Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
12 iyul 2003-cü il tarixli
11/69 saylı Qərarı ilə təsdiq edilmişdir
Seçicilərin seçici siyahısına
daxil olmalarını təsdiqləyən seçici vəsiqələrinin
hazırlanması və verilməsi qaydaları haqqında
İZAH
1. Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 46.2-ci maddəsinə əsasən
seçicilərin seçici siyahısına daxil olmalarını
təsdiqləyən sənəd seçici vəsiqəsidir. Seçici
vəsiqəsində hər bir seçicinin soyadı, adı, atasının
adı, doğum tarixi, yaşayış yerinin ünvanı, siyahıya
alındığı seçki dairəsinin adı və səs verəcəyi
seçki məntəqəsinin nömrəsi, habelə seçki məntəqəsinin
ünvanı da göstərilir.
1.1 Seçici vəsiqənin nümunəsi Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq
olunur və seçici siyahılarının blankları ilə
birlikdə səsvermə gününə 50 gün qalmış dairə
seçki komissiyalarına verilir.
1.2. Dairə seçki komissiyaları da öz növbəsində
seçici siyahılarının blankları ilə birlikdə,
səsvermə gününə 45 gün qalmışa qədər, seçici
vəsiqələrini də müvafiq məntəqə seçki komissiyalarına
çatdırır.
1.3. Məntəqə seçki komissiyaları tərəfindən
seçici vəsiqələri səsvermə gününə ən çoxu 10
və ən azı 5 gün qalmış seçicilərə verilir.
1.4. Seçici vəsiqəsində seçicinin soyadı, adı,
atasının adı, doğum tarixi, yaşayış yerinin
ünvanı, seçki dairəsinin sayı və adı, səsvermənin
saat 8.00-dan 19.00-a kimi keçirilməyi, habelə
seçicinin səs verəcəyi seçki məntəqəsinin ünvanı,
telefon nömrəsi və sıra sayı da göstərilir.
Bundan əlavə seçici vəsiqəsində “səs verməyə
gələrkən şəxsiyyət vəsiqəsini və ya onu əvəz
edən sənədi gətirməyi unutmayın” sözləri də
yazılır.
1.5. Səsvermə günü səsverməyə gələn hər bir
seçiciyə seçki bülleteni, seçici vəsiqəsi ilə
birlikdə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən
sənəd təqdim edildikdə verilir. (Seçici vəsiqəsinin
nümunəsi izaha əlavə olunur).