. : TƏLİMATLAR


Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli
3/11 saylı qərarı ilə təsdiq edilmişdir.


Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında

Ə S A S N A M Ə

Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin seçkilərində, Milli Məclisin deputatlarının seçkilərində, referendumlarda və bələdiyyələrə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidmətinin hüquqi vəziyyətini, onun vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edir.


I. Ümumi müddəalar

1.1. Mərkəzi Seçki Komissiyasında nəzarət-təftiş xidməti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq yaradılır.
1.2. Nəzarət-təftiş xidmətinin tərkibinə Mərkəzi Seçki Komissiyasının üzvləri və onun aparatının əməkdaşları, müvafiq dövlət orqanlarının: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Milli Bankının, Azərbaycan Respublikasının Hesablama Palatasının nümayəndələri daxil edilir.
1.3. Nəzarət-təftiş xidməti Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının səlahiyyəti müddətinə təşkil olunur.
1.4. Nəzarət-təftiş xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Seçki Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını, Mərkəzi Seçki Komissiyasının qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
1.5. Nəzarət-təftiş xidmətinin rəsmi yazışmaları üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının blankından istifadə olunur.

II. Nəzarət-təftiş xidmətinin vəzifələri

2.1. Nəzarət-təftiş xidməti seçki komissiyalarına ayrılmış pul vəsaitindən təyinatı üzrə istifadə olunmasına, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və ondan istifadə olunmasına, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirir.

III . Nəzarət-təftiş xidmətinin funksiyaları

3.1. Mərkəzi Seçki Komissiyasının sədrinin tapşırığı ilə nəzarət-təftiş xidməti:
3.1.1. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının, aşağı seçki komissiyalarının maliyyə hesabatlarını yoxlayır;
3.1.2. Seçkilərin maliyyələşdirilməsində yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;
3.1.3. Seçkilərin maliyyələşdirilməsinin qanunvericiliyə uyğun aparılması ilə bağlı digər məsələləri yoxlayır;
3.1.4. Yoxlamaların nəticələri haqqında akt, yaxud arayış tərtib edir və Mərkəzi Seçki Komissiyasının sədrinə təqdim edir;

IV. Nəzarət-təftiş xidmətinin hüquqları

4.1. Nəzarət-təftiş xidməti aşağıdakı hüquqlara malikdir:
4.1.1. Seçki komissiyalarından, namizədlərdən, qeydə alınmış namizədlərdən, siyasi partiyalardan, siyasi partiyaların bloklarından, referendum üzrə təşviqat qruplarından öz səlahiyyətlərinə aid bütün məsələlər üzrə məlumat tələb etmək;
4.1.2. İcra hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, mülkiyyət formasından asılı olmayaraq təşkilatlardan, vətəndaşlardan nəzarət-təftiş xidmətinə aid məsələlər barəsində, seçkilərin maliyyə təminatı ilə əlaqədar olan zəruri məlumatlar almaq;
Nəzarət-təftiş xidmətinin müraciətləri üzrə cavab və materiallar 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü isə dərhal verilir;
4.1.3. Seçkilərin maliyyələşdirilməsində yol verdikləri pozuntulara görə vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyası qarşısında məsələ qaldırmaq.

V. Nəzarət - təftiş xidmətinin formalaşdırılması qaydası

5.1. Nəzarət-təftiş xidmətinin rəhbəri Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin və azad edilir.
5.2. Nəzarət-təftiş xidmətinin üzvləri müvafiq dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən xidmətin tərkibinə daxil edilirlər. Seçkilərin təyin olunması haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq nəzarət-təftiş xidmətinin tərkibinə daxil edilmək üçün müvafiq orqanlar tərəfindən Mərkəzi Seçki Komissiyasının sərəncamına azı 5 ay müddətinə müvafiq mütəxəssislər göndərilməlidir. Nəzarət-təftiş xidmətinin üzvləri əsas işlərindən azad edildikdə, əsas iş yerləri üzrə əmək haqları və digər ödənişlər saxlanılmaqla, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və həcmdə əlavə əmək haqqı alırlar.
5.3. Nəzarət-təftiş xidmətinin tərkibinə daxil edilən mütəxəssislər nəzarət-təftiş xidməti rəhbərinin təqdimatı əsasında Mərkəzi Seçki Komissiyası sədrinin sərəncamı ilə Mərkəzi Seçki Komissiyasının vəsaiti hesabına xidməti ezamiyyəyə göndərilə bilərlər.

VI. Nəzarət - təftiş xidməti rəhbərinin hüquq və vəzifələri

6.1. Nəzarət-təftiş xidmətinin rəhbəri:
6.1.1. Nəzarət-təftiş xidmətinin fəaliyyətini təşkil edir və onun fəaliyyəti barədə Mərkəzi Seçki Komissiyasına hesabat verir;
6.1.2. Nəzarət-təftiş xidmətinin tərkibinə daxil olan şəxslər və həmin xidmətin işinə cəlb olunan mütəxəssislər arasında vəzifə bölgüsü aparır, onlara tapşırıqlar verir və icrasına nəzarət edir.
6.1.3. Müvafiq idarə və təşkilatlara sorğular verir, məlumatlar alır.
6.1.4. Yoxlamaların keçirilməsi və ekspert rəylərinin hazırlanması üçün ekspertləri cəlb edir.

VII. Yekun müddəalar

7.1. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Mərkəzi Seçki Komissiyasının qərarları ilə edilə bilər.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası