Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli
3/13 saylı qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikasının
Milli Bankı ilə razılaşdırılmışdır.
Prezidentliyə namizədlərin, qeydə
alınmış prezidentliyə namizədlərin, siyasi
partiyaların və siyasi partiya bloklarının
xüsusi seçki hesablarının açılması və aparılması
haqqında
T Ə L İ M A T
Bu Təlimat Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə (bundan sonra ─ Seçki Məcəlləsi)
və "Azərbaycan Respublikası Seçki Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 3 iyun 2003-cü il tarixli Fərmanına
uyğun olaraq hazırlanıb və prezidentliyə namizədlərin,
qeydə alınmış prezidentliyə namizədlərin,
siyasi partiyaların və siyasi partiyalar bloklarının
xüsusi seçki hesablarının açılması və aparılması
qaydalarını müəyyən edir.
1. Prezidentliyə namizədlər (bundan sonra
namizədlər) və ya onların səlahiyyətli nümayəndələri
Mərkəzi Seçki Komissiyasına bildiriş (bu Təlimatın
1 saylı əlavəsinə uyğun formada) təqdim etdikdən
və ya siyasi partiyalar, siyasi partiyaların
bloku tərəfindən namizəd irəli sürülməsi haqqında
müvafiq qərarı təqdim etdikdən sonra, lakin
namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki
Komissiyasına təqdim edilməsi gününə azı 5
gün qalmış seçki fondunu formalaşdırmaqdan
ötrü xüsusi seçki hesabı açmalıdırlar. Prezidentliyə
namizəd irəli sürülməsi barədə Mərkəzi Seçki
Komissiyasından alınan sənəd əsasında, Seçki
Məcəlləsinin 53-cü və 54-cü maddələrində göstərilən
sənədlər əlavə edilməklə Birləşmiş Universal
Səhmdar Bankında xüsusi seçki hesabı açır.
Bunun üçün prezidentliyə namizədlər, qeydə
alınmış prezidentliyə namizədlər, siyasi partiyaların
və siyasi partiyalar blokları müvafiq banka
müraciət edib, aşağıdakı sənədləri təqdim
etməlidirlər:
- xüsusi hesabın açılması üçün ərizə;
- prezidentliyə namizədlərin, qeydə alınmış
prezidentliyə namizədlərin və ya onların səlahiyyətli
nümayəndələrinin şəxsiyyətini təsdiq edən
sənəd;
- notariat qaydasında təsdiq edilmiş imza
nümunəsi (xüsusi hesabın açılması və xüsusi
seçki fondunda olan pul vəsaitlərindən istifadə
namizəd tərəfindən başqa şəxsə həvalə edildikdə,
həmin şəxsin imzasının notariat qaydasında
təsdiq edilmiş surəti).
2. Rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə
müvafiq bank namizədə 3 gün müddətində xüsusi
seçki hesabı açmalıdır. Hesabın açılmasına
və hesab üzrə əməliyyatlara görə haqq alınmır,
hesabda olan pul vəsaitindən istifadəyə görə
banka faiz ödənilmir. Bütün pul vəsaiti xüsusi
seçki hesabına manatla köçürülür.
3. Prezidentliyə namizədlər, qeydə alınmış
namizədlər, siyasi partiyalar və siyasi partiyaların
blokları yalnız bir xüsusi hesab aça bilərlər.
4. Müvafiq bank həftədə bir dəfədən az olmamaq
şərti ilə, səsvermə gününə 10 gündən az müddət
qaldıqda isə 3 bank günü ərzində bir dəfədən
az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına
prezidentliyə namizədlərin, qeydə alınmış
prezidentliyə namizədlərin xüsusi seçki hesablarına
daxil olan və xərclənən vəsaitlər barədə bu
Təlimatın 2 saylı əlavəsinə uyğun formada
məlumat verir.
5. Prezidentliyə namizədlərin seçki fondu
məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərc edildiyi günə
olan minimum əmək haqqının 200 min mislindən
çox ola bilməz. Namizədin qeydə alınması üçün
müvafiq seçki komissiyasına seçki sənədləri
təqdim edilərkən, eyni zamanda, qeydiyyatı
həyata keçirən seçki komissiyasının hesabına
(yəni Mərkəzi Seçki Komissiyasının hesabına)
seçki fondunun yuxarı həddinin 3 faizi məbləğində
könüllü qeydiyyat depozitinin köçürülməsi
barədə bank sənədi təqdim edilə bilər. Qeydiyyat
depozitinin seçki komissiyası tərəfindən geri
qaytarılması halları Seçki Məcəlləsinin 60.5-ci
maddəsi ilə müəyyən edilir.
6. Prezidentliyə namizədlərin, qeydə alınmış
prezidentliyə namizədlərin, siyasi partiyaların
və siyasi partiyalar bloklarının seçki fondlarında
cəmləşən vəsaitlərdən yalnız Seçki Məcəlləsinin
90-cı maddəsinin 3.1, 3.2 və 3.3-cü bəndlərində
müəyyən edilmiş məqsədlər üçün istifadə edilə
bilər.
7. Namizədlərə, qeydə alınmış namizədlərə
təşviqat və imzaların yığılması üçün seçki
fondlarına daxil olan vəsaitdən başqa, digər
pul vəsaitindən istifadə etmək qadağandır.
8. Xüsusi seçki hesablarına vəsaitlər yalnız
Seçki Məcəlləsinin 191-ci maddəsində göstərilən
məbləğdə və göstərilən şəxslər tərəfindən
köçürülə bilər.
9. Yalnız Azərbaycan Respublikasının vətəndaşları
olan fiziki şəxslər tərəfindən könüllü ianələr
Seçki Məcəlləsinin 93.1-ci maddəsində müəyyənləşdirilmiş
qaydada köçürülə bilər.
Hüquqi şəxslərin ianələri yalnız nağdsız qaydada
xüsusi seçki hesablarına Seçki Məcəlləsinin
93.2-ci maddəsində göstərilən şərtlər nəzərə
alınmaqla qəbul edilir.
10. Vətəndaşların və hüquqi şəxslərin könüllü
ianələri xüsusi seçki hesabına rabitə şöbələri
və ya bank-kredit təşkilatları vasitəsilə
müvafiq ödəniş sənədi alındıqdan sonra növbəti
bank günündən gec olmayaraq köçürülür. Bu
halda nağdsız ödənişin həyata keçirilməsinin
ümumi müddəti 2 gündən artıq ola bilməz.
11. Namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların və siyasi partiya bloklarının
seçki fondlarına ianələr buna hüququ olmayan,
Seçki Məcəlləsinin 90.2-ci maddəsində göstərilən
vətəndaşlardan və ya hüquqi şəxslərdən daxil
olubsa, yaxud bu Məcəllədə nəzərdə tutulmuş
məbləğdən artıq köçürülübsə, ianənin xüsusi
hesaba daxil olduğu gündən sonrakı 10 gün
müddətində namizəd, qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiyalar bloku ianəni
bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı
həddi aşan hissəsini, geri qaytarılmanın səbəbini
göstərməklə və göndərilmə xərclərini çıxmaqla,
ianəçiyə qaytarmalıdır.
12. Prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasında
müəyyən olunmuş qaydada qeydiyyata alındıqdan
və bank rekvizitlərini təqdim etdikdən sonra
Dövlət büdcəsindən ayrılmış vəsait 3 gün ərzində
Mərkəzi Seçki Komissiyası tərəfindən onun
xüsusi hesabına köçürülür.
13. Anonim ianələr xüsusi seçki hesabına daxil
olduğu gündən sonra 10 gün müddətində namizəd,
qeydə alınmış namizəd tərəfindən dövlət büdcəsinə
köçürülür.
14. Qeydə alınmış namizədlərin xüsusi seçki
hesabları üzrə bütün əməliyyatları səsvermə
günündən sonra 3 gün müddətində dayandırılır.
15. Seçki Məcəlləsinin 91.4-cü maddəsində
nəzərdə tutulmuş digər hallarda Mərkəzi Seçki
Komissiyasının göstərişi ilə müvafiq bank
namizədlərin, qeydə alınmış namizədlərin xüsusi
seçki hesablarından xərclərin ödənilməsi ilə
bağlı maliyyə əməliyyatlarını dayandırır.
16. Maliyyə əməliyyatlarının aparılması müddəti
yalnız Seçki Məcəlləsinin 92.1-ci maddəsində
müəyyən edilmiş hallarda və əsaslarla uzadıla
bilər.
17. Prezident seçkiləri zamanı prezidentliyə
namizədlərin, qeydə alınmış prezidentliyə
namizədlərin aldıqları pul vəsaitlərinin geri
qaytarılmasının qaydaları Seçki Məcəlləsinin
90.5 ─ 90.7-ci maddələri ilə müəyyən edilir.
18. Prezidentliyə namizədlərin, qeydə alınmış
prezidentliyə namizədlərin seçki fondlarının
xüsusi hesabında qalmış pul vəsaitini Mərkəzi
Seçki Komissiyasının yazılı göstərişinə uyğun
olaraq müvafiq bank səsvermə günündən 60 gün
keçdikdən sonra onun hesabına köçürməlidir.
19. Səsvermədə iştirak etmiş, lakin seçicilərin
ümumi sayının 5 faizdən az səsini toplamış
qeydə alınmış prezidentliyə namizəd Mərkəzi
Seçki Komissiyasının onun seçki fonduna köçürdüyü
pul vəsaitini səsvermə günündən sonra 30 gün
müddətində tam həcmdə Mərkəzi Seçki Komissiyasının
hesabına köçürməlidir.
20. Səsvermədə iştirak etmiş və seçicilərin
ümumi sayının azı 5 faizinin səsini toplamış
qeydə alınmış prezidentliyə namizəd və ya
seçilən sayılmış, habelə səsvermə gününədək
Seçki Məcəlləsinin 73.3-cü maddəsində göstərilən
məcburedici hallara görə namizədliyini geri
götürmüş qeydə alınmış prezidentliyə namizəd
səsvermə günündən 30 gün müddətində, onun
seçki fonduna Mərkəzi Seçki Komissiyasının
köçürdüyü vəsaitin xərclənməmiş hissəsini
həmin seçki komissiyasına qaytarmağa borcludur.
Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi
Seçki Komissiyasının məktubunda göstərilmiş
pul vəsaitini mübahisəsiz qaydada Komissiyanın
hesabına köçürməlidir.