. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
8 sentyabr 2003-cü il tarixli
29/231 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası vətəndaşının seçkilərdə öz təşəbbüsü ilə
müşahidə aparması qaydaları haqqında

TƏLİMAT

1. Azərbaycan Respublikası Prezidentinin seçkilərində yerli müşahidəçilərin (bundan sonra müşahidəçilərin) iş fəaliyyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40, 41, 42, 43 və 44-cü maddələrinə müvafiq olaraq tənzimlənir.
1.1. Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının hər bir vətəndaşı müşahidəni öz təşəbbüsü ilə apara bilər.
1.2. Azərbaycan Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqları təmsil olunacaq prezidentliyə namizədin adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi imkanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir. Müşahidənin keçirilməsinə rədd cavabı yalniz ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər.
1.3. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqə verilir.
2. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq seçilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər.
2.1. Müşahidənin keçirilməsinə icazə verildikdə, müvafiq dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış vəsiqə verir.
2.2. Müşahidənin keçirilməsinə seçki komissiyası tərəfindən icazə verilmədikdə, seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyası nəticə etibarilə şikayəti təmin etməzsə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
2.3. Müşahidəçilər bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolun tərtib olunmasını, habelə səslərin hesablanmasını müşahidə edə bilərlər.
2.4. Müşahidəçilər səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur.
2.5. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.
3. Müşahidə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40, 41 və 42-ci maddələrinə əsasən aparılır. Müşahidəçilər eyni hüquqa malikdirlər və eyni vəzifələr daşıyırlar.
3.1. Müşahidəçilər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40, 41 və 42-ci maddələrində göstərilən hüquq və vəzifələrə malikdirlər.
3.2. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir:
seçicilərə seçki bülletenlərinin qoyulması üçün zərfləri və seçki bülletenlərini vermək;
seçiciyə necə səs verəcəyi və necə səs verdiyi haqqında sual vermək;
seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
seçicilər arasında təşviqat aparmaq;
bu və ya digər namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).

4. Göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
4.1. Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə, həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.
4.2. Müşahidəçilərin səlahiyyətlərinə prezident seçkilərinin yekunları rəsmən elan olunduğu gündən xitam verilir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası