Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
21 iyun 2003-cü il tarixli 3/08
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
R E Q L A M E N T İ
1. Ümumi
müddəalar
1.1. Bu Reqlament Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 28.1 maddəsinə uyğun olaraq Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan
sonra Mərkəzi Seçki Komissiyası adlandırılacaq)
iclaslarının keçirilməsi qaydalarını müəyyən
edir.
1.2. Mərkəzi Seçki Komissiyasının iclasları
bu Reqlament əsasında qurulur və aparılır.
1.3. Mərkəzi Seçki Komissiyasının üzvləri səlahiyyətləri
çərçivəsində Azərbaycan Respublikasının Seçki
Məcəlləsi ilə müəyyən olunmuş məsələləri iclasa
çıxarır və müvafiq qərarlar qəbul edir.
2. Mərkəzi
Seçki Komissiyası iclaslarının aparılmasının
ümumi qaydaları
2.1. Mərkəzi Seçki Komissiyası iclaslarının
keçirilməsi Mərkəzi Seçki Komissiyası sədrinin
təşəbbüsü ilə və ya Komissiya üzvlərinin azı
1/3 - nin tələbi ilə çağırılır.
Bu cür tələb Mərkəzi Seçki Komissiyasının sədrinə
ünvanlanan yazılı müraciət əsasında olmalıdır.
2.2. İclaslarda Mərkəzi Seçki Komissiyasının
sədri sədrlik edir.
2.3. Mərkəzi Seçki Komissiyasının iclaslarında
Komissiya Katibliyinin struktur bölmələrinin
rəhbərləri, ekspertlər, kütləvi informasiya
vasitələrinin nümayəndələri, həmçinin dəvət
olunmuş digər şəxslər də iştirak edə bilərlər.
Mərkəzi Seçki Komissiyasının iclaslarında Komissiyanın
əvəzedici üzvləri iclası müşahidə edə bilərlər.
3. Mərkəzi
Seçki Komissiyası iclaslarının keçirilməsi şərtləri
3.1. Mərkəzi Seçki Komissiyasının iclaslarında
məruzəçilərə 10 dəqiqəyədək, əlavə məruzə üçün
5 dəqiqəyədək, məsələlərin müzakirəsi üçün 5
dəqiqəyədək, müxtəlif sənəd layihələrinin müzakirəsi
üçün 5 dəqiqəyədək, arayış, müraciət və açıqlama
vermək üçün 3 dəqiqəyədək vaxt verilir.
3.2. Məsələnin mahiyyəti üzrə müzakirə üçün
yuxarıda göstərilən müddətləri Mərkəzi Seçki
Komissiyası üzvlərinin təklifi əsasında Mərkəzi
Seçki Komissiyasının sədri artıra bilər.
3.3. Mərkəzi Seçki Komissiyasının iclasları
Azərbaycan dilində keçirilir.
4. Mərkəzi
Seçki Komissiyası iclaslarının hazırlanması
4.1. Mərkəzi Seçki Komissiyasının iclasları
haqqında Komissiyanın üzvləri Komissiyanın sədri
tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl,
lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış
xəbərdar edilirlər. Mərkəzi Seçki Komissiyasının
iclasının vaxtı haqqında məlumat Komissiya üzvlərinə
yazılı formada və ya elektron kommunikasiya
vasitələri ilə şəxsən çatdırılır.
İclasın vaxtı haqqında məlumat səsverməyə 5
gündən az qalmışdırsa, 24 saat müddətində ,
səsvermə günü isə dərhal və şəxsən çatdırılır.
4.2. Mərkəzi Seçki Komissiyasının iclası onun
azı 10 üzvü iştirak etdikdə səlahiyyətli hesab
olunur.
4.3. Mərkəzi Seçki Komissiyasının iclaslarında
baxılan məsələlər üzrə, bir qayda olaraq, Mərkəzi
Seçki Komissiyasının katibləri məruzə edirlər.
Mərkəzi Seçki Komissiyasının sədri Komissiyanın
üzvləri arasından məruzəçi təyin edə bilər.
Məruzəçi lazımi sənəd və materialları toplayır,
məsələyə hərtərəfli, tam və obyektiv baxılması
üçün zəruri tədbirlər görür, məsələ üzrə məruzə
hazırlayır.
4.4. Mərkəzi Seçki Komissiyasının iclasları
başlananadək Mərkəzi Seçki Komissiyası Katibliyinin
Ümumi şöbəsi Komissiya üzvlərinin qeydiyyatını
aparır, əlavə məlumat barədə onları xəbərdar
edir və bu haqda Mərkəzi Seçki Komissiyasının
sədrinə məlumat verir.
5. Mərkəzi
Seçki Komissiyası iclasının təxirə salınması
və ya başqa vaxta keçirilməsi
5.1. İclasın gedişində sədrlik edən fasilə elan
edə bilər. Gündəliyə çıxarılan məsələləri bir
iş günü ərzində başa çatdırmaq mümkün olmadıqda
fasilə elan edilir və iclasın keçirilmə vaxtı
barədə məlumat verilir.
5.2. Aşağıdakı hallarda Mərkəzi Seçki Komissiyasının
iclası təxirə salına və ya başlanmış iclas başqa
vaxta keçirilə bilər:
- Mərkəzi Seçki Komissiyası üzvlərinin sayında
yetərsay olmadıqda;
- məsələyə hərtərəfli, tam və obyektiv baxılmasında
maraqlı subyekt, ekspert və digər şəxslərin
iştirakını təmin etmək mümkün olmadıqda;
- iclasla əlaqədar tələb olunan sənədlər və
materiallar Mərkəzi Seçki Komissiyasının üzvlərinə
qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə;
- Mərkəzi Seçki Komissiyasının iclasında baxılan
məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına
maneəçilik törədə biləcək başqa hallar olduqda;
5.3. Mərkəzi Seçki Komissiyasının iclasında
iştirak edən üzvlərin sayı Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 19.10-cu maddəsində göstərilənlərdən
azdırsa, iclas təxirə salınır və zəruri olan
məsələnin müzakirəsi üçün növbəti iclas (seçkilər
gününə 6 gün qalmışdan az müddət zamanı və səsvermə
günü ən azı 3 saat müddətində) çağırılır. Növbəti
iclas zamanı iclasda iştirak edən üzvlərin sayı
yenə də 2/3-dən az olarsa, bu zaman (seçkilər
gününə 6 gün qalmışdan az müddət zamanı və səsvermə
günü ən azı 3 saat müddətində) üçüncü iclas
çağırılır. Üçüncü iclasda yenə də üzvlərin ən
azı 2/3-si iştirak etməzsə, bu zaman Mərkəzi
Seçki Komissiyası iclasının səlahiyyətli olması
üçün iştirak edən üzvlərin sayı 2/3-dən yarıyadək
endirilir.
5.4. Azərbaycan Respublikası Seçki Məcəlləsində
qəbul edilməsi üçün son müddət nəzərdə tutulmuş
qərarların Mərkəzi Seçki Komissiyasında müzakirəsi
zamanı onların səsvermə yolu ilə bu Reqlamentin
8.5-cı bəndində göstərilən qaydada 3 dəfə qəbul
edilməsi mümkün olmazsa və yaranan fikir ayrılığı
aradan qaldırıla bilməzsə, bu zaman qərarın
qəbul edilməsi üçün lazım olan səs çoxluğu adi
səs çoxluğu ilə əvəz edilir.
6. Mərkəzi
Seçki Komissiyası iclasının aparılması qaydaları
6.1. Mərkəzi Seçki Komissiyasının iclaslarına
sədrlik edən:
- iclası açıq elan edir və gündəliyə çıxarılan
məsələlər haqqında Mərkəzi Seçki Komissiyasının
üzvlərinə məlumat verir və gündəliyə əlavələrin
olub - olmamasını aydınlaşdırır;
- iclasın gündəliyindəki məsələləri səsə qoyur,
onların müzakirəsini təşkil edir;
- Mərkəzi Seçki Komissiyasının üzvlərinə, həmçinin
dəvət edilmiş digər şəxslərə çıxış üçün növbə
gözləmək şərti ilə söz verir;
- Mərkəzi Seçki Komissiyası üzvlərinin və dəvət
olunmuş digər şəxslərin çıxış üçün bu Reqlamentə
əməl etmələrini təmin edir.
6.2. Məruzəçi və ya çıxış edən üzv çıxışında
gündəlikdə duran məsələlərdən kənara çıxdığı
halda, iclasda sədrlik edən müzakirə olunan
məsələnin mahiyyəti barədə danışmağın vacibliyini
ondan tələb edir.
6.3. Məruzəçi və ya çıxış edən üzv bu Reqlamentdən
kənara çıxdıqda sədrlik edən çıxışı kəsə bilər.
6.4. Mərkəzi Seçki Komissiyası iclasının gündəliyinə
daxil olan məsələlərin müzakirəsi başa çatdıqda
iclasa sədrlik edən iclası bağlı elan edir.
7. Mərkəzi
Seçki Komissiyası üzvlərinin iclasda hərəkətləri
7.1. Komissiya üzvləri aşağıdakıları tələb edə
bilərlər:
- iclasın keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq;
- iclasın gündəliyinə çıxarılan məsələlərlə
tanış olmaq;
- Mərkəzi Seçki Komissiyası Katibliyindən lazımi
arayış və məlumatlar əldə etmək;
- normativ sənədlərin layihələri ilə tanış olmaq;
- bu Reqlamentə uyğun çıxışlar və məruzələr
etmək, müzakirələrdə iştirak etmək;
7.2. Komissiya üzvləri aşağıdakılara riayət
etməlidirlər:
- xəstələnmə və digər üzürlü səbəblər istisna
olmaqla Mərkəzi Seçki Komissiyasının bütün iclaslarında
iştirak etmək;
- Mərkəzi Seçki Komissiyası sədrinin müəyyən
etdiyi iş bölgüsü əsasında fəaliyyət göstərmək;
- iclasa çıxarılan məsələlərlə bağlı məruzələrdə
iştirak etmək;
- bu Reqlamentin müddəalarına əməl etmək;
- çıxış üçün onlara ayrılmış vaxtdan səmərəli
istifadə etmək;
- etik normalara riayət etmək.
7.3. Mərkəzi Seçki Komissiyasının üzvü ona həvalə
edilən sənədləri hərtərəfli araşdırır və nəticəsi
barədə tərtib olunmuş arayışı qanunvericiliklə
müəyyən olunmuş qaydada Katibliyin Ümumi şöbəsinə
təqdim edir;
7.4. İclas zamanı Mərkəzi Seçki Komissiyası
üzvünün etik qaydalara riayət etməməsi, iclası
pozmağa cəhd göstərməsi, etiraz əlaməti olaraq
iclas zalını tərk etməsi kimi hərəkətlər yolverilməzdir.
Bu cür hərəkətlər qanun pozuntusu kimi qiymətləndirilir
və tədbir görülməsi üçün Komissiya üzvünü təyin
etmiş orqana məlumat verilir.
8. Mərkəzi
Seçki Komissiyasının iclaslarında səsvermə və
qərarların qəbuledilmə qaydaları
8.1. Mərkəzi Seçki Komissiyası qanunvericiliklə
səlahiyyətlərinə aid olan məsələlər üzrə qərarlar
qəbul edir.
Muzakirəyə çıxarılan məsələlərə baxılarkən Mərkəzi
Seçki Komissiyasının üzvləri əsas məruzəçini,
həmçinin əlavə məruzəçiləri dinləyir və layihə
ətrafında müzakirələr aparırlar.
8.2. Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən
əsas götürülmüş sənəd layihəsi bütövlükdə və
ya ayrı-ayrı maddələr üzrə müzakirə olunur,
lazım gəldikdə layihədə düzəlişlər edilir və
layihə bütövlükdə səsə qoyulur.
8.3. Səsvermə zamanı sənəd layihəsinə yalnız
Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən
düzəlişlər edilə bilər.
8.4. Səsvermədə Mərkəzi Seçki Komissiyasının
üzvü bir səsə malik olmaqla şəxsən səs verir.
8.5. Mərkəzi Seçki Komissiyasının qərarları
Mərkəzi Seçki Komissiyasının iclasında 10 üzv
iştirak etdikdə – azı 7 nəfərin səs coxluğu
ilə; 11 və ya 12 üzv iştirak etdikdə – azı 8
nəfərin səs çoxluğu ilə; 13 üzv iştirak etdikdə
– azı 9 nəfərin səs çoxluğu ilə; 14 və ya 15
üzv iştirak etdikdə – azı 10 nəfərin səs çoxluğu
ilə qəbul edilir.
8.6. Mərkəzi Seçki Komissiyasının qərarları
açıq səsvermə yolu ilə qəbul olunur.
8.7. Mərkəzi Seçki Komissiyasının qərarları
dərc olunduğu gündən qüvvəyə minir.
9. Mərkəzi
Seçki Komissiyası qərarlarının qəbul edilməsi
və iclas protokollarının təsdiq olunması
9.1. Mərkəzi Seçki Komissiyasının iclasında
səsverməyə qoyulan məsələnin nəticəsi Komissiyanın
sədri tərəfindən elan edilir və bu iclas protokoluna
daxil edilir.
9.2. Mərkəzi Seçki Komissiyasının qərarlarını
və iclasının protokollarını Komissiyanın sədri
və katibləri imzalayırlar.
Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda,
onları bu sənədə səs verən Komissiya üzvləri
imzalayırlar.
Mərkəzi Seçki Komissiyasının iclas protokolları
təsdiq olunmaq üçün içlasa ən azı 24 saat qalmış
(seçki günü isə gecikdirilmədən) Komissiya üzvlərinə
paylanır və Komissiyanın növbəti iclaslarının
birində qərarla təsdiq edilir (bu məsələ Komissiya
iclasının gündəliyinə birinçi məsələ kimi salınır).
9.3. Mərkəzi Seçki Komissiyasının qəbul edilmiş
qərarı ilə razılaşmayan Komissiya üzvləri yazılı
formada xüsusi rəy bildirə bilərlər və həmin
rəy Mərkəzi Seçki Komissiyasının iclas protokoluna
əlavə edilir.
9.4. Mərkəzi Seçki Komissiyasının Azərbaycan
Respublikası Prezidenti seçkilərinin yekunlarına
dair protokolu səsvermə günündən başlayaraq
ən geci 7 gün müddətində təsdiq edilməlidir.
9.5. Mərkəzi Seçki Komissiyasının referendumun
yekunlarına dair protokolu səsvermə günündən
başlayaraq ən geci 18 gün müddətində təsdiq
edilməlidir.
10.
Yekun müddəalar
10.1. Bu Reqlamentə əlavə və dəyişikliklər edilməsi
barədə təkliflərə Mərkəzi Seçki Komissiyasının
iclasında baxılır.
10.2. Reqlamentə əlavə və dəyişikliklər Mərkəzi
Seçki Komissiyasının qərarı ilə edilir.