Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli
3/15 saylı qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası
Prezidentliyinə namizədin gəlirlərinin miqdarı,
mənbələri,
mülkiyyəti və əmlakları barədə məlumatın toplanması
Q A Y D A S I
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
58-ci maddəsinin 1.4 - 1.5-ci bəndlərinə və
58-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq namizədlər
gəlirlərinin miqdarı, məbləği, mülkiyyət hüququ
əsasında onlara məxsus əmlak haqqında məlumat
verirlər.
Məlumatda aşağıda qeyd olunan gəlir mənbələri
göstərilməlidir (gəlirlərin alındığı təşkilatlardan
və fiziki şəxslərdən il ərzində həmin gəlirlərin
cəmi barədə arayışlar təqdim edilməlidir):
1. Əsas iş
yerindən əmək haqqı barədə
Əsas iş yerindən əmək haqqı dedikdə vətəndaşlar
tərəfindən müəssisələr, idarələr və təşkilatlarla
bağlanmış əmək müqavilələrinə (kontraktlara)
əsasən konkret ixtisas, dərəcə və vəzifə üzrə
işlərin yerinə yetirilməsi, yaxud kooperativdə,
kəndli-fermer təsərrüfatında, ictimai və ya
dini təşkilatda, vəkillikdə, habelə xidməti
və ya tədrislə əlaqədar əmək funksiyasının yerinə
yetirilməsinə görə ödənişlər başa düşülür.
2. Mükafat
və maddi yardım haqqında
Mükafat və maddi yardım dedikdə il ərzində işin
yekununa görə mükafat, xidmət illərinə görə
mükafat, birdəfəlik xarakter daşıyan əlavə mükafatların
bütün növləri, yubiley və bayram günləri, doğum
günləri ilə bağlı və digər oxşar hallarda verilən
həvəsləndirici ödənclər, əmək funksiyalarının
yerinə yetirilməsinə görə digər mükafatlar və
bütün növlərdən olan maddi yardımlar başa düşülür.
3. Mülki-hüquqi
müqavilələrdən əldə olunan gəlir haqqında
Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir
dedikdə vətəndaşların əsas iş yerində əmək haqqı,
vəzifə icrası ilə əlaqədar olmayan işləri yerinə
yetirməkdən (birdəfəlik işlərin yerinə yetirilməsindən,
əvəzçilik üzrə işlərdən) əldə etdikləri gəlirlər
başa düşülür.
4. Sahibkarlıq
fəaliyyətindən əldə edilən gəlir haqqında
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir
dedikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi
ilə nəzərdə tutulan və qanunla qadağan edilməyən
fəaliyyət növlərindən əldə edilmiş gəlirlər
başa düşülür (sahibkarlıqla məşğul olan fiziki
şəxs tərəfindən ilin yekununa görə vergi orqanlarına
təqdim edilmiş bəyannamədə göstərilən gəlir).
5. Qeyri sahibkarlıq
fəaliyyətindən əldə edilən gəlir haqqında
Qeyri sahibkarlıq fəaliyyətindən gəlirə muzdlu
işlə əlaqədar əldə edilən və sahibkarlıq fəaliyyətindən
əldə olunan gəlirlərdən başqa digər gəlirlər
daxil edilir:
o cümlədən:
- banklardan və kredit
idarələrindən alınmış faizlər;
- dividendlər;
- müəlliflik haqqı;
- royalti;
- qiymətli kağızlar üzrə əməliyyatlardan əldə
edilən gəlir;
- bağışlanmış borcun məbləği;
- əmlakın icarəyə verilməsindən əldə edilən
gəlir;
- həyatın yığım sığortası üzrə gəlir;
- ailə üzvü olmayan şəxslərdən alınan hədiyyələr
və maddi yardım;
- alınmış miraslar;
- lotoreya uduşları:
- sair gəlirlər (sair gəlirlər dedikdə yuxarıda
sadalanmayan digər gəlirlər nəzərdə tutulur).
6. Əmlak və mülkiyyət
haqqında məlumatlar müvafiq orqanlardan (Əmlak
Nazirliyinin təşkilatlarından, mənzil-istismar
sahələrindən, texniki inventar bürolarından)
alınmış arayışlarla təsdiq olunur.