Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
27 iyun 2003-cü il tarixli
4/29 saylı
Qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində
beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət
qaydaları haqqında
TƏLİMAT
Bu təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin
1.1.20, 40 - 42 və 44-cü maddələrinə istinad
edilməklə hazırlanmışdır.
Beynəlxalq (xarici) müşahidəçilər (bundan sonra
- beynəlxalq müşahidəçilər) Azərbaycan Respublikası
Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) dəvəti
əsasında Azərbaycan Respublikasına gəlir və
Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər.
Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar
rəsmi dərc edildikdən sonra müvafiq beynəlxalq
təşkilat və qurumlara göndərilir. İnsan və vətəndaşların
hüquq və azadlıqlarının qorunması sahəsində
nüfuzlu qeyri-hökumət təşkilatları da beynəlxalq
müşahidəçilərin dəvət olunması haqqında təkliflərini
Milli Məclisin deputatlarına, Mərkəzi Seçki
Komissiyasına, Azərbaycan Respublikasının Prezidentinə
və Xarici İşlər Nazirliyinə verə bilərlər. Ölkədə
müşahidə aparmaq üçün Azərbaycan Respublikası
vətəndaşlarına beynəlxalq müşahidəçi statusu
verilmir.
Beynəlxalq müşahidəçi qeydiyyata alınmaq üçün
Mərkəzi Seçki Komissiyasına müraciət edir və
müvafiq ərizə formasını (Əlavə 1) doldurur.
Azərbaycan Respublikasının bütün ərazisində
müşahidənin aparılmasına dair ərizə seçkilərin
elan edildiyi gündən başlayaraq, seçkilərin
keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki
Komissiyasına təqdim edilə bilər. Nər bir ərizəyə
dair qərar onun verildiyi vaxtdan başlayaraq
3 gün müddətində qəbul edilməlidir. Müşahidənin
keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən
məlumatlar təsdiq olunmadıqda verilə bilər.
Ərizədə müşahidə aparmaq niyyətində olan şəxs
haqqında aşağıdakı məlumatlar olmalıdır:
- soyadı, adı, atasının adı;
- yaşayış yerinin ünvanı;
- şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin
seriyası və nömrəsi;
- təmsil edilən təşkilatın adı və ünvanı;
- ərizəyə 3x4 ölçüdə 2 ədəd fotoşəkil əlavə
olunur.
Müşahidənin
aparılmasına icazə verildikdə Mərkəzi Seçki
Komissiyası beynəlxalq müşahidəçiyə dövlət dilində,
onun təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş
vəsiqə-lövhəcik (Əlavə 2) verir.
Səsvermə gününədək seçki komissiyasının iclaslarını
müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki
Komissiyasında qeydiyyatdan keçərək, xüsusi
icazə almış müşahidəçilər malikdirlər. Bu məqsədlə
müşahidəçi məktubla Mərkəzi Seçki Komissiyasına
müraciət edir. Mərkəzi Seçki Komissiyası müşahidəçiyə
icazə verdiyi halda, müvafiq qeyd müşahidəçiyə
məxsus lövhəcikdə öz əksini tapır.
Lövhəciyin ön hissəsində müşahidəçinin fotoşəkli,
adı, soyadı, təmsil etdiyi təşkilatın adı, pasport
nömrəsi əks olunur və Mərkəzi Seçki Komissiyası
Katibliyinin möhürü ilə təsdiqlənir. Lövhəciyin
arxa hissəsində Seçki Məcəlləsindən beynəlxalq
müşahidəçinin fəaliyyətinə dair müvafiq çıxarışlar
verilir. Yalnız belə lövhəciyi əldə etdikdən
sonra beynəlxalq müşahidəçi seçkilərin hazırlanması
və keçirilməsi dövründə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 40 - 42 və 44-cü maddələrinə
uyğun olaraq fəaliyyət göstərə bilər. Beynəlxalq
müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki
Komissiyasında qeydə alındığı gündən başlanır
və seçkilərin ümumi nəticələrinin rəsmi dərc
edildiyi gün tamam olur.
Beynəlxalq müşahidəçi fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
müstəqil və sərbəst həyata keçirir. Seçki komissiyaları,
dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları
tərəfindən onlara zəruri kömək göstərilməlidir.
Beynəlxalq müşahidəçinin fəaliyyəti onu göndərən
tərəfin və ya onun öz şəxsi vəsaiti hesabına
maliyyələşdirilir.
Beynəlxalq müşahidəçilər də yerli müşahidəçilərlə
eyni hüquqlara malikdirlər və eyni vəzifələr
daşıyırlar.
Beynəlxalq müşahidəçilərin Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 40.12-ci və 40.13-cü maddələrində
göstərilən hüquqlarla yanaşı, aşağıdakı hüquqları
vardır:
- seçici siyahıları ilə tanış olmaq;
- səsvermə günü istədiyi vaxt müvafiq seçki
məntəqəsinin səsvermə otağında olmaq;
- seçicilərə seçki bülletenlərinin və onların
qoyulması üçün zərflərin verilməsini müşahidə
etmək;
- səsvermə yerindən kənarda seçicilərin səs
verməsini müşahidə etmək;
- seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin,
ləğv edilmiş seçki bülletenlərinin sayılmasını
müşahidə etmək;
- müşahidənin nəticələrinin seçki komissiyasının
protokoluna əlavə olunmasını tələb etmək;
- müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən
məsafədən seçicilərin səslərinin hesablanmasına,
seçicilərin səsləri hesablanarkən seçki bülleteninin
qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış
hər bir seçki bülleteninə səsin etibarlılığını
yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri
və seçkilərin yekunları haqqında seçki komissiyasının
protokolu və digər seçki sənədləri ilə tanış
olmaq;
- səsvermənin təşkili ilə əlaqədar təklif və
iradlarla məntəqə seçki komissiyasının sədrinə,
o olmadıqda isə onu əvəz edən şəxsə müraciət
etmək;
- seçki komissiyalarının sənədlərinin, o cümlədən
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında protokolların, səsvermə günü seçki
komissiyasının işə başladığı və seçki qutularının
möhürləndiyi andan seçki komissiyaları tərəfindən
səsvermənin nəticələri haqqında protokolların
qəbul edilməsinədək seçki komissiyaları tərəfindən
tərtib edilmiş və ya onlara daxil olmuş qoşma
sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini
haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə
nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilən haqq ödənilməklə çıxarmaq və
ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası
adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir),
səsvermədə iştirak edən şəxslərin siyahısı ilə
tanış olmaq;
- müvafiq seçki komissiyalarında seçicilərin
səslərinin təkrar hesablanmasını müşahidə etmək;
- seçki sənədlərinin dairə seçki komissiyasına
və Mərkəzi Seçki Komissiyasına göndərilməsini
müşahidə etmək;
- beynəlxalq müşahidəçilər səsvermə günündən
sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması
və keçirilməsi ilə əlaqədar mətbuat konfransı
keçirə və kütləvi informasiya vasitələrinə müraciət
edə bilərlər;
- beynəlxalq müşahidəçilərin seçicilərlə, namizədlərlə,
qeydə alınmış namizədlərlə, seçki komissiyalarının
üzvləri, siyasi partiyaların, siyasi partiya
bloklarının səlahiyyətli nümayəndələri, qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiya bloklarının vəkil edilmiş şəxsləri ilə
görüşmək hüququ vardır;
- beynəlxalq müşahidəçi fəaliyyəti dövründə
tərcüməçi xidmətindən istifadə edə bilər.
Seçki proseslərində beynəlxalq müşahidəçilərə
tərcüməçilik xidmətləri göstərən şəxs Mərkəzi
Seçki Komissiyasına müraciət edir və müvafiq
ərizə formasını (Əlavə 3) doldurur. Ərizə formasında
tərcüməçilik xidmətləri göstərən şəxsin aşağıda
sadalanan məlumatları öz əksini tapılmalıdır:
- soyadı, adı, atasının adı;
- yaşayış yerinin ünvanı;
- şəxsiyyət vəsiqəsinin (və ya onu əvəz edən
sənədin) seriyası və nömrəsi;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə).
Mərkəzi Seçki Komissiyası
tərcüməçilik xidmətləri göstərən şəxsə müvafiq
lövhəcik (Əlavə 4) verir. Lövhəcikdə tərcüməçinin
fotoşəkli, adı, soyadı, atasının adı, şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası,
nömrəsi göstərilir. Tərcüməçinin səlahiyyət
müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı
gündən başlanır və seçkilərin ümumi nəticələrinin
rəsmi dərc edildiyi gün tamam olur.
Müşahidəçilərə aşağıdakı
hərəkətlər qadağan edilir:
- seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflər və seçki bülletenləri vermək;
- seçiciyə necə səs verəcəyi və necə səs verdiyi
haqqında sual vermək;
- seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
- seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni
alınması haqqında imza etmək;
- seçki komissiyalarının həlledici səs hüquqlu
üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında
birbaşa iştirak etmək;
- seçki komissiyalarının işinə maneə törədən
hərəkətlər etmək;
- seçicilər arasında təşviqat aparmaq;
- bu və ya digər namizədin, siyasi partiyanın
dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi
kimi qiymətləndirilə bilən hərəkətlər və ya
çağırışlar etmək;
- müvafiq seçki komissiyasının qərarlarının
qəbul olunmasına müdaxilə etmək;
- seçicilərin suallarına cavab vermək (öz statusu
ilə bağlı suallar istisna olmaqla).
Beynəlxalq müşahidəçilər
seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması
və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə
məşğul olmaq üçün öz statusundan istifadə edə
bilməzlər.
Beynəlxalq müşahidəçi qanunları, beynəlxalq
hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki
Komissiyası onun qeydiyyatını ləğv edə bilər.