. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
18 sentyabr 2003-cü il tarixli
31/249 saylı Qərarı ilə təsdiq edilmişdir.


Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında

İ Z A H

1. Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə səsvermə başa çatdıqdan sonra hər bir məntəqə seçki komissiyasında səsvermənin nəticələri haqqında yekun protokolu tərtib olunur. Həmin protokolun doldurulması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 100, 106 və 201-ci maddələrinə uyğun olaraq müəyyənləşdirilir.
2. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolu qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, yaxud vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar blokunun vəkil edilmiş şəxslərinin, müşahidəçilərin müşahidəsi ilə tərtib olunur.
3. Səsvermə müddəti başa çatdıqda, yəni saat 19.00-da məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, “Yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər”. Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər.
4. İstifadə edilməmiş seçki bülletenləri seçki qutuları açılmazdan əvvəl səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Seçki bülleteni ləğv olunarkən onun aşağı sağ küncü ləğvetmə xətti ilə kəsilir. Həmin seçki bülletenlərinin sayı elan edilir, akt tərtib olunur və göstərilən rəqəm səsvermənin yekun protokolunda qeyd edilir. Ləğv olunmuş seçki bülletenləri ayrıca yığılıb bağlanır.
5. Seçki bülleteni və möhürlənmiş zərf almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, seçki məntəqəsində səs verən və ayrıca, məntəqədən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Seçki qutuları üçün verilmiş, lakin istifadə edilməmiş kilidlər zərfə qoyulur, zərflər möhürlənir və bu barədə kilidlərin sayı göstərilməklə akt tərtib edilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.
6. Seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutusu (qutuları). İlk növbədə daşınan seçki qutusundakı içərisində müəyyənləşdirilmiş formalı bülleten olan möhürlənmiş zərflər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır.
7. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən müəyyənləşdirilmiş formalı bülletenlər olan zərflərin ümumi sayı verilmiş ərizələrin sayından çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur.
8. Daşınmaz seçki qutularında səslər hesablanarkən içərisində müəyyənləşdirilmiş formada bülletenlər olan zərflərin ümumi sayı bülleten alan seçicilərin sayından çox olarsa, daşınmaz seçki qutusunda olan bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır.
9. Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına bu seçki məntəqəsində qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur.
10. Səsin etibarlılığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul olunursa, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səs hesab edilən zərflər və bülletenlər ayrıca yığılıb bağlanır.
Yadda saxla :
11. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə əvvəlcə onun mütləq q a r a l a m a nüsxəsi tərtib edilməlidir.
12. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman hər bir etibarlı seçki bülleteninin arxası məntəqə seçki komissiyası tərəfindən möhürlənməlidir. Səsin etibarlılığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır. Seçki bülleteninin etibarsızlığına şübhə yaranarsa, bu halda onun arxasında qeyd edilmir.
13. Protokolun 1,2,3,4,5,6 və 7-ci bəndlərindəki məlumatlar seçki qutuları açılmazdan əvvəl yazıla bilər.
14. Protokola aşağıdakı məlumatlar daxil edilmişdir:
14.1. Protokolun 1-ci bəndi
1. Məntəqə üzrə seçicilərin ümumi sayı
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
o cümlədən:
a) seçicilər siyahısındakı seçicilərin sayı;
b) qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı.
Q e y d: Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun 1-ci bəndində seçicilər siyahısındakı (seçicilərin daimi və müvəqqəti siyahıları) və qeydiyyatçıxma vəsiqəsi ilə səs verən seçicilərin ümumi sayı qeyd olunur. Məntəqə seçki komissiyasından qeydiyyatçıxma vəsiqəsi alan seçicilərin sayı buraya daxil edilməməlidir. Həmin bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmi 1-ci bənddə göstərilən saya bərabər olmalıdır.
14.2. Protokolun 2-ci bəndi
2. Qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q e y d: Bu bənddə seçki gününədək seçicilər siyahısına daxil edilmiş, lakin səsvermə gününə 3 gün qalanadək qeydiyyatdançıxma vəsiqəsi alaraq seçici siyahısından çıxarılmış seçicilərin sayı qeyd olunur.
14.3. Protokolun 3-cü bəndi
3. Məntəqə seçki komissiyasına dairə seçki komissiyasından
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
verilmiş zərflərin sayı
-------------------------------------------------------------------------------------------------------
Q e y d: Dairə seçki komissiyası akt tərtib olunmaqla məntəqə seçki komissiyasına seçki bülletenləri ilə birlikdə bülletenləri qoymaq üçün bərabər sayda zərf də verir. Həmin aktda göstərilən zərflərin sayı protokolun 3-cü bəndinə daxil edilir.
14.4. Protokolun 4-cü bəndi
4. Məntəqə seçki komissiyasına dairə seçki komissiyasından
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
verilmiş seçki bülletenlərinin sayı (4=5+6+7)
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q e y d: Bu bəndə dairə seçki komissiyasından aktla məntəqə seçki komissiyasına verilmiş seçki bülletenlərinin sayı daxil edilir.
Mötərizədə verilmiş tənlik (4=5+6+7), yəni 4-cü bəndin göstəricisi protokolun 5, 6 və 7-ci bəndlərdəki rəqəmlərin cəminə bərabər olmalıdır.
14.5. Protokolun 5-ci bəndi
5. Möhürlənmiş zərf və bülleten alan seçicilərin sayı
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
o cümlədən:
a) səsvermə otağından kənarda;
b) səsvermə otağında.
Q e y d: Bu bəndə səsvermə otağında və səsvermə otağından kənarda seçki bülleteni almış seçicilərin sayı daxil edilir. Mötərizədəki tənlik (5> 11+12+14), yəni 5-ci bəndin rəqəmi protokolun 11,12 və 14 - cü bəndlərindəki rəqəmlərin cəmindən çox və ya buna bərabər olmalıdır. Bu say bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmini verməlidir.
14.6. Protokolun 6-cı bəndi
6. İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q e y d: İstifadə edilməmiş seçki bülletenləri seçki qutuları açılmazdan əvvəl səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır, onların aşağı sağ küncü kəsilməklə ləğv edilir, akt tərtib olunur və elan edilidikdən sonra bu bəndə yazılır. Ləğv edilmiş seçki bülletenləri ayrıca yığılıb bağlanır.
14.7. Protokolun 7-ci bəndi
7. Korlanmış seçki bülletenlərinin sayı
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q e y d: Seçici hər hansı bir səbəbdən seçki bülleteninin korlanması barədə məntəqə seçki komissiyasına müraciət edərsə, komissiya müvafiq akt tərtib etməli və korlanmış seçki bülletenini yarı kəsməklə ləğv edərək, bunun üçün nəzərdə tutulmuş zərfə qoymalıdır. Korlanmış seçki bülletenlərinin sayı protokolun 7-ci bəndində göstərilir.
14.8. Protokolun 8-ci bəndi
8. Seçki qutularında olan möhürlənmiş zərflərin sayı
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
[(müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə) (8=9+10)]

o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda.
Q e y d: Daşınan və daşınmaz seçki qutuları açılarkən məntəqə seçki komissiyasının möhürü ilə möhürlənmiş zərflərin sayı (müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə) bu bəndin ayrı-ayrılıqda “a” və “b” yarımbəndlərinə daxil edilir. Müəyyənləşdirilmiş formalı zərf dedikdə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müəyyən etdiyi formada hazırlanmış və məntəqə seçki komisiyasının möhürü ilə möhürlənmiş seçki bülleteni nəzərdə tutulur.
Mötərizədə göstərilən tənlik (8=9+10), yəni 8-ci bəndin rəqəmi, protokolun 9 və 10-cu bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır.
“a” və “b” yarımbəndlərində göstərilən say 8-ci bənddə göstərilən saya bərabər olmalıdır.
14.9. Protokolun 9-cu bəndi
9. Etibarlı hesab edilmiş səslərin sayı (içərisində qanunauyğun
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
doldurulmuş bir bülleten olan möhürlü zərflərin sayı)
Q e y d: Bu bənddə içərisində müəyyənləşdirilimiş formalı 1(bir) seçki bülleteni olan möhürlənmiş zərflərin sayı qeyd edilir. Bu bülleten nömrələnmiş yuxarı sol küncü kəsilmiş, sağ küncü möhürlənmiş və yalnız 1(bir) namizədin lehinə səs verilmiş olmalıdır. Bu halda səslər etibarlı sayıılr və protokolun 9-cu bəndinə daxil edilir.
14.10. Protokolun 10-cu bəndi
10. Etibarsız hesab edilmiş səslərin sayı
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q e y d: Bu bənddə içərisində bir neçə bülleten olan möhürlü zərflərin, içərisində heç bir işarə qoyulmayan və ya 1-dən artıq namizədin lehinə səs verilmiş bülleten olan möhürlü zərflərin sayı, həmçinin içərisində bülleten olmayan və ya qeyri-müəyyən formalı bülleten olan möhürlü zərflərin sayının cəmi qeyd edilməlidir.
14.11. Protokolun 11-ci bəndi
11. Seçki qutularında olan möhürlənmiş zərflərdəki müəyyənləşdi-
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
rilmiş formalı seçki bülletenlərinin sayı
___________________________________________________________________________________________________________
Q e y d: Bu bəndə Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi formada hazırlanmış, nömrəli yuxarı sol küncü kəsilmiş və sağ küncündə məntəqə seçki komissiyasının möhürü olan seçki bülletenlərinin sayı daxil edilir. Həmin bənddə qeyd edilən seçki bülletenləri yalnız möhürlənmiş zərflərin içərisində olmalıdır.
14.12. Protokolun 12-ci bəndi
12. Seçki qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
---------------------
o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda (qutularında).
Q e y d: Bu bəndə seçki qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin sayı daxil edilir. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi formada olmayan, nömrələnmiş yuxarı sol küncü kəsilməyən və sağ küncü möhürlənməmiş seçki bülletenlərinin sayı bu bəndə daxil edilməməlidir. Daşınan seçki qutusundan çıxmış həmin bülletenlərin sayı “a” yarımbəndinə, daşınmaz seçki qutusundan (qutularından) çıxmış bu cür seçki bülletenlərinin sayı isə “b” yarımbəndinə daxil edilməməlidir; “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmi 12-ci bənddə göstərilən saya bərabər olmalıdır.
14.13. Protokolun 13-cü bəndi
13. Seçki qutularında olan möhürlənməmiş zərflərin sayı
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Q e y d: Bu bəndə daşınan və daşınmaz seçki qutularından çıxmış məntəqə seçki komissiyasının möhürü olmayan zərflərin sayı daxil edilməlidir.
14.14. Protokolun 14-cü bəndi
14. Seçki qutularında olan möhürlənməmiş zərflərdəki seçki
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər
-----------------------------------------------------------------------
istisna edilməklə)
Q e y d: Bu bənddə seçki qutularından çıxan məntəqə seçki komissiyası tərəfindən möhürlənməmiş zərflərdəki seçki bülletenlərinin (Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada olmayan və ya nömrələnmiş yuxarı sol küncü kəsilməyən və küncü möhürlənməmiş seçki bülletenləri istisna edilməklə) sayı yazılır.
14.15. Protokolun 15-ci bəndi
Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında
------------------------------------------ -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
bölünməsi
------------------------------------------------
Q e y d: Protokolun bu bəndində seçki bülleteninə daxil edilmiş Prezidentliyə namizədlərin soyadı, adı, atasının adı bülletendə göstərilmiş ardıcıllıqla (əlifba sırası ilə) yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Seçicilərin etibarlı səslərinin qeydə alınmış namizədlər arasında bölünməsi yalnız protokolun 9-cu bəndində göstərilən möhürlənmiş zərflərin içərisindən çıxan bülletenlərdən hesablanır. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu say protoklun 9-cu bəndində göstərilən etibarlı səslərin sayına tam bərabər olmalıdır.
Bu rəqəmlərdə bərabərlik olmazsa, protokol etibarsız sayılmalıdır.
15. Protokolun tərtibedilmə tarixi və vaxtı protokol tam tərtib olunub qurtardıqdan sonra qeyd edilir.
16. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.
17. Protokol seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər.
17.1. Protokolları imza edənlərin sayı məntəqə seçki komissiyası üzvlərinin ən azı 2/3 hissəsini təşkil etmədikdə və ya protokol düzgün doldurulmadıqda etibarsız sayılır. Protokolların komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokola özünün xüsusi rəyini əlavə edə bilər. Belə halda o, protokolu imzalamır.
Qeydlər:
1. Yekun protokolu 3 nüsxədən ibarət olaraq (hər bir nüsxə müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanır.
2. Protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır.
18. Səsvermə protokolu ilə eyni müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə protokolunun surətləri də hazırlanır və seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun surəti 30 nüsxədə verilir. Protokolun surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti doldurulduqda, müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Qeydə alınmış namizədlərə, onların səlahiyyətli nümayəndələrinə və ya vəkil edilmiş şəxslərinə, siyasi partiyaların, siyasi partiya bloklarının vəkil edilmiş şəxslərinə, beynəlxalq müşahidəçilərə verilən məntəqə seçki komissiyası protokolunun surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda, həmin şəxs təsdiq olunan protokolun surətinə “Əsli ilə düzdür” sözlərini, protokolun seriya və nömrəsini yazdıqdan sonra onu imzalayır, komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Protokolun təsdiq olunan surətinin bir nüsxəsini yuxarıda göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı ödədikdən sonra alırlar.
19. Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt, (belə bülletenlərin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş yuxarı sol künclərinin sayı haqqında akt, korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bağlanıb möhürlənmiş zərflər, istifadə edilməmiş zərflər, daşınan seçki qutusu ilə səsvermədə istifadə edilmiş və istifadə edilməmiş seçki bülletenlərinin sayı barədə tərtib olunmuş akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (qeydiyyatdançıxma vəsiqələri əlavə olunmaqla) dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
20. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
21. Protokolun 2-ci nüsxəsi bülletenlərin kəsilmiş yuxarı sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri, səsverməni və səslərin hesablanmasını müşahidə edən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.
22. Azərbaycan Respublikasının ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş dairə seçki komissiyasına göndərirlər.
23. Seçkilərin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə, yaxud məntəqə seçki komissiyası səsverməni baş tutmamış hesab edir.
24. Səsvermə protokolunun qaralaması tərtib edilərkən onun bütün bəndləri yenidən yoxlanılmalıdır. Heç bir səhv aşkar edilmədikdə, protoklun əsli tərtib edilməli və 24 saat ərzində dairə seçki komissiyasına çatdırılmalıdır.
25. Səsvermənin nəticələri haqqında yekun protokolu imzalandıqdan sonra onun 3-cü nüsxəsi müşahidəçilərin, kütləvi informasiya vasitələrinin və qalan vətəndaşların ümumi tanışlığı məqsədilə seçki məntəqəsinin məlumat lövhəsində asılır və 5 gün saxlanılır.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası