Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən imzalanır. Mərkəzi Seçki Komissiyasının qərarı 24 saat ərzində rəsmi dərc edilməlidir.

7. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının işinin təşkili.
7.1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.5-ci maddəsinə müvafiq olaraq, özünün Katibliyini yaradır. Katiblik Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin hüquqi, kada işi, təşkilati-metodiki, analitik-informasiya, maliyyə, sənədləşdirmə, nəşr, maddi-texniki, təsərrüfat və sosial-məişət təminatını həyata keçirir;
- öz işini Mərkəzi Seçki Komissiyasının üzvləri ilə qarşılıqlı hüquqi münasibətlər əsasında qurur, onların fəaliyyətinin təminatı ilə bağlı tədbirlər görür;
Katiblik öz fəaliyyətində Azərbaycan Respublikasının Seçki Məcəlləsini, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununu, bu Əsasnaməni, Mərkəzi Seçki Komissiyası Katibliyi haqqında Əsasnaməni, digər qanunvericilik aktlarını, habelə Mərkəzi Seçki Komissiyası sədrinin əmr və sərancamlarını rəhbər tutur.
7.2. Sədr Katibliyin fəaliyyətinə birbaşa rəhbərlik edir.
7.3. Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:
7.3.1. Mərkəzi Seçki Komissiyası üzvlərinin fəaliyyətinin təminatı ilə bağlı işi təşkil edir;
7.3.2. Mərkəzi Seçki Komissiyasının iclaslarına çıxarılan sənəd layihələrinin və materialların hazırlanmasında iştirak edir;
7.3.3. Mərkəzi Seçki Komissiyası iclaslarının protokolunu tərtib edir;
7.3.4. Mərkəzi Seçki Komissiyası qərarlarının, qəbul olunmuş bəyanat və müraciətlərin, habelə Komissiya sədrinin əmr və sərəncamlarının, eləcədə Katibliyə daxil olan sorğu, müraciət, ərizə və şikayyətlərin reyestrini aparır;
7.3.5. Mərkəzi Seçki Komissiyasının qərar və materiallarının dərc olunmasını təmin edir;
7.3.6. Mərkəzi Seçki Komissiyası qərarlarının icrasının təmin olunması ilə əlaqədar müvafiq iş aparır;
7.3.7. Katibliyin kargüzarlığını aparır;
7.3.8. seçki (referendum) məsələləri ilə bağlı aşağı seçki komissiyaları nümayyəndələrinin və vətəndaşların qəbulшсеа iştirak edir;
7.3.9. komissiya sədrinin tapşırığı ilə dövlət hakimiyyəti və müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə qurumları, onların vəzifəli şəxsləri ilə, ictimai təşkilatlarla qarşılıqlı fəaliyyəti həyata keçirir;
7.3. 10. aşağı seçki komissiyalarının bir-biri ilə, Mərkəzi Seçki
Komissiyası ilə xarici ölkələrin seçki qurumları və beynəlxalq təşkilatlar arasında təcrübə mübadiləsinə kömək edir;
7.3.11. komissiya sədrinin tapşırıqlarının yerinə yetirilməsini təmin edir;
7.3.12. Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə əlaqədar Seçki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
7.4. Katiblik haqqında Əsasnamə Mərkəzi Seçki Komissiyasının qərarı ilə qəbul olunur. Bu Əsasnaməyə əlavə və dəyişikliklər yalnız Mərkəzi Seçki Komissiyasının qərarı ilə edilə bilər.
7.5. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası öz qərarı ilə hüquq ekspertizası komissiyasını yaradır.
7.6. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclaslarının keçirilməsi qaydalarını müəyyən etmək üçün Reqlament qəbul edir və komissiyanın iclasları bu reqlament əsasında qurulur və aparılır. Reqlamentə əlavə və dəyişikliklər Mərkəzi Seçki Komissiyasının qərarı ilə edilir.
7.7. Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsələlər Mərkəzi Seçki Komissiyasının iclasına çıxarılır və müvafiq qərarlar qəbul edilir.

8. Azərbaycan Respublikası vətəndaşlarının seçki və referendumda iştirak etmək hüquqlarına riayət olunmasına Mərkəzi Seçki Komissiyası tərəfindən nəzarətin həyata keçirilməsi
8.1. Seçicilərin səsvermədə iştirak etmək hüquqlarının təmin edilməsi haqqında qanunvericiliyin eyni formada tətbiqini təmin edərək komissiya aşağı seçki və referendum komissiyalarının, eləcə də seçkilər və referendum prosesinin digər iştirakçılarının fəaliyyətinin yoxlanılmasını həyata keçirir. Bu yoxlamalara Mərkəzi Seçki Komissiyasının üzvləri, eləcə də Katibliyin əməkdaşları cəlb edilirlər.
8.2. Yoxlama zamanı komissiya şikayətə təkrar baxılması üçün işlərinə rəhbərlik etdiyi aşağı seçki və referendum komissiyalarına göstəriş verə, onların qeyri-qanuni qərarlarını ləğv edə, əgər qərarlar səlahiyyət həddini aşmaqla qəbul olunubsa, yoxlama materialını müvafiq orqanlara göndərə və məhkəməyə müraciət edə bilər.
8.3. Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarından, siyasi partiyalardan, siyasi partiyalr blokundan, seçicilərin təşəbbüs qruplarından, dövlət və yerli özünüidarə orqanlarından, müəssisələrdən, təşkilatlardan, kütləvi informasiya vasitələrindən və onların vəzifəli şəxslərindən Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar müvafiq materialların komissiyaya təqdim olunmasını tələb edə bilər.
9. Əsasnamənin qüvvəyə minməsi ona əlavə və dəyişikliklərin edilməsi

9.1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası haqqında Əsasnamə Mərkəzi Seçki Komissiyasının iclasının qərarına əsasən qəbul edilir;
9.2. Əsasnaməyə əlavə və dəyişikliklər Mərkəzi Seçki Komissiyasının qərarı ilə edilə bilər.
9.3. Mərkəzi Seçki Komissiyası haqqında Əsasnamə dərc olunduğu gündən qüvvəyə minir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası