Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli
3/09 saylı Qərarı ilə təsdiq edilmişdir.
Seçicilərin təşəbbüs
qruplarının yaradılması və onların
prezidentliyə namizədi irəli sürmələri qaydaları
haqqında
T ə l i m
a t
Azərbaycan Respublikası
Prezidentinin seçkiləri zamanı prezidentliyə
namizədin irəli sürülməsi Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 53-cü, 54-cü və 180-ci maddələri
ilə nizama salınır.
Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi
dərc olunduqdan sonra prezidentliyə namizədlər
irəli sürülür.
Seçki Məcəlləsinin 180-ci maddəsinə əsasən prezidentliyə
namizədləri siyasi partiyalar, siyasi partiyaların
blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin
53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli
sürə bilərlər.
Seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar
prezidentliyə namizəd irəli sürmək üçün azı
100 nəfərdən ibarət olan seçicilərin təşəbbüs
qrupunu yarada bilərlər.
Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ
olan seçicilər tərəfindən o şərtlə irəli sürülə
bilər ki, ərazisində namizədin dəstəklənməsi
üçün zəruri olan imzaların yığıldığı və namizədin
qeydə alınmasının nəzərdə tutulduğu Mərkəzi
Seçki Komissiyasına bu barədə bildiriş göndərilsin.
Namizəd, yaxud namizədi irəli sürən seçicilərin
təşəbbüs qrupu öz təşəbbüsü barədə Mərkəzi Seçki
Komissiyasına yazılı bildiriş verir. Bildirişdə
namizədi irəli sürən hər bir təşəbbüsçünün və
namizədin soyadı, adı, atasının adı, doğum tarixi,
yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriyası və nömrəsi,
bundan başqa irəli sürülən namizədin əsas iş
və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda
– fəaliyyət növü) göstərilməlidir.
Prezidentliyə namizəd irəli sürmək məqsədi ilə
təşəbbüs qrupu yaratmaq istəyən seçicilər tərəfindən
yığıncaq keçirilir. İclasdan qabaq təşəbbüs
qrupunu yaratmaq istəyən seçicilərə yığıncağın
keçirilməsinin yeri və vaxtı barədə məlumat
verilir. Təşəbbüs qrupunun üzvlərinin müxtəlif
ərazi vahidlərində yaşamaları faktı onların
təşəbbüs qrupunun üzvü olmasına maneə ola bilməz.
Həmin yığıncaqda aşağıdakı məsələlər müzakirə
olunur:
- azı 100 nəfərdən ibarət olan seçicilərin
təşəbbüs qrupunun yaradılması;
- prezidentliyə namizədin irəli
sürülməsi;
- prezidentliyə namizədin müdafiəsi
üçün imza toplayan şəxslərin təyin edilməsi;
- prezidentliyə namizədin səlahiyyətli
nümayəndələrinin təyin edilməsi;
- seçicilərin təşəbbüs qrupu kimi
qeydə alınması və prezidentliyə namizədliyi
irəli sürülən şəxsin qeydə alınması barədə qərar
verilməsi üçün Mərkəzi Seçki Komissiyasına bildirişlə
müraciət edilməsi.
Göstərilən məsələlər seçicilərin təşəbbüs qrupunun
yığıncağında müzakirə edilərək qərarlar çıxarılır
və protokol tərtib olunur. Həmin protokolu iclasın
sədri və katibi imzalayır.
Seçicilərin təşəbbüs qrupunun yığıncağının protokolu
və bildirişin hər bir vərəqi, əgər yığıncaq
müəssisə, idarə və ya təşkilatda keçirilirsə,
həmin təşkilat, idarə və ya müəssisənin möhüründən
istifadə etməklə, əgər yığıncaq seçicilərin
yaşayış yeri üzrə keçirilirsə, mənzil istismar
sahəsinin və ya müvafiq bələdiyyələrin möhüründən
istifadə etməklə təsdiqlənir.
Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizəd
və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən
aşağıdakı sənədlər təqdim edilir:
- seçicilərin təşəbbüs qrupunun
yaradılması barədə yığıncağın protokolu;
- seçicilərin təşəbbüs qrupu üzvlərinin
siyahısı (siyahıda üzvlərin soyadı, adı, atasının
adı, doğum tarixi, yaşadığı yerin ünvanı, şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası
və nömrəsi, imzası göstərilməlidir);
- prezidentliyə namizədin səlahiyyətli
nümayəndələrinin siyahısı;
- prezidentliyə irəli sürülən namizədin
soyadı, adı, atasının adı, doğum tarixi, Azərbaycan
Respublikasının ərazisində 10 ildən artıq daimi
yaşaması və yaşadığı yer, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriyası və nömrəsi,
iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda
fəaliyyət növü), partiyalılığı, namizədliyə
irəli sürülməsi haqqında razılıq ərizəsi.
Namizədin ərizəsində Azərbaycan Respublikası
Konstitusiyasının 100-cü maddəsində nəzərdə
tutulan tələblər də göstərilməlidir.
Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti
barədə məlumatları daxil edə bilər. Belə halda
namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən
çox olmayan adla adlandırılmasını Mərkəzi Seçki
Komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş
siyasi partiya namizədi öz sıralarından xaric
edibsə və Mərkəzi Seçki Komissiyasına bildiriş
göndəribsə, həmin bildiriş alındıqdan sonra
həmin namizədlə əlaqədar siyasi partiyanın adından
istifadə edilə bilməz.
Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim
edilmiş sənədlərin alınması barədə prezidentliyə
namizədə və ya onun səlahiyyətli nümayəndəsinə
yazılı arayış verilməlidir.
Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə
5 gün müddətində baxır və prezidentliyə namizədə
və ya onun səlahiyyətli nümayəndəsinə seçicilərin
təşəbbüs qrupunun qeydiyyatını və namizədin
irəli sürülməsini təsdiq edən qərar təqdim edir.