Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
27 iyun 2003-cü il tarixli
4/26 saylı Qərarı ilə təsdiq
edilmişdir
AZƏRBAYCAN RESPUBLIKASINDA DAIMI
YAŞAYAN, VƏTƏNDAŞLIĞI
OLMAYAN ŞƏXSLƏRIN AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ
SEÇKILƏRINDƏ IŞTIRAKINA DAIR
T Ə L I M A T
Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı maddəsində və Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin 14-cü maddəsində
nəzərdə tutulan hallar istisna olmaqla prezident
seçkilərinin keçirilməsi günü (həmin gün də
daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının
hər bir vətəndaşının prezident seçkilərində
iştirak etmək hüququ vardır.
Bununla belə, yuxarıda göstərilən tələblərə
cavab verən 18 yaşına çatmış və Azərbaycan Respublikasında
5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı
olmayan şəxslər də prezident seçkiləri zamanı
səsvermədə iştirak edə bilərlər.
Lakin Azərbaycan Respublikasında 5 ildən az
olan müddətdə yaşayan və vətəndaşlığı olmayan
şəxslər aktiv və passiv seçki hüququna malik
deyillər və həmin şəxslər prezident seçkilərində
iştirak edə bilməzlər.
Azərbaycan Respublikasında 5 ildən az olmayaraq
daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini
təsdiq edən sənəd 30 dekabr 1997-ci il tarixli
Azərbaycan Respublikasının Qanunu ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında daimi
yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin
xüsusi sənədləri haqqında" Əsasnaməyə müvafiq
olaraq Azərbaycan Respublikasının hüdudlarında
istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra
vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət
vəsiqəsidir.
Azərbaycan Respublikasında 5 ildən az olmayaraq
daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin seçki
məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi
üçün həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatını
aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki
məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin
elan olunması günündən əvvəlki 12 ayın azı 6
ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması)
faktı əsas götürülür.
Azərbaycan Respublikasında 5 ildən az olmayaraq
(yaşayış yeri göstərilməklə) daimi yaşayan,
vətəndaşlığı olmsayan şəxslərin siyahısı Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən
səsvermə gününə azı 50 gün qalmış müvafiq dairə
seçki komissiyasına təqdim edilir. Səsvermə
gününə azı 35 gün qalmış dairə seçki komissiyaları
həmin siyahıların məntəqə seçki komissiyalarına
çatdırılmasını təmin edir.
Azərbaycan Respublikasında 5 ildən az olmayaraq
daimi yaşayan, vətəndaşlığı olmayan şəxs prezident
seçkilərinin gedişini müşahidə etmək, seçkiqabağı
təşviqatda iştirak etmək və Azərbaycan Respublikasının
Seçki Məcəlləsində nəzərdə tutulan digər seçki
hərəkətlərində Azərbaycan Respublikasının vətəndaşları
ilə bərabər qaydada iştirak edə bilərlər.
Azərbaycan Respublikası ərazisində 5 ildən az
olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan
şəxslərin prezident seçkilərində səs verməsi
ümumi qayda olaraq Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 104-cü maddəsi ilə tənzimlənir.
Vətəndaşlığı olmayan şəxslər namizədlərin seçki
fondlarına könüllü ianə ayırmaq, yaxud xidmət
göstərilməsi yolu ilə yardım etmək hüququna
malik deyillər.
Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici
hüquqi şəxslər seçkilər zamanı namizədlərin
irəli sürülməsinə, qeydə alınmasına, qeydə alınmış
namizədlərin seçilməsinə kömək edə və ya mane
ola bilməzlər. Bu da əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin piket azadlıqlarını və sərbəst
toplaşma hüquqlarını məhdudlaşdırmır.
Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla
müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb
edilirlər.