Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
15 iyul 2003-cü il tarixli
14/83 saylı Qərarı ilə təsdiq
edilmişdir
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində prezidentliyə namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının,
seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət
təşkilatlarının təyin etdikləri müşahidəçilərin
iş fəaliyyətinin qaydaları haqqında
T ə l i m a t
1. Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 40.1-ci maddəsinə müvafiq
olaraq seçki komissiyalarının fəaliyyəti seçicilər
üçün şəffaf olmalıdır.
1.1. Aktiv seçki hüququ olan Azərbaycan Respublikasının
vətəndaşları müşahidəçi qismində çıxış edə bilərlər.
Seçkilərdə müşahidəçi qismində iştirak etmək
istəyən şəxslər müvafiq seçki komissiyasına
ərizə ilə müraciət etməli və lazımi sənədləri
təqdim etməlidirlər.
1.2. Seçki Məcəlləsinin 40.5-ci maddəsinə uyğun
olaraq müşahidəçi müşahidəni öz təşəbbüsü ilə
və ya qeydə alınmış namizədin, siyasi partiyanın,
siyasi partiyalar blokunun, seçkilər sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatının
təşəbbüsü əsasında apara bilər.
1.3. Qeydə alınmış namizəd, namizədi irəli sürən
siyasi partiyalar, siyasi partiyaların blokları,
eləcə də seçkilər sahəsində fəaliyyət göstərən
qeyri- hökumət təşkilatları hər bir seçki komissiyasına
bir müşahidəçi təyin etmək hüququna malikdirlər.
1.4. Azərbaycan Respublikası Seçki Məcəlləsinin
40-cı maddəsinə əsasən müşahidənin Azərbaycan
Respublikasının bütün ərazisində, eləcə də bu
və ya digər seçki dairəsinin ərazisində aparılması
nəzərdə tutulmuşdur.
1.5. Müşahidənin Azərbaycan Respublikasının
bütün ərazisində aparılması nəzərdə tutulursa,
müşahidənin aparılması üçün ərizə seçkilər elan
edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə
10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına
təqdim edilə bilər.
2. Qeydə alınmış namizədlər, namizədi irəli
sürən siyasi partiyalar, siyasi partiyaların
blokları, habelə seçkilər sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları təyin etdikləri
müşahidəçilərin soyadını, adını, atasının adını,
yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin
seriya və nömrəsini, eləcə də öz adlarını və
hüququ ünvanlarını göstərməlidirlər. Bundan
əlavə, ərizəyə hər bir müşahidəçinin iki fotoşəkili
də əlavə olunmalıdır. Mərkəzi Seçki Komissiyası
daxil olmuş ərizələrə 3 gün müddətində baxıb
qərar qəbul edir. Müşahidənin keçirilməsinə
rədd cavabı o zaman verilir ki, ərizədə göstərilən
məlumatlar təsdiq olunmasın. Müşahidənin aparılmasına
icazə verildikdə Mərkəzi Seçki Komissiyası tərəfindən
hər bir müşahidəçiyə lövhəcik verilir.
2.1. Qeydə alınmış namizədlər, namizəd irəli
sürən siyasi partiyalar, siyasi partiyaların
blokları, eləcə də seçkilər sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları müşahidəni
bu və ya digər seçki dairəsinin ərazisində aparmaq
niyyətində olarlarsa, seçkilərin keçirilməsinə
5 gün qalanadək ərizə ilə müvafiq dairə seçki
komissiyasına müraciət edə bilərlər. Ərizədə
təyin edilən hər bir müşahidəçinin soyadını,
adını, atasının adını, yaşayış yerinin ünvanını,
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, eləcə
də özlərinin adını və hüquqi ünvanını göstərilməlidir.
Bundan başqa, ərizəyə hər bir müşahidəçinin
iki foto- şəkili də əlavə edilməlidir. Dairə
seçki komissiyası daxil olmuş ərizələrə 2 gün
müddətində baxıb qərar qəbul edir. Müşahidənin
aparılmasına rədd cavabı yalnız ərizədə göstərilən
məlumatlar təsdiq olunmadıqda verilə bilər.
Müşahidənin aparılmasına icazə verildikdə dairə
seçki komissiyası hər bir müşahidəçiyə Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi formada
hazırlanmış lövhəcik verir.
2.2. Həmin müşahidəçilərdən səsvermə günü seçki
komissiyalarının iclaslarını müşahidə etmək
üçün xüsusi icazənin olması tələb olunmamalıdır.
2.3. Səsvermə gününədək seçki komissiyasının
iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi
Seçki Komissiyasında qeydiyyatdan keçmiş və
xüsusi icazə verilmiş müşahidəçilər malikdirlər.
Həmin müşahidəçilərə verilən lövhəciklərdə bu
hüquq göstərilməlidir.
2.4. Qeydə alınmış namizədlərin, namizədləri
irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar
bloklarının, habelə seçkilər sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının hər birinin
seçki komissiyasında bu hüquqa malik bir müşahidəçisi
olması üçün Mərkəzi Seçki Komissiyası püşkatma
keçirir və müşahidəçilər püşkatma yolu ilə müəyyən
edilirlər. Hər bir seçki komissiyasında belə
müşahidəçilərin sayı 10-dan artıq ola bilməz.
