. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
18 sentyabr 2003-cü il tarixli
31/250 saylı Qərarı ilə təsdiq edilmişdir.

Prezident seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun doldurulması qaydası haqqında

İ Z A H

1. Məntəqə seçki komissiyalarının protokolunun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına Azərbaycan Respublikası Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdikləri qərarlar, məntəqə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin alınması haqqında aktlar, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında aktlar (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında aktlar (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında aktlar, Seçki Məcəlləsinin 104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenləri haqqında aktlar, bağlanıb möhürlənmiş zərflər, seçki qutuları üçün verilimş, lakin istifadə edilməmiş kilidlər və bu barədə bağlanmış akt, Seçki Məcəlləsinin 105.3-cü maddəsində göstərilən seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (qeydiyyatdançıxma vəsiqələri daxil olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən 2 üzvünün müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyalarının sədrləri və katibləri tərəfindən imzalanır.
2. Yuxarıda göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edildikdən sonra dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvləri təqdim olunan sənədlərin bu izahın 1-ci bəndinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində (protokolda) uyğunsuzluğun olub-olmamasını yoxlayırlar. Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir.
3. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komisiyasının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.


Yadda saxla:
Protokolun karandaşla yazılmasına və onlara hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə əvvəlcə onun qaralama nüsxəsi tərtib edilməlidir.
4. Dairə seçki komissiyasının protokolunun “seçki dairəsi üzrə məntəqə seçki komissiyasının sayı” qrafasında müvafiq dairə seçki komissiyası üzrə yaradılmış seçki məntəqələrinin sayı göstərilir.
“Məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı” qrafasında səsvermənin baş tutmadığı seçki məntəqələri istisna olmaqla digər məntəqə seçki komissiyalarından təqdim edilmiş protokolların sayı göstərilir.
“Dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı” qrafasında (səsvermənin nəticələrinin etibarsız hesab edildiyi seçki məntəqələrinin təqdim etdikləri protokollar istisna olunmaqla) səsvermənin baş tutduğu seçki məntəqələrinin təqdim etdikləri protokolların sayı göstərilir.
“Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı” qrafasında səsvermə baş tutmuş, lakin səsvermənin nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı göstərilir.
“Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı” qrafasında təbii fəlakət, qarşısı alınmayan digər hadisələr, polisin 6 saatdan artıq asayişi bərpa edə bilməməsi və s. səbəblərdən səsvermə baş tutmadığı halda yekun protokolu tərtib edilməyən seçki məntəqələrinin sayı göstərilir.
Bu izahın 4-cü bəndində göstərilənlərlə yanaşı, protokol aşağıda göstərilən qaydada doldurulmalıdır.
4.1. Protokolun 1-ci bəndi
dairə üzrə seçicilərin ümumi sayı;
o cümlədən:
a) seçicilər siyahısındakı seçicilərin sayı;
b) qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı.
Qeyd:
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyaпахının protokollarının 1-ci bəndində seçicilər siyahısındakı (seçicilərin daimi və müvəqqəti siyahıları) və qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin ümumi sayı qeyd olunur. Bu bəndin “a” və “b” yarımbəndlərindəki sayların cəmi 1-ci bənddə göstərilən saya bərabər olmalıdır.
4.2. Protokolun 2-ci bəndi
3. Qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı;
Qeyd:
Məntəqə seçki komissiyalarının protokollarının 2-ci bəndindəki rəqəmlər cəmlənərək, səsvermə gününə 45-25 gün qalmış dairə seçki komissiyasında qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı əlavə edilərək bu bənddə qeyd olunur.


4.3. Protokolun 3-cü bəndi
3. Məntəqə seçki komissiyalarına dairə seçki komissiyasından verilmiş zərflərin sayı;
Qeyd:
Dairə seçki komissiyası məntəqə seçki komissiyası seçki bülletenləri ilə birlikdə seçki bülletenlərini qoymaq üçün bərabər sayda müvafiq akt tərtib edilməklə zərf verir. Həmin aktda göstərilən zərflərin sayı protokolun 3-cü bəndinə daxil edilir.
4.4. Protokolun 4-cü bəndi
4. Məntəqə seçki komissiyalarına dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı (4=5+6+7);
Qeyd:
Bu bəndə dairə seçki komissiyasından müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyaпахına verilmiş seçki bülletenlrinin sayı daxil edilir.
Mötərizədə göstərilən bərabərlik (4=5+6+7), yəni bu bənd protokolun 5, 6 və 7-ci bəndlərinin cəminə bərabər olmalıdır.
4.5. Protokolun 5-ci bəndi
5. Möhürlənmiş zərf və bülleten alan seçicilərin sayı:
o cümlədən:
a) səsvermə otağından kənarda;
b) səsvermə otağında.
Qeyd:
Bu bəndə səsvermə otağında və səsvermə otağından kənarda seçki bülleteni və zərfi götürmüş seçicilərin sayı daxil edilir. Mötərizədə göstərilən bərabərlik (5> 11+12+14), yəni bu bənd protokolun 11,12 və 14 –cü bəndlərinin cəmindən çox və ya ona bərabər olmalıdır. Bu say 5-ci bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır.
4.6. Protokolun 6-cı bəndi
6. İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı;
Qeyd:
Məntəqə seçki komissiyalarının protokollarının 6-cı bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur.
4.7. Protokolun 7-ci bəndi
7. Korlanmış seçki bülletenlərinin sayı;
Qeyd:
Məntəqə seçki komissiyaları protokollarının 7-ci bəndindəki rəqəmlərin cəmi bu bəndə qeyd olunur.
4.8. Protokolun 8-ci bəndi
8. Seçki qutularında olan möhürlənmiş zərflərin sayı (müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə) (8=9+10):
o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda;
Qeyd:
Məntəqə seçki komissiyaları protokollarının 8-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur. Məntəqə seçki komissiyalarının protokollarının həmin bəndinin “a” və “b” yarımbənlərində göstərilən rəqəmlərin cəmi protokolun müvafiq yarımbəndlərində qeyd edilir.
4.9. Protokolun 9-cu bəndi
9. Etibarlı hesab edilmiş səslərin sayı (içərisində qanunauyğun doldurulmuş bir bülleten olan möhürlü zərflərin sayı);
Qeyd:
Məntəqə seçki komissiyalarının protokollarının 9-cu bəndlərinin sayının cəmi dairə seçki komissiyası protokolunun bu bəndində qeyd edilir.
4.10. Protokolun 10-cu bəndi
10. Etibarsız hesab edilmiş səslərin sayı;
Qeyd:
Məntəqə seçki komissiyaları protokollarının 10-cu bənddəki sayların cəmi bu bənddə qeyd edilir.
4.11. Protokolun 11-ci bəndi
11. Seçki qutularında olan möhürlənmiş zərflərdəki müəyyənləşdirilmiş formalı seçki bülletenlərin sayı;
Qeyd:
Məntəqə seçki komissiyaları protokolllarının 11-ci bənddə göstərilən sayların cəmi bu bənddə qeyd edilir.
4.12. Protokolun 12-ci bəndi
12. Seçki qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə);
o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda;
Qeyd:
Məntəqə seçki komissiyaları protokollarının 12-ci bəndlərindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur. Məntəqə seçki komissiyalarının protokollarının həmin bəndinin “a” və “b” yarımbənlərində göstərilən rəqəmlərin cəmi protokolun müvafiq yarımbəndlərində qeyd edilir.
4.13. Protokolun 13-cü bəndi
13. Seçki qutularında olan möhürlənməmiş zərflərin sayı;
Qeyd:
Məntəqə seçki komissiyalarının protokolllarının 13-cü bəndlərində göstərilən sayların cəmi bu bənddə qeyd edilir.

4.14. Protokolun 14-cü bəndi
14. Seçki qutularında olan möhürlənməmiş zərflərdəki seçki bülletenlərin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);
Qeyd:
Mərkəzi Seçki Komissiyalarının protokollarının 14-cü bəndində göstərilən sayların cəmi protokolun bu bəndində qeyd edilir.
4.15. Protokolun 15-ci bəndi
15. Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi.
Qeyd:
Protokolun bu bəndində seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı bülletendə göstərilmiş ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə yazılır. Məntəqə seçki komissiyalarının protokollarında hər bir namizədin lehinə verilmiş səslərin cəminin sayı dairə seçki komissiyasının protokollarında həmin namizədin lehinə verilmiş səslərin sayı qrafasında sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu say protoklun 9-ci bəndində göstərilən etibarlı səslərin sayına tam bərabər olmalıdır.
Bu sayda bərabərlik olmazsa, protokol etibarsız sayılmalıdır.
5. Protokolun tərtib edilmə tarixi və vaxtı protokol tam tərtib edilib qurtardıqdan sonra qeyd edilir.
6. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən gecikdirilmədən fasiləsiz aparılır.
7. Protokol seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər.
7.1. Protokolları imza edənlərin sayı dairə seçki komissiyası üzvlərinin ən azı 2/3 hissəsini təşkil etmədikdə və ya protokol düzgün doldurulmadıqda etibarsız sayılır. Protokolların komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan dairə seçki komissiyasının üzvü protokola özünün xüsusi rəyini əlavə edə bilər. Belə halda o, protokolu imzalamır.
8. Seçkilərin (referendumun) keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası səsverməni baş tutmamış hesab edir.
Qeydlər:
1. Yekun protokolu 3 nüsxədən ibarət olaraq (hər bir nüsxə müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanır.
2. Protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır.
9. Səsvermə protokolu ilə eyni müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə protokolunun surətləri də hazırlanır və seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun surəti 30 nüsxədə verilir. Protokolun surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti doldurulduqda müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiya bloklarının vəkil edilmiş şəxsləri, beynəlxalq müşahidəçilərə verilən seçki komissiyalarının protokollarının surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda, həmin şəxs təsdiq olunan protokolun surətinə “Əsli ilə düzdür” sözlərini yazdıqdan sonra onu imzalayır (protokolun seriya və nömrəsini yazır), komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Protokolun təsdiq olunan bir surətini yuxarıda göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı ödədikdən sonra alırlar.
10. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyalarının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
11. Protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səsverməni müşahidə edən, Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.
12. Azərbaycan Respublikası ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş dairə seçki komissiyasına göndərirlər.
13. Protokolun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində saxlanılır.
14. Dairə seçki komissiyasının protokolunun qaralaması tərtib edilərkən onun bütün bəndləri yenidən yoxlanılmalıdır. Heç bir səhv aşkar edilmədikdən sonra protoklun əsli tərtib edilməlidir və dairə seçki komissiyasının sədrinin və müxtəlif siyası partiyaları təmsil edən üzvlərin müşayəti ilə səsvermə günündən 48 saat ərzində Mərkəzi Seçki Komissiyasına çatdırılmalıdır.
15. Səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının yekun protokolu imzalandıqdan sonra onun 3-cü nüsxəsi müşahidəçilərin, kütləvi informasiya vasitələrinin ümumi tanışlığı məqsədilə seçki məntəqəsinin məlumat lövhəsində asılır və 10 gün saxlanılır.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası