. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
12 iyul 2003-cü il tarixli
11/64 saylı Qərarı
ilə təsdiq
edilmişdir


Dairə və məntəqə seçki komissiyalarının
birinci iclasının keçirilməsi qaydaları haqqında

T ə l i m a t

1. Seçki komissiyaları kollegial formada fəaliyyət göstərirlər.
1.1. Müvafiq seçki komissiyası onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən 5 gün ərzində birinci iclasına toplaşır.
1.2. Seçki komissiyasının sədri, iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər.
1.3. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.
2. Seçki komissiyaları öz səlahiyyətləri daxilində qərarlar qəbul edirlər.
2.1. Seçki komissiyasının iclası sədr tərəfindən, habelə komissiyanın həlledici səs hüquqlu üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə çağırılır.
2.2. Seçki komissiyasının bütün iclasları haqqında protokol tərtib edilir, komissiyaya daxil olan bütün sənədlər qeydə alınır.
2.3. Seçki komissiyasının qərarları və iclasının protokolları komissiyanın sədri və katibləri tərəfindən imzalanır. Həmin şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayır.
2.4. Seçki komissiyasının qərarı ilə razı olmayan komissiya üzvünün yazılı surətdə xüsusi rəyini ifadə etmək hüququ vardır.
2.5. Seçki komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alırlar.
2.6. Seçki komissiyasının üzvləri seçkilər dövründə rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.
2.7. Seçki komissiyasının üzvünün seçkilər dövründə seçki dairəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir.
2.8. Dairə və məntəqə seçki komissiyaları öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə və məntəqə seçki komissiyasının reqlamenti əsasında qurur.
3. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6 üzvünün, 8 və ya 7 üzv iştirak etdikdə – azı 5 üzvünün, 6 üzv iştirak etdikdə – azı 4 üzvünün lehinə səs verməsi nəticəsində qəbul edilir. Dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc edildiyi gündən qüvvəyə minir.
3.1. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında 6 və ya 5 üzv iştirak etdikdə – azı 4 üzvün, 4 üzv iştirak etdikdə – azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir. Məntəqə seçki komissiyasının qərarı ən geci 12 saat müddətində dərc edilməlidir.
3.2. Seçki komissiyasının iclası haqqında seçki komissiyasının üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Seçki komissiyasının iclasının vaxtı haqqında məlumat seçki komissiyasının üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən çatdırılır.
3.3. İclasın vaxtı haqqında məlumat səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.
3.4. Seçki komissiyasının iclasının səlahiyyətli olması üçün onun həlledici səs hüquqlu üzvlərinin azı 2/3 hissəsi təyin edilməlidir.
3.5. Seçki komissiyasının iclası komissiyanın həlledici səs hüquqlu üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli hesab edilir.
3.6. Seçki komissiyası üzvünün, habelə iclasda yuxarı seçki komissiyasının rəsmi iştirak edən üzvünün tələbi ilə komissiyanın səlahiyyətinə aid olan və təsdiq edilmiş gündəliyə uyğun gələn hər hansı məsələyə dair səsvermə keçirilməlidir.
3.7. Seçki komissiyası üzvlərinin azı 1/3 -nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ seçki komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında seçki komissiyası iclasının gündəliyinə daxil edilməlidir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası