. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

AZƏRBAYCAN RESPUBLİKASI SEÇKİ MƏCƏLLƏSİNİN
47.9-CU MADDƏSİNİN TƏTBİQİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 147-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci, 46.1-ci, 47.2-ci və 47.9-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

1. 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində istisna hal kimi Seçki Məcəlləsinin 47.2-ci və 47.9-cu maddələrinə əsasən, seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən seçici siyahılarına daxil edilməyən seçicilər məntəqə seçki komissiyası tərəfindən dəqiq araşdırılaraq, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində müvafiq məntəqə seçki komissiyasının ərazisində yaşaması faktı əsas götürülməklə, məntəqə seçki komissiyasının qərarı ilə seçici siyahılarına daxil edilirlər.
2. İzah edilsin ki, seçicilərin bu qaydada seçici siyahılarına daxil edilməsi məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına uyğun surətdə, Seçki Məcəlləsinin 46.10-cu maddəsinin tələbinə əməl olunmaqla “Seçici siyahısına əlavə” başlığı altında tərtib edilmiş cədvələ müvafiq qərarla qeyd edilir. Seçicinin bu qaydada seçici siyahılarına daxil edilməsi barədə məntəqə seçki komissiyasının qərarının surəti Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə daxil edilmək üçün dairə seçki komissiyasına təqdim edilir. Səsvermə günü seçici siyahılarına məhkəmənin qərarı istisna olmaqla, heç bir əlavə və dəyişiklik edilə bilməz.
3. Seçicilərin bu formada seçici siyahısına daxil edilməsi səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. “Seçici siyahısına əlavə” cədvəli komissiyanın sədr və katibləri tərəfindən imzalanır, katiblərdən biri bunu imzalamadıqda, onda bu sənədə səs verən Komissiya üzvləri tərəfindən imzalanır və seçici siyahılarına əlavə edilir (tikilir).

Qərar N 34/283
29 sentyabr 2003-cü il

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası