. : TƏLİMATLAR

 
Azərbaycan Respublikasi Mərkəzi Seçki
Komissiyasının 08 sentyabr 2003-cü il tarixli
29/230 saylı qərarı ilə təsdiq edilmişdir.

Seçici siyahılarının dəqiqləşdirilməsi haqqında

İ Z A H

1. Vətəndaşların aktiv seçki hüquqlarının həyata keçirilməsi məqsədilə seçici siyahıları aşağıdakılar nəzərə alınmaqla, “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”nin 46 və 47-ci maddələri əsasında tərtib olunmalıdır.
1.1. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 35 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahılarına seçici yalnız məhkəmənin qərarı əsasında əlavə edilə bilər (bu halda məhkəmənin qərarı seçici siyahısına əlavə edilir).
1.2. Seçicilər siyahısına daxil edilmiş, lakin müvafiq seçki məntəqəsində səs vermək imkanı olmayan seçici səsvermə gününə 3 gün qalanadək qeydiyyatdançıxma vəsiqəsi ala bilər. Bu halda, müvafiq seçki komissiyası seçici siyahılarında göstərilən seçicilərin soyadları qrafasının sağ tərəfində müvafiq qeyd aparır və bu cür seçicilər seçicilərin ümumi sayına daxil edilmirlər.
2. Qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilər seçki bülletenini alarkən qeydiyyatdançıxma vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməli və onu imzalamalıdır.
2.1. Qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçici seçicilər siyahısına daxil edilmir, yalnız qeydiyyatdançıxma vəsiqəsi seçicilər siyahısına əlavə edilir (tikilir) və bu cür seçicilər seçicilərin ümumi sayına daxil edilir.
3. Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Müvəqqəti seçici siyahılarına Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin və ya konsul idarələri rəhbərlərinin, habelə seçicilərin müvəqqəti olduqları müəssisə rəhbərlərinin aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil olunur.
4. Seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), səsvermə günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyasında yoxlanılmış məlumatlar əsasında müvafiq məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.
4.1. Yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.
5. Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.
5.1. Vətəndaşların seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilməsi üçün həmin vətəndaşın seçki məntəqəsi ərazisində, seçkinin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşaması faktı götürülməlidir.
5.2. Vətəndaşın yuxarıda qeyd olunan dövrdə müvafiq ərazidə yaşamaması faktı müəyyənləşibsə, o, həmin ərazini əhatə edən seçki məntəqəsi üzrə tərtib olunan seçicilər siyahısına daxil edilmir.
5.3. Xarici dövlətlərdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları qanuna müvafiq olaraq Azərbaycan Respublikasının həmin dövlətlərdəki nümayəndəliklərində və ya konsul idarələrində müvafiq qaydada səs verə bilərlər.
5.4. Təhsil alma məqsədilə daimi yaşayış yerini dəyişən, seçkilər ərəfəsində həqiqi hərbi xidmətə çağırılan və hərbi xidmətdən tərxis olunan vətəndaşlar seçici siyahılarına daxil olduqları məntəqə və dairə seçki komissiyalarından aldıqları qeydiyyatdançıxma vəsiqəsi ilə yeni gəldikləri əraziləri əhatə edən seçki məntəqələrində səs verirlər.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası