. : TƏLİMATLAR

 
Azərbaycan Respubliksı
Mərkəzi Seçki Komissiyasının
8 iyul 2003-cü il 9/57saylı
Qərarı ilə təsdiq edilmişdir

Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun
Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünü yoxlamaq üçün yaradılan işçi qrupu haqqında

Ə s a s n a m ə

Bu Əsasnamə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünü yoxlamaq üçün yaradılan işçi qrupunun hüquqi vəziyyətini, onun vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edir.

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında təşkil edilən işçi qrupu Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq yaradılır.
1.2. İşçi qrupunun tərkibinə Mərkəzi Seçki Komissiyasının üzvü, ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri daxil edilə bilər.
1.3. İşçi qrupu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə yaradılır və seçki gününə 60 gün qalmış səlahiyyətinə xitam verilir.
1.4. İmza vərəqələri yoxlanılarkən Mərkəzi Seçki Komissiyasında namizədlər, onların səlahiyyətli nymayəndələri, siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Mərkəzi Seçki Komissiyası imza vərəqələrinin yoxlanılması barədə göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneəçilik törədə bilməz. İmza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır.
1.5. İşçi qrupu öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının Seçki Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Mərkəzi Seçki Komissiyasının qərar və təlimatlarını rəhbər tutur.

2. İşçi qrupunun vəzifələri

2.1. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə işçi qrupunun sədrinin müraciətinə əsasən müvafiq orqanlara sorğu edə bilər.
2.2. İşçi qrupunun tərkibinə daxil olan ekspert və mütəxəssislər təqdim edilən imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyaların blokunun digər seçki sənədlərində olan məlumatların və faktların düzgünlüyünü yoxlayır və imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgün olub-olmaması haqqında ayrı-ayrılıqda rəy verirlər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Rəydə seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunur.
2.3. İşçi qrupuna təqdim edilən imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun digər seçki sənədlərində olan məlumatların və faktların düzgünlüyünü yoxlayır, imza vərəqələrində olan məlumatların düzgün olub-olmaması haqqında müvafiq rəy verir. Seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəl hazırlayır.
2.4. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticəsi haqqında işçi qrupunun rəhbəri tərəfindən protokol tərtib edilir, imzalanır, protokola ekspertlərin və mütəxəssislərin rəyləri və cədvəl əlavə edilir və müvafiq qərar qəbul edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Protokolda əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan Mərkəzi Seçki Komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir.

3. İşçi qrupunun funksiyaları

3.1. İşçi qrupu öz vəzifələrini həyata keçirmək məqsədi ilə aşağıdakı funksiyaları həyata keçirir:
- prezidentliyə namizədin qeydə alınması üçün Seçki Məcəlləsində nəzərdə tutulan sənədlərin, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünün yoxlanılması;
- imza vərəqələrində olan məlumatların düzgünlüyünün müəyyənləş-dirilməsi.

4. İşçi qrupunun hüquqları

İşçi qrupu Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla aşağıdakı hüquqlara malikdir:
4.1. Namizəd, siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrindən, imza toplayan şəxslərdən, seçicilərdən öz səlahiyyətinə aid olan bütün məsələlər üzrə məlumat tələb etmək və almaq;
4.2. Fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bütün məsələlərə dair müvafiq dövlət orqanlarına, bələdiyyə qurumlarına və digər orqanlara müraciət etmək, səlahiyyətlərinə aid bütün məsələlər üzrə zəruri məlumat və materialları tələb etmək;
4.3. Müvafiq orqanlar işçi qrupunun müraciətlərinə 3 gün ərzində, lakin səsvermə gününə 75 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində rəsmi cavab verməlidirlər;
4.4. İmza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilən rəyləri hazırlamaq və hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun protokolunu tərtib edərək qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim etmək.

5. İşçi qrupunun formalaşdırılması qaydası

5.1. İşçi qrupunun tərkibi, onun rəhbəri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçilir və azad olunurlar;
5.2. İşçi qrupuna sədrliyi bu qrupu yaradan Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü həyata keçirir;
5.3. İşçi qrupunun üzvləri müvafiq dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla həmin qrupa daxil edilirlər, həmin üzvlər əsas iş yerindən müvəqqəti ayrılmaqla öz vəzifələrini həyata keçirirlər, onların əsas iş yeri üzrə vəzifə maaşları və digər ödənişlər saxlanılır;
5.4. İşçi qrupunun tərkibinə daxil olunan ekspert və mütəxəssisləri işə cəlb edərkən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada onlarla əmək müqaviləsi bağlanır və onlara həmin müddətdə əmək haqqı ödənilir.

6. İşçi qrupu rəhbərinin hüquq və vəzifələri

6.1. Qrupun işini təşkil edir, Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla müvafiq orqan və təşkilatlara sorğu verir, sənədlər tələb edir. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında tərtib edilib imzalanmış protokolu qərar qəbul edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edir;
6.2. Qrupun üzvləri arasında vəzifə bölgüsü aparır, qrupun işinə cəlb edilmiş mütəxəssislərə tapşırıqlar verir və onların icrasını yoxlayır;
6.3. İşçi qrupunun Mərkəzi Seçki Komissiyası ilə əlaqəli fəaliyyətini təmin edir;
6.4. İşçi qrupunun protokollarını və başqa sənədləri imzalayır;
6.5. Mərkəzi Seçki Komissiyasının tələbi ilə işçi qrupunun fəaliyyəti barədə ona məlumat verir.

7. Yekun müddəaları

7.1. Bu Əsasnaməyə əlavələr və dəyişikliklər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə edilə bilər.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası