Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
27 iyun 2003-cü il tarixli
4/28 saylı
qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin seçkiləri
üzrə dairə və məntəqə seçki komissiyaları üzvlərinə
əmək haqlarının ödənilməsi qaydaları haqqında
T Ə L İ M A T
Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 33-cü, 38-ci və 89-cu maddələrinə
uyğun olaraq dairə və məntəqə seçki komissiyalarının
üzvlərinə seçkilərin hazırlanması və keçirilməsi,
o cümlədən seçki komissiyalarının səlahiyyətləri
müddətində dövlət büdcəsindən pul təminatı ödənilir.
Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi
üçün lazım olan vəsaiti səsvermə gününə azı
90 gün qalmış dairə seçki komissiyalarına köçürür,
onlar da alınmış pul vəsaitini səsvermə gününə
azı 10 gün qalmış məntəqə seçki komissiyaları
arasında bölüşdürürlər. Əlavə seçkilər keçirilərkən,
seçkilərin vaxtında və ya tam maliyyələşdirilməsi
mümkün olmadıqda seçki komissiyaları vəsaiti
daxil olduqca bölüşdürür və köçürürlər.
Seçki komissiyalarının sədrləri seçkilərin hazırlanmasına
və keçirilməsinə ayrılmış vəsaitə dair sərəncam
verir və maliyyə sənədlərinin seçki komissiyasının
qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə
hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş
qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət
daşıyırlar.
Dairə seçki komissiyasının sədri və katibi öz
səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına
əmək haqqı alırlar. Dairə seçki komissiyasının
üzvləri seçkilərin təyin edilməsi haqqında səlahiyyətli
dövlət orqanının qərarının dərc edildiyi gündən
seçkilərin nəticələrinin dərc edildiyi günədək
dövlət büdcəsi hesabına pul təminatı alırlar.
Dairə seçki komissiyasının tərkibinə seçilən,
dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən
orqanlarda, təşkilatlarda və ya təsisatlarda
qulluq edən üzvün əsas iş yeri üzrə aldığı əmək
haqqı saxlanılır.
Dairə seçki komissiyası üzvünün seçkilər dövründə
seçki dəirəsinin ərazisində gediş-gəliş üçün
hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli
reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş
sənədləri təqdim olunduqda dairə seçki komissiyasının
ayırdığı vəsait hesabına ödənilir.
Dairə seçki komissiyaları bilavasitə seçkilərdən
əvvəl yaradılırsa, onlar səsvermə gününə azı
90 gün qalmış təşkil edilməli və onlara pul
təminatı təşkil edildikləri gündən etibarən
ödənilməlidir.
Məntəqə seçki komissiyasının sədri, katibi və
üzvləri seçkilərin təyin edilməsi haqqında səlahiyyətli
dövlət orqanının qərarının dərc edildiyi gündən
seçkilərin nəticələrinin dərc edildiyi günədək
olan müddətdə, habelə hər il seçici siyahılarının
hazırlandığı dövrdə dövlət büdcəsi hesabına
pul təminatı alırlar. Məntəqə seçki komissiyasının
tərkibinə seçilən dövlət və ya yerli büdcələrdən
maliyyələşdirilən orqanlarda, müəssisələrdə,
təşkilatlarda və ya təsisatlarda qulluq edən
şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.
Seçkilərin nəticələrinin dərc edildiyi gün,
Seçki Məcəlləsinin 203-cü maddəsinə müvafiq
olaraq, Prezident seçkilərinin nəticələri barədə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarının dərc edildiyi gün hesab olunur.
Məntəqə seçki komissiyasının 2-dən çox üzvü
bələdiyyə qulluğunda ola bilməz. Həmin üzvlər
məntəqə seçki komissiyasının işində yalnız seçkilər
dövründə iştirak edirlər və onların əsas iş
yerləri saxlanılır.
Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən
əvvəl yaradılırsa, onlar səsvermə gününə azı
40 gün qalmış təşkil edilməli və onlara pul
təminatı təşkil edildikləri gündən etibarən
ödənilməlidir.
Müvafiq seçki komissiyasının təqdimatı ilə seçkilərin
hazırlanması və keçirilməsi dövründə Seçki Məcəlləsinin
36.3-cü maddəsində göstərilən və bələdiyyə vəzifələrindən
azad edilməmiş məntəqə seçki komissiyasının
həlledici səs hüquqlu üzvünün işlədiyi yerdə
orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi
Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada
və həcmdə müvafiq seçki komissiyası tərəfindən
ona əlavə əmək haqqı ödənilir.
Nəqliyyat xərcləri, o cümlədən ucqar və yolu
çətin yerlərdə nəqliyyat xərcləri, həmçinin
seçkilərin keçirilməsi ilə bağlı ezamiyyət xərcləri,
eləcə də seçki komissiyalarının səlahiyyətləri
və fəaliyyəti ilə bağlı digər xərclər seçki
komissiyalarının işinin təmin edilməsi üçün
ayrılan vəsaitdən ödənilir.
Seçkilər müddətində dairə və məntəqə seçki komissiyalarının
işinə mülki müqavilə əsasında cəlb edilmiş ştatdankənar
işçilərə də əmək haqqı ödənilir.
Seçki komissiyalarına ayrılmış pul vəsaitindən
təyinatı üzrə istifadəsinə nəzarəti Mərkəzi
Seçki Komissiyasında, dairə seçki komissiyasında
yaradılmış nəzarət-təftiş xidmətləri, dairə
seçki komissiyalarının sədrləri həyata keçirirlər.
Seçkilərin hazırlanması və keçirilməsi üçün
ayrılmış vəsaitin daxil olması və xərclənməsi
haqqında seçki komissiyalarının Mərkəzi Seçki
Komissiyasına təqdim etdikləri hesabatlarda
seçki komissiyası üzvlərinin və komissiya aparatı
işçilərinin, mülki müqavilə üzrə komissiyada
işləməyə cəlb edilmiş ştatdankənar işçilərin
əmək haqlarının ödənilməsi də əks olunmalıdır.