Azərbaycan Respublikası Mərkəzi
Seçki
Komissiyasının 8 sentyabr 2003-cü il tarixli
29/228 saylı Qərarı ilə təsdiq edilmişdir.
Dairə seçki komissiyalarının
nəzarət-təftiş xidməti haqqında
Əsasnamə
Bu Əsasnamə Azərbaycan
Respublikası Prezidentinin seçkilərində, Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərində,
referendumda və bələdiyyələrə seçkilərdə dairə
seçki komissiyalarının nəzarət-təftiş xidmətinin
hüquqi vəziyyətini, vəzifələrini, fəaliyyət
qaydalarını müəyyən edir.
I. Ümumi müddəalar
1.1. Dairə seçki komissiyasında
nəzarət-təftiş xidməti Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq
yaradılır.
1.2. Nəzarət-təftiş xidmətinin tərkibinə dairə
seçki komissiyasının təmsilçilik norması üzrə
3 nəfər komissiya üzvü (Milli Məclisdə çoxluq
təşkil edən siyasi partiyaları, azlıq təşkil
edən siyasi partiyaları və bitərəfləri təmsilçilik
üzrə) və müvafiq dövlət orqanlarının: Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi rayon şöbələrinin,
Azərbaycan Respublikası Vergilər Nazirliyinin
ərazi vergi idarələrinin və Bakı şəhər vergilər
departamentinin, Birləşmiş Universal Səhmdar
Bankı şöbələrinin əməkdaşları daxil edilir.
1.3. Nəzarət-təftiş xidməti dairə seçki komissiyasının
səlahiyyəti müddətində təşkil olunur.
1.4. Nəzarət-təftiş xidməti öz fəaliyyətində
Azərbaycan Respublikasının Seçki Məcəlləsini,
Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi normativ
xarakterli aktları, Mərkəzi Seçki Komissiyasının
qərarlarını, Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər
tutur.
1.5. Nəzarət-təftiş xidmətinin rəsmi yazışmaları
üçün dairə seçki komissiyasının blankından istifadə
olunur.
II. Nəzarət-təftiş
xidmətinin vəzifələri
2.1. Nəzarət-təftiş
xidməti seçki komissiyalarına ayrılmış pul vəsaitinin
təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin
düzgün qeydə alınmasına və ondan istifadə olunmasına
nəzarəti həyata keçirir.
III. Nəzarət-təftiş
xidmətinin funksiyaları
3.1. Dairə seçki komissiyasının
tapşırığı ilə nəzarət-təftiş xidməti:
3.1.1. aşağı seçki komissiyalarının maliyyə
hesabatını yoxlayır;
3.1.2. seçkilərin maliyyyələşdirilməsində məntəqə
seçki komissiylarında yol verilmiş maliyyə pozuntuları
barədə müvafiq sənədlər təqdim edir;
3.1.3. seçkilərin maliyyələşdirilməsinin qanunvericiliyə
uyğun aparılması ilə bağlı digər məsələləri
yoxlayır;
3.1.4. yoxlamaların nəticələri haqqında akt
yaxud arayış tərtib edir və dairə seçki komissiyasının
sədrinə təqdim edir.
IV. Nəzarət-təftiş
xidmətinin hüquqları
4.1. Nəzarət-təftiş
xidmətinin hüquqları:
4.1.1. məntəqə seçki komissiyasından öz səlahiyyətlərinə
aid bütün məsələlər üzrə məlumat, arayış tələb
etmək;
4.1.2. icra hakimiyyəti orqanlarından, bələdiyyə
qurumlarından, mülkiyyət formasından asılı olmayaraq
təşkilatlardan, vətəndaşlardan nəzarət-təftiş
xidmətinə aid məsələlər barəsində, seçkilərin
maliyyə təminatı ilə əlaqədar olan zəruri arayış
və məlumatlar almaq;
4.1.3. seçkilərin maliyyələşdirilməsində yol
verdikləri pozuntulara görə vətəndaşlara və
hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış
namizədlərə, siyasi partiyalara, siyasi partiyaların
bloklarına, referendum üzrə təşviqat qruplarına
qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq
edilməsi haqqında dairə seçki komissiyası və
ya Mərkəzi Seçki Komissiyası qarşısında məsələ
qaldırmaq.
V. Nəzarət-təftiş xidmətinin
formalaşdırılması qaydası
5.1. Nəzarət-təftiş
xidmətinin rəhbəri dairə seçki komissiyasının
qərarı ilə təyin və azad edilir.
5.2. Nəzarət-təftiş xidmətinin üzvləri müvafiq
dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla
dairə seçki komissiyası tərəfindən xidmətin
tərkibinə daxil edilirlər. Seçkilərin təyin
olunması haqqında qərarın rəsmi dərc edildiyi
gündən başlayaraq nəzarət-təftiş xidmətinin
tərkibinə daxil edilmək üçün müvafiq orqanlar
tərəfindən dairə seçki komissiyasının sərəncamına
tələb edilən vaxtadək müvafiq mütəxəssislər
göndərilməlidir. Nəzarət-təftiş xidmətinin üzvləri
əsas işlərindən azad edildikdə, əsas iş yerləri
üzrə əmək haqqları və digər ödənişlər saxlanılmaqla
Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi
qaydada və həcmdə əlavə əmək haqqı alırlar.
5.3. Nəzarət-təftiş xidmətinin tərkibinə daxil
edilən mütəxəssislər nəzarət-təftiş xidməti
rəhbərinin təqdimatı əsasında dairə seçki komissiyası
sədrinin sərəncamı ilə və dairə seçki komissiyasının
hesabına xidməti ezamiyyəyə göndərilə bilər.
VI. Nəzarət-təftiş
xidməti rəhbərinin hüquq və vəzifələri
6.1. Nəzarət-təftiş
xidmətinin rəhbəri:
6.1.1. nəzarət-təftiş xidmətinin fəaliyyətini
təşkil edir və onun fəaliyyəti barədə dairə
seçki komissiyasına hesabat verir;
6.1.2. nəzarət-təftiş xidmətinin tərkibinə daxil
olan şəxslər və həmin xidmətin işinə cəlb olunan
mütəxəssislər arasında vəzifə bölgüsü aparır,
onlara tapşırıqlar verir və onların icrasına
nəzarət edir;
6.1.3. müvafiq idarə və təşkilatlara sorğular
verir, məlumatlar alır;
6.1.4. dairə seçki komissiyasının tapşırığı
ilə yoxlamaların keçirilməsi və ekspert rəylərinin
hazırlanması üçün ekspertləri cəlb edir.
VII. Yekun müddəalar
7.1. Bu Əsasnamə Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
7.2. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Mərkəzi
Seçki Komissiyasının qərarı ilə edilə bilər.