. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
15 iyul 2003-cü il tarixli 14/82 saylı
Qərarı ilə təsdiq edilmişdir.


Dairə və məntəqə seçki komissiyalarının seçici siyahıları
ilə iş qaydaları haqqında

T ə l i m a t

Seçici siyahılarının düzgün tərtibi və hamının tanış olması üçün təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlarının öz seçki hüquqlarından sərbəst istifadə etmələri üçün mühüm təminatdır.

- Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 35 gün qalmış dəqiqləşdirilir.
- Hər bir vətəndaşın sorğusuna əsasən müvafiq seçki komissiyası onun seçicilər siyahısına daxil edilib-edilməməsi haqqında məlumat verməlidir.

- Seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün – əlavə olaraq, doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın və mənzilin nömrəsi, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə – xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin nömrəsi göstərilir.

Məntəqə üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir. Seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır, seçki komissiyasının möhürü ilə təsdiqlənib, aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Mərkəzi Seçki Komissiyası seçici siyahılarında uyğunsuzluqlar aşkar etdikdə, onlara düzəliş olunur və sonradan, mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sisitemi vasitəsilə tərtib edilir.
Məntəqə seçki komissiyası seçici siyahıları dəqiqləşdirildikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli olan dəyişiklikləri yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırılır.

- Vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır.
- Hər il seçicilər siyahısıının dəqiqləşdirilməsi ilə bağlı məlumatları məntəqə seçki komissiyaları dairə seçki komissiyaları vasitəsilə Mərkəzi Seçki komissiyasına təqdim edirlər.
- Vahid seçici siyahısı seçki dairələri, seçki məntəqələri və bütövlükdə Azərbaycan Respublikası üzrə aparılır.
- Vahid seçicilər siyahısına Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələrinin məntəqə seçki komissiyalarının təsdiq etdikləri seçici siyahılarının məlumatları daxil edilmir. Həmin məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən onun müəyyən etdiyi qaydada təqdim edilir və seçicilərin müvəqqəti siyahısında cəmləşdirilir. Müvəqqəti seçici siyahıları vahid seçici siyahısına əlavə edilir.
- Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.
- Müvəqqəti seçici siyahılarına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.
- Yolu çətin keçilən və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında səsvermə gününə azı 25 gün qalmış, seçki məntəqəsi səsvermə gününə 5 gün qalmış yaradılmışsa, seçici siyahıları məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.
- Hərbi hissədə seçki məntəqəsi yaradılmayıbsa, hərbi hissənin komandiri, istintaq təcridxanalarının rəhbərləri Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və Azərbaycan Respublikasının Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) başqa qayda nəzərdə tutulmayıbsa, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.
- Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.
- Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.
- Seçici vəsiqələri paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.
- Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb, seçicinin bir siyahıda saxlanmasını təmin etməlidir.
- Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında, habelə Seçki Məcəllənin 101-ci maddəsinə uyğun olaraq seçiciyə verilmiş səsvermə vəsiqəsi əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda, seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir, səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsi verildikdə isə vəsiqə onu vermiş seçki komissiyası üzvlərinin imzası ilə təsdiq edilir.
- Məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını, seçicilərə bu barədə məlumat verməklə, səsvermə gününə azı 65 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə gününə 25 gün qalmış səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Bu zaman vətəndaşların yaşadıqları evlərin və mənzillərin nömrələri göstərilməlidir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası