Azərbaycan Respublikası Mərkəzi
Seçki
Komissiyasının 08 oktyabr 2003-cü li tarixli
38/322 saylı Qərarı ilə təsdiq edilmişdir
Məntəqə seçki komissiyasının
protokollarının və əlavə materialların
dairə seçki komissiyalarında qəbul edilib Dövlət
Avtomatlaşdırılmış
İnformasiya Sistemi vasitəsilə Mərkəzi Seçki
Komissiyasına
ötürülmək üçün dairə seçki komissiyasının kompüterinə
daxil edilməsi qaydaları haqqında
T Ə L İ M A T
1. Hər bir dairə
seçki komissiyasında bir kompüter və bu kompüteri
idarə edən, kompüterin toxunulmazlığına və kompüterə
daxil edilən məlumatların bütövlüyünə məsuliyyət
daşıyan təhkim olunmuş bir operator olacaqdır.
Mümkün olduğu halda, kompüter dairə seçki komissiyası
iclaslarının keçirildiyi otaqda yerləşdirilməlidir.
2. Protokolları və əlavə materialları gətirən
məntəqə seçki komissiyası sədrlərinin qarşılanması
üçün hər bir dairə seçki komissiyası öz üzvlərindən
və ya işçilərindən bir nəfəri cəlb etməlidir.
Bu şəxs (qarşılayan şəxs) qayda-qanuna riayət
olunmasına və gələn hər bir məntəqə seçki komissiyası
sədrinin öz növbəsinə müvafiq olaraq qəbul edilməsinin
təmin olunmasına məsuliyyət daşıyır.
3. Salamlayan şəxs, məntəqə seçki komissiyası
sədrini dairə seçki komissiyası otağına, məntəqə
seçki komissiyası protokollarını və materiallarını
qəbul edən şəxsin (Qəbul edən komissiya üzvü)
oturduğu masayadək müşahidə edir.
4. Qəbul edən komissiya üzvü, məntəqə seçki
komissiyası tərəfindən təqdim olunan sənədlərin
Seçki Məcəlləsinin 106.7-ci maddəsinə müvafiqliyini
yoxlayır.
Q e y d: Bu, materialların əsas yoxlanılması
deyil. Qəbul edən komissiya üzvü sənədin sonunda
əlavə olunan siyahını yoxlayaraq, tələb olunan
bütün sənədlərin sadəcə yerində olub-olmadığını
müəyyənləşdirir.
5. Tələb olunan materiallar təqdim olunmadıqda,
sənədlərin işlənməsi prosesi dayandırılır. Bu
prosesin davam etməsi üçün, məntəqə seçki komissiyası
bütün çatışmayan sənədləri təqdim etməlidir.
6. Seçki sənədlərini və protokolları qəbul edən
komissiya üzvü, təqdim olunan sənədlərin qaydasında
olduğunu müəyyənləşdirdikdən sonra onları dairə
seçki komissiyasının sədrinə təqdim edir.
7. Dairə seçki komissiyasının sədri məntəqə
seçki komissiyasının sədrinin iştirakı ilə protokoldakı
məlumatların düzgünlüyünü yoxlayır, protokolun
düzgün doldurulmasını tam dəqiqləşdirir, protokola
əlavə edilmiş sənədlərin qaydasında olmasını
yoxlayır.
8. Dairə seçki komissiyası protokolun etibarlığını
müəyyənləşdirir. Bu müəyyənləşdirməni apararkən,
dairə seçki komissiyası az mahiyyətlilik qaydasını
tətbiq etməlidir ki, protokolda olan xırda səhvlər
hər hansı bir məntəqənin seçicilərini onların
səslərindən məhrum etməsin. Xırda texniki səhvlər
və ya aşkar anlaşılmazlıqlar dairə seçki komissiyasının
qərarı ilə düzəldilə və aktda göstərilə bilər.
9. Bundan sonra dairə seçki komissiyasının sədri
məntəqə seçki komissiyasının sədrini protokolla
birlikdə protokolda olan məlumatların kompüterə
daxil edildiyi kompüter otağına göndərir.
10. Xüsusi hazırlanmış proqram təminatı vasitəsilə
kompüter operatoru protokoldakı məlumatların
uyğun olub-olmadığını yoxlayır. Bu barədə kompüter
operatoru hesabat hazırlayır və çap edir. Hər
bir hesabatda kompüter operatorunun adı və vəsiqəsinə
dair məlumat göstərilməlidir.
11. Kompüter operatoru protokolun elektron variantının
üç nüsxəsini çap edir, imzalayır və protokolun
daxili uyğunluğuna dair hesabatla birlikdə onları
məntəqə seçki komissiyası sədrinə verir. Məntəqə
seçki komissiyası sədri çap olunmuş nüsxələrdəki
məlumatın protokolun əsli ilə eyni olduğunu
yəqin edir və bundan sonra onları imzalayır.
Çap olunmuş bütün bu sənədlərdə kompüter operatorunun
adı və vəsiqəsinə dair məlumat göstərilməlidir.
12. Məntəqə seçki komissiyası sədri protokolun
əslini, üç nüsxədə çap olunmuş və imzalanmış
protokolları və kompüterdə hazırlanmış hesabatı
qəbul edən komissiya üzvünə aparır. Qəbul edən
komissiya üzvü protokolu, siyahını, hesabatı
və çap olunmuş nüsxələri dairə seçki komissiyası
tərəfindən yoxlanılmaq üçün sədrə təqdim edəcəkdir.
13. Dairə seçki komissiyası sədri və ya məsul
şəxs protokolun hər bir sırasında olan yazılışları
ucadan oxuyur və çap olunmuş nüsxələrdəki məlumatın
protokoldakı məlumatla eyni olduğunu təsdiq
edir. O, həmçinin, kompüter hesabatında olan
nəticəni (nəticələri) də ucadan səsləndirir.
Çap olunmuş və imzalanmış üçüncü protokol dairə
seçki komissiyasında təhkim olunmuş beynəlxalq
müşahidəçiyə verilir, tələb olunduqda isə digər
nüsxələr müşahidəçilərə verilir.
14. Dairə seçki komissiyası protokolun etibarlı
olduğunu müəyyənləşdirdikdə, sədr çap olunmuş
üç nüsxəni imzalayır və möhürləyir, həmin nüsxələrdən
birini isə kompüter hesabatı ilə birlikdə protokola
tikir. Digər nüsxə kompüter olan otağa göndərilir
və operator əvvəlcədən müəyyənləşdirilmiş cədvəl
əsasında Mərkəzi Seçki Komissiyasına təqdim
edilmək üçün elektron məlumatı tərtib edir.
15. Dairə seçki komissiyasının etibarlı hesab
etdiyi məntəqə seçki komissiyası üzrə məlumat
hər saat Mərkəzi Seçki Komissiyasının Məlumat
Mərkəzinə göndərilməlidir. Məlumatları alan
kimi, Mərkəzi Seçki Komissiyası onları öz internet
səhifəsində dərhal göstərməlidir (ayrıca, yaxud
da qruplarda).
16. Daha sonra dairə seçki komissiyası sədri,
məntəqə seçki komissiyası tərəfindən tələb olunan
materialların təqdim edildiyini göstərən qəbzi
imzalayır və möhürləyir. Bu qəbz məntəqə seçki
komissiyası sədrinə verildikdən sonra, o, dairə
seçki komissiyasını tərk edə bilər.
17. Dairə seçki komissiyası tərəfindən protokolda
və ya əlaqədar sənədlərdə ciddi səhvlər, yolverilməz
düzəlişlər və ya uyğunsuzluqlar aşkar edildikdə,
dairə seçki komissiyası səslərin yenidən sayılması
barədə qərar qəbul edə bilər. Belə halda, məntəqə
seçki komissiyasının bütün üzvləri dairə seçki
komissiyasına çağrılır və dairə seçki komissiyasının
və müşahidəçilərin iştirakı ilə səslərin yenidən
sayılması aparılır. Səslərin təkrar hesablanmasına
dair yeni protokol tərtib edilir və həmin protokolda
“səslərin təkrar hesablanması” sözləri qeyd
edilir.
18. Müşahidəçilər, prosesin bütün aspektlərini
müşahidə edə bilərlər. Kompüter başqa otaqda
yerləşdiyi halda, müşahidəçilər protokolların,
hesabatların və çap olunmuş nüsxələrin kompüter
məntəqəsindən dairə seçki komissiyasının iclas
otağına aparılıb-gətirilməsini, habelə məlumatların
operator tərəfindən daxil edilməsini müşahidə
edə bilər.
19. Nəzərə alın ki, bu proses ardıcıl şəkildə
hər bir məntəqə seçki komissiyası tərəfindən
daxil olan sənədlərə şamil edilir. Yalnız bu
yolla ilkin nəticələrin dairə seçki komissiyasından
Mərkəzi Seçki Komissiyasına vaxtında göndərilməsini
təmin etmək olar.