Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
12 iyul 2003-cü il tarixli
11/65 saylı qərarı ilə təsdiq edilmişdir
Seçki bülletenləri və zərflərin
hazırlanması, dairə və məntəqə seçki komissiyalarına
verilməsi
qaydaları haqqında
T Ə L İ M A T
1. Seçki bülletenlərinini
mətni və forması, sayı, eləcə də onların qoyulması
üçün müvafiq olçüdə və formada zərflərin hazırlanması
səsvermə gününə azı 35 gün qalmış Mərkəzi Seçki
Komissiyası tərəfindən qərarla təsdiq edilir.
1.1. Seçki bülletenlərində namizədlərin soyadları
əlifba sırası ilə yerləşdirilir. Hər seçki bülleteni
bir-bir ardıcıl olaraq nömrələnməlidir və bülletendə
onun doldurulması qaydası haqqında izahat verməlidir.
Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.
1.2. Seçki bülletenlərinin və onların qoyulması
üçün müəyyən edilmiş formada zərflərin haırlanması
üçün Mərkəzi Seçki Komissiyası tərəfindən poliqrafiya
müəssisələrinə aşağıdakı sənədlər təqdim edilir:
- seçki bülletenlərinin çap olunması və müvafiq
ölçüdə zərflərin hazırlanması haqqında Mərkəzi
Seçki Komissiyasının məktubu və qərarı;
- seçki bülletenləri və zərflərin Mərkəzi Seçki
Komissiyasl tərəfindən təsdiq edilmiş nümunəsi;
- zərflərin ölçüsü seçki qutusunun yarığının
olçüsünə uyğun olmalıdır;
- hər bir seçki dairəsi üzrə seçki bülletenlərinin
sayı barədə məlumat.
1.3. Seçki bülletenləri və zərfləri Mərkəzi
Seçki Komissiyası nümayəndələrinin müşahidəsi
altında poliqrafiya müəssisələrində səsvermə
gününə ən azı 10 gün qalmış hazırlanır.
1.4. Hazırlanmış seçki bülletenləri və zərflərin
sayı müvafiq seçki dairəsində qeydə alınmış
seçicilərin sayından ən çoxu 3 faiz artıq ola
bilər.
2. Poliqrafiya müəssisəsinin səlahiyyətli nümayəndəsi
yararsız seçki bülletenlərinin seçilib ayrılmasını
təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli
üzvünə (üzvlərinə) bülleten və zərflərin sayı,
buraxılma tarixi, nömrələri və vaxtı göstərilmiş
akt üzrə təhvil verildikdən sonra poliqrafiya
müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq
çap edilmiş bülletenləri məhv edir və bu barədə
bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib
edir.
2.1. Həmin hərəkətlərin edilməsini Mərkəzi Seçki
Komissiyasının üzvləri ilə yanaşı namizədlər
və onların səlahiyyətli nümayəndələri, siyasi
partiyalar, siyasi partiyalar blokununu səlahiyyətli
nümayəndələri, müşahidəçilər və KİV nümayəndələri
müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası
həmin şəxslərə seçki bülletenlərinin və zərflərin
buraxılması yeri və vaxtı haqqında qabaqcadan
məlumat verməlidir.
2.2. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən
seçki bülletenlərini və zərfləri aldıqdan sonra
səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə
seçki komissiyasının sədri və katibliyinin iştirakı
ilə bülleten və zərflərin sayını, verilmə tarixini,
vaxtını göstərməklə akt tərtib edir. Dairə seçki
komissiyası isə səsvermə gününə azı 3 gün qalmış
seçki bülletenlərini və zərfləri yuxarıda göstərilən
qaydada məntəqə seçki komissiyalarına çatdırır.
2.3. Hər bir məntəqə seçki komissiyasına verilən
seçki bülletenləri və zərflərin sayı dairə seçki
komissiyasının qərarı ilə müəyyənləşdirilir.
Məntəqə seçki komissiyalarına verilmiş seçki
bülletenləri və zərflərin sayı onların verildiyi
günədək seçki məntəqəsi üzrə siyahıya daxil
edilmiş seçicilərin sayının 90 faizdən az, 0,5
faizdən isə artıq ola bilməz.
2.4. Əgər verilməli olan və alınan seçki bülletenləri
və zərflərin sayı düz gəlməzsə, dairə seçki
komissiyası bu uyğunsuzluqlar haqqında dərhal
məlumatlandırılır. Seçki bülleteninin üz tərəfinin
yuxarı sağ küncü məntəqə seçki komissiyasının
möhürü ilə təsdiq edilir.
3. Seçki bülletenləri və zərflərin verilməsi
və saxlanılması üçün seçki bülletenləri verən,
qəbul edən və mühafizə edən seçki komissiyalarının
sədrləri məsuliyyət daşıyırlar.
3.1. Seçki bülletenləri və zərfləri Mərkəzi
Seçki Komissiyasından dairə seçki komissiyasına,
dairə seçki komissiyalarından isə məntəqə seçki
komissiyalarına təhvil verilib alınarkən müvafiq
qaydada 2 nüsxədən ibarət akt tərtib olunur.
Akt bir tərəfdən Mərkəzi Seçki Komissiyasının
vəzifəli şəxsi (şəxsləri), digər tərəfdən dairə
seçki komissiyasının sədri və (katibləri), yaxud
da məntəqə seçki komissiyasının sədri və (katibləri)
tərəfindən imzalanır. Bütün bu proseslərdə bu
təlimatın 2.1.-2.4.-cü bəndlərində göstərilən
şəxslər iştirak edə bilərlər. Həmin şəxslərin
siyahısı akta əlavə edilir.
4. Seçki bülletenləri və zərflər seçki məntəqələrinə
verildikdən sonra yalnız seçki məntəqəsində
saxlanmalı və etibarlı qorunan yerdə saxlanmalıdır.