2.5. Namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar blokunun, o cümlədən seçkilər sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
müşahidəçiləri seçki komissiyalarında müstəqil
və sərbəst şəkildə, heç bir maneə olmadan müşahidə
apara bilərlər və bu barədə onlara lazımı şərait
yaradılmalıdır.
3. Namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, eləcə də seçkilər sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
təyin etdikləri müşahidəçilər tərəfindən müşahidənin
aparılması aşağıdakı prinsiplərə əsaslanır:
- seçkilər zamanı hər hansı bir namizədin, siyasi
partiyaların, siyasi partiyalar bloklarının,
eləcə də seçkilər sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının mənafeləri naminə
təsir göstərilməməlidir;
- müşahidə açıq aparılmalıdır;
- müşahidə edilən hərəkətlərə aid bütün hallar
və faktlar nəzərə alınmalıdır;
- müşahidənin yekunları faktlara əsaslanmalıdır.
Bu prinsiplər müşahidəçinin lövhəciyinin arxa
tərəfində göstərilməlidir.
3.1. Namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, eləcə də seçkilər sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
təyin etdikləri müşahidəçilərin aşağıdakı hüquqları
vardır:
- seçici siyahıları ilə tanış olmaq;
- seçki hərəkətlərinin həyata keçirilməsini
seçkilərin nəticələrinin və yekunlarının müəyyənləşdirilməsini,
seçkilərin yekunları haqqında protokolların
tərtib olunmasını müşahidə etmək;
- seçki bülletenlərinin hazırlanması və verilməsini
(bu barədə Mərkəzi Seçki Komissiyasından xüsusi
icazə alınmalıdır) müşahidə etmək;
- səslərin hesablanmasını müşahidə etmək;
- səslərin yenidən hesablanmasını müşahidə etmək;
- səsvermə gününədək seçki komissiyasının iclasının
müşahidəsini aparmaq (müşahidəçinin Mərkəzi
Seçki Komissiyası tərəfindən bu hüququn əlavə
edilməsi haqqında xüsusi icazəsi olarsa);
- səsvermə günü istədiyi vaxt müvafiq seçki
məntəqəsinin səsvermə otağında olmaq;
- seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflərin və seçki bülletenlərinin verilməsini
müşahidə etmək;
- təklif və iradlarla məntəqə seçki komissiyasının
sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə
müraciət etmək;
- seçki bülletenlərinin, ləğv edilmiş seçki
bülletenlərinin sayılmasını müşahidə etmək;
- müşahidənin nəticələrinin seçki komissiyasının
protokoluna əlavə tələb etmək;
- seçkilərin nəticələri haqqında seçki komissiyasının
protokolu ilə və digər sənədlərlə tanış olmaq;
- səsvermənin nəticələri haqqında protokolların,
səsvermə günü səsvermə başlanandan səsvermə
protokollarının qəbul olunmasınadək, tərtib
olunmuş və ya onlara daxil edilmiş qoşma sənədlərin
təsdiqlənmiş surətinin bir nüsxəsini haqq ödənilmədən
çıxarmaq və almaq;
- əlavə nüsxələri Mərkəzi Seçki Komissiyasının
müəyyən etdiyi qaydada haqq ödənilməklə çıxarmaq
və almaq;
- daşınan və daşınmaz seçki qutularındakı seçki
bülletenlərinin sayılmasını və səslərin hesablanmasını
müşahidə etmək;
- seçki sənədlərinin dairə seçki komissiyasına
və ya Mərkəzi Seçki Komissiyasına göndərilməsini
müşahidə etmək.
3.2. Namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, eləcə də seçkilər sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
təyin etdikləri müşahidəçilər öz statuslarından
seçkilərlə əlaqədar olmayan başqa məqsədlər
üçün istifadə edə bilməzlər.
4. Namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, eləcə də seçkilər sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
təyin etdikləri müşahidəçilərə aşağıdakılar
qadağa olunur:
- seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərfləri və seçki bülletenlərini vermək;
- seçicilərin xahişi ilə seçki bülletenlərini
doldurmaq;
- seçicinin xahişi ilə onun əvəzinə seçki bülletenin
alınması haqqında imza etmək;
- seçiciyə necə səs verəcəyi və ya necə səs
verdiyi haqqında suallar vermək;
- seçicilər arasında təşviqat aparmaq;
- seçki komissiyasının işinə maneə törədən hərəkətlər
etmək;
- digər seçki komissiyasının qərarlarının qəbul
olunmasına müdaxilə etmək;
- seçicilərin müşahidəçi statusuna aid olmayan
suallarına cavab vermək;
- seçki komissiyalarının həlledici səs hüquqlu
üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında
birbaşa istirak etmək;
4.1. Yuxarıda göstərilən tələblərə riayət etməyən
müşahidəçinin qey-diyyatı onu qeydə almış seçki
komissiyasının müraciəti əsasında müvafiq məhkəmə
tərəfindən ləğv edilə bilər.
4.2. Namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, habelə seçkilər sahəsində
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
təyin etdikləri müşahidəçilərin səlahiyyətlərinə
Azərbaycan Respublikası Prezident seçkilərinin
yekunları rəsmən elan edildiyi gün xitam verilir.