. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
27 iyun 2003-cü il tarixli
4/27 saylı Qərarı ilə təsdiq
edilmişdir

2003-CÜ IL OKTYABRIN 15-NƏ TƏYİN EDİLMİŞ
AZƏRBAYCAN RESPUBLIKASI PREZİDENTİNİN SEÇKİLƏRİNDƏ HƏRBİ HİSSƏLƏRDƏ SEÇKİLƏRİN
TƏŞKİLİNƏ DAİR

T Ə L İ M A T

1. Hərbi qulluqçular hərbi hissənin yerləşdiyi ərazidə yaradılan ümumi seçki məntəqələrində səs verirlər. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun.
Belə hallarda seçki məntəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.
2. Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Seçiciyə seçki bülleteni, seçici vəsiqəsi ilə birlikdə zabitin hərbi vəsiqəsi və ya hərbi bilet təqdim edildikdə verilir.
3. Seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yaxud seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların səlahiyyətli nümayəndələrinin, siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.
4. Hərbi hissələrin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahıları hərbi hissə komandirlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.
5. Hərbi hissələrdə seçki məntəqələri hərbi hissə komandiri tərəfindən elə yerdə təşkil edilməlidir ki, həmin seçki məntəqəsinə giriş maneəsiz olsun.
6. Hərbi hissədə seçki məntəqəsi yaradılmayıbsa, hərbi hissənin komandiri seçicilər haqqında məlumatları dəqiqləşdirir və səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edir.
7. Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər.
8. Hərbi hissədə hərbi qulluqçu olan seçicilərin siyahısı, onların hərbi hissənin yerləşdiyi ərazidə yaşayan ailə üzvlərinin və digər seçicilərin siyahısı hərbi hissənin komandiri tərəfindən tərtib edilir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